Axtar

2021.08.22 Vangelo di domenica

Liturgiya oxunuşları: 8 İYUL. Adi Dövrün XIV həftəsinin çərşənbəsi

"On iki həvari İsa ilə birlikdə Allahın Padşahlığının qurulmasında əməkdaşlıq etməli idi. Kilsə Məsihlə birlikdə həyat Padşahlığını qurmağa və ölümün hökmranlığını qovmağa çağırılıb ki, dünyada Allahın həyatı zəfər çalsın, məhəbbət olan Allah zəfər çalsın. Məsihin bu işi həmişə sakit şəkildə həyata keçir. Həqiqi həyatın böyük ağacı məhz Kilsə olmağın təvazökarlığında, İncilə sadiq həyat tərzində böyüyür" (XVI Benedikt).

BİRİNCİ OXUNUŞ Huşə 10,1-3.7-8.12

İsrail bir qollu-budaqlı meynədir ki, bol-bol bar gətirir. Ancaq barı artdıqca qurbangahları da artırdı. Torpağı bərəkətli olduqca daha gözəl olan müqəddəs daşları da düzəltdi. Onların ürəkləri yalanla doldu, günahlarına görə də cəzalanacaqlar. Rəbb onların qurbangahlarını dağıdacaq, müqəddəs daşlarını sındıracaq. Onda onlar deyəcək: «Bizim padşahımız yoxdur, çünki biz Rəbdən qorxmadıq. Padşahımız olsa da, bizə nə edəcəkdi?» Samariya və onun padşahı su üstündəki çubuq kimi axıb-gedəcək. İsrailin günahı olan Avendəki səcdəgahlar yox olacaq, onun qurbangahlarında tikan və qanqal bitəcək. O zaman dağlara «Bizi örtün!», təpələrə «Üstümüzə yıxılın!» deyəcəklər. Özünüz üçün salehlik əkin, məhəbbət bəhrəsini biçərsiniz. Dincə qoyulmuş torpağınızı şumlayın, çünki Rəbbi axtarmaq vaxtıdır. Nəhayət, O gəlib üstünüzə salehliyin nemətlərini yağdıracaq.

Təfsir

Huşənin peyğəmbərliyi İsrail tarixinin ən qaranlıq dövrlərindən birinə təsadüf edir: Aşur yürüşləri, ölkə daxilində baş verən qarışıqlıqlar (cəmi on beş il ərzində dörd padşahın qətlə yetirilməsi), mənəvi və dini tənəzzül. Onun bəyan etdiyi cəzalar heç vaxt səbəbsiz qəzəbin nəticəsi deyil. Huşə Allahın Öz xalqına olan məhəbbətini ər-arvad məhəbbəti ilə müqayisə edir. Buna görə də onun sərt ittihamları ilahi qəzəbdən daha çox, sevdiyinin sədaqətsizliyini görən bir həyat yoldaşının qəlbindən yüksələn kədəri, ağrını və iztirabı əks etdirir. Məgər Allah qısqanırmı? Bəli, qısqanır. Əlbəttə, bu antropomorfik dildir. Lakin qarşılıq görmək arzusu olmayan həqiqi məhəbbət yoxdur. Məhz bu mənada Allahın qısqanclığı müqəddəs və saleh qısqanclıqdır. Başqa bir peyğəmbər hətta Allahın dilindən belə deyəcək: «Bütün bu torpaq qısqanclığımın odu ilə yanıb məhv olacaq» (Sef 3,8). Allah başqa məbudlara dözmür. Çünki O bilir ki, yad xalqların bütləri həqiqi varlıqlar deyil, onların heç bir qüdrəti yoxdur; əslində onlar ümumiyyətlə mövcud deyillər. Əhdi-Cədid Huşə peyğəmbərə dəfələrlə müraciət edir. Çünki Allahla İsrail xalqı arasında, eləcə də Allahla hər bir insanın ruhu arasında baş verən tarix mahiyyət etibarilə məhəbbət tarixidir - həqiqi, alovlu, bütün varlığı əhatə edən və buna görə də qısqanc olan bir məhəbbətin tarixi.

İNCİL Matta 10,1-7

İsa On İki şagirdini yanına çağırıb onlara natəmiz ruhlar üzərində səlahiyyət verdi ki, bunları qovsunlar, hər cür xəstəliyə və hər cür naxoşluğa şəfa versinlər. Bu On İki həvarinin adları belədir: birincisi Peter adlanan Şimon və onun qardaşı Andrey, Zavday oğlu Yaqub və qardaşı Yəhya, Filip və Bartalmay, Tomas və vergiyığan Matta, Halfay oğlu Yaqub və Tadday,  Kənançı Şimon və İsaya xəyanət edən Yəhuda İskaryot. İsa həmin on iki nəfəri belə əmrlə göndərdi: «Başqa millətlərin arasına getməyin və Samariyalıların heç bir şəhərinə girməyin, amma İsrail xalqının itmiş qoyunlarının yanına gedin. Getdiyiniz yerlərdə “Səmavi Padşahlıq yaxınlaşıb” deyə vəz edin.

Təfsir

İsa ilk dəfə həvarilərini Öz adı ilə təbliğ etməyə göndərir və onlara cinləri qovmaq, xəstələrə şəfa vermək səlahiyyəti verir. Bu möcüzələr onların öz adlarından deyil, Allahın qüdrəti ilə danışdıqlarının və fəaliyyət göstərdiklərinin əlaməti idi. Bəs nə üçün İsa onlara Samariyaya getməyi qadağan edir? Məgər samariyalılar da bütün insanlar kimi xilas Müjdəsinə ehtiyac duymurdular? Burada Allahın tərbiyə üsulu özünü göstərir. Həvarilər hələ də samariyalılara, başqa xalqlara qarşı dərin kök salmış qərəzlərdən azad deyildilər. Onlar bu qədim düşüncə tərzini aşmağa hələ hazır deyildilər. Buna görə də İsa onları əvvəlcə İsrail xalqına göndərir. Lakin vaxt gələcək ki, onlar təkcə Samariyada deyil, bütün yer üzünün xalqları arasında Müjdəni bəyan edəcəklər. İsa sanki həvarilərinin insani zəifliklərini və məhdudiyyətlərini nəzərə alır. Onların qəlbini tamamilə dəyişdirəcək olan isə Müqəddəs Ruh olacaq. Məhz bundan sonra onların qarşısında artıq heç bir maneə qalmayacaq. Həqiqi azadlığa çatmaq zaman tələb edir; bu, tədricən baş verən bir inkişaf yoludur. Allah insandan hər şeyi bir anda bacarmağı tələb etmir. Lakin O, insanı məhz bu kamillik yoluna çağırır. Elə buna görə də Yəhudadan başqa bütün həvarilər İsrail sərhədlərini aşacaq, dünyanın dörd bir yanına gedəcək və İsa Məsihə olan məhəbbətlərinə görə şəhidlik tacını qəbul edəcəklər.

07 iyul 2026, 15:29