Axtar

Müqəddəs Monika Müqəddəs Monika   ((foto Wikimedia Commons))

Liturgiya oxunuşları: 27 AVQUST. Müq. Monika

“Ürəyimizi, Müqəddəs Ruhun bu qiymətli məskənini, qorumalıyıq ki, başqa ruhlar oraya daxil olmasın. Evlərimizi oğrulardan qorumaq üçün çoxsaylı təhlükəsizlik vasitələrindən istifadə edirik. Bəs ürəyimizi qorumaq üçün də eyni şeyi edirikmi? Yoxsa onun qapısını açıq qoyuruq? Gəlin ayıq-sayıq olaq, çünki şeytan, Vəftiz vasitəsilə qovulmuş olsa belə, gedib özündən daha şər olan başqa yeddi ruhu axtarır və onlarla birlikdə geri qayıdır” (Papa Fransisk).

Müqəddəs Hipponlu Avqustinin anası müqəddəs Monika 331-ci ildə anadan olmuş və 27 avqust 387-ci ildə vəfat etmişdir. O, ən məşhur müqəddəs analardan biridir və hər şeydən əvvəl dərin imanla dua edərək bütpərəst atasının yolu ilə gedib günah və ehtiraslar girdabına düşmüş oğlunun tövbə edib Allaha dönməsini diləməsi ilə xatırlanır. Avqustin daxilində dərin bir boşluq hiss edirdi və axtardığı dolğunluğu yalnız Məsihlə qarşılaşdıqdan sonra tapdı. O, əxlaqsız həyatını tərk etdi, xristianlığa zidd olan hər cür fəlsəfədən üz döndərdi və Katolik Kilsəsinin ən görkəmli yepiskop və mütəfəkkirlərindən birinə çevrildi. Bu köklü və bəhrəli dönüş baş verməzdən əvvəl Avqustinin həyat seçimi Monikaya dərin iztirab verirdi. Bir dəfə onun dərdinə şərik olan bir yepiskop qadına belə dedi: «Bu qədər göz yaşının övladı məhv ola bilməz». Bu sözlər sanki bir peyğəmbərlik kimi səsləndi. Sonralar müqəddəs Avqustin özü də anası haqqında belə deyəcəkdi: «Nəyəmsə, hər şeyə görə ona borcluyam». Bu hekayə bizə heç vaxt ümidimizi itirməməyi və sevdiyimiz insanları Allaha etibar etməyi öyrədir.

BİRİNCİ OXUNUŞ  1 Kor 1,1-9

Allahın iradəsi ilə Məsih İsanın həvarisi olmağa çağırılmış mən Pauldan və qardaşımız Sostendən Allahın Korinfdə olan imanlılar cəmiyyətinə salam! Siz Məsih İsada təqdis olunmusunuz. Rəbbimiz İsa Məsihin adını hər yerdə çağıran hamı ilə birlikdə müqəddəs olmağa çağırılmısınız. O həm onların, həm də bizim Rəbbimizdir. Atamız Allahdan və Rəbb İsa Məsihdən sizə lütf və sülh olsun! Allahın Məsih İsada sizə bəxş etdiyi lütfə görə sizin üçün həmişə Allahıma şükür edirəm. Çünki siz Məsihdə hər cəhətdən – hər cür sözdə və bilikdə zənginləşmisiniz. Buna görə Məsih haqqındakı şəhadətimiz sizdə təsdiqləndi. Bu səbəbdən siz Rəbbimiz İsa Məsihin zühurunu gözləyərək ruhani ənamdan heç bir korluq çəkmirsiniz. Rəbbimiz İsa Məsih Öz günündə nöqsansız olmanız üçün sizi sonadək qüvvətləndirəcək. Sizi Oğlu Rəbbimiz İsa Məsihlə şərik olmağa çağıran Allah sadiqdir.

Təfsir

Biz Korinflilərə Birinci Məktubu oxumağa başlayırıq və bu məktub qarşıdakı günlərdə həftəiçi Messalarda bizi müşayiət edəcək. Həvarinin sevimli yunan icmasını salamlayarkən nümayiş etdirdiyi ruh genişliyi heyranedicidir: o, yalnız Korinf xristianlarının həmin andakı həyatına aid salamlarla kifayətlənmir, mövzunu Məsihin İkinci gəlişinə - «Parusiyaya» qədər genişləndirir. Kilsə müqəddəs tarixi daim minnətdarlıqla xatırlayaraq və İkinci gəlişi - «Rəbbin gününü» gözləyərək yaşayır. Onun nə vaxt gələcəyini bilmədiyimiz üçün hər zaman bu günə hazır olmalı və Allaha sadiq qalmalıyıq. Bu gün isə bu ölçü böyük dərəcədə itirilib: insanlar dirilmiş Məsihin İkinci gəlişinin nə yaxın, nə də uzaq bir ehtimalı varmış kimi yaşayırlar. Çox vaxt esxatoloji gözləntinin özü belə yox olur. İlk xristianlar isə durmadan: «Maran-ata!» (1 Kor 16,22), yəni «Bəli, gəl, ya Rəbb İsa!» (Vəhy 22,20) - deyə səslənirdilər. Onlar «dünyanın sonunu» arzulayırdılar, çünki bəşəriyyətin həqiqi məqsədi əbədi həyatda gerçəkləşən Allahın Padşahlığıdır.

İNCİL Matta 24, 42-51

Ona görə də oyaq olun. Çünki Rəbbinizin hansı gün gələcəyini bilmirsiniz. Amma bunu bilin ki, əgər evin yiyəsi oğrunun gecə hansı saatda gələcəyini bilsəydi, oyaq qalıb evinin yarılmasına imkan verməzdi. Buna görə siz də hazır olun, çünki Bəşər Oğlu gözləmədiyiniz vaxt gələcək. Vaxtlı-vaxtında onlara yemək vermək üçün ağasının öz nökərləri üzərinə qoyduğu sadiq və ağıllı qul kimdir? 46 Nə bəxtiyardır o qul ki, ağası evinə qayıdanda onu iş başında görür! Sizə doğrusunu deyirəm: ağası bu qula bütün əmlakı üzərində idarəçiliyi tapşıracaq. Amma həmin qul pis olub ürəyində “ağam gec gələcək” deyərsə, öz yoldaşlarını döyməyə və əyyaşlarla yeyib-içməyə başlayarsa, o qulun ağası onun gözləmədiyi gün və ağlına gəlmədiyi vaxt gələcək, ona ağır cəza verəcək və onu ikiüzlülərlə bir yerdə saxlayacaq. Orada ağlaşma və diş qıcırtısı olacaq.

Təfsir

Bugünkü İncil parçasını iki müstəvidə oxumaq olar: bunlardan biri hər birimizin şəxsi həyatına, digəri isə Kilsənin və bütün bəşəriyyətin tarixinə aiddir. İlk əsrlərin xristian və rahiblik mənəviyyatında ölümün xatırlanması daim mövcud idi; lakin bu, yalnız təmkinə, sadə və təvazökar həyata çağırış deyil, həm də canlı bir ümid idi. Ölümü Məsihin səadətinə qovuşmaq kimi düşünmək, əslində, insana təsəlli verir və onu fəzilətli yaşamağa sövq edir. Lakin burada ikinci bir ölçü də var -  dünyanın sonu, Məsihin Qiyamət günü üçün izzət içində gəlişi haqqında xəbər. Bu nə zaman baş verəcək? Biz bilmirik. Bu, hətta sabah səhər də baş verə bilər. Əgər belədirsə, bəs yer üzündəki həyatımızda ümid bağladığımız bütün qayğılarımızın, planlarımızın və nailiyyətlərimizin aqibəti necə olacaq? Buna görə də bu iki daxili yönəlişi hər zaman özümüzdə yaşatmaq doğrudur. Ən yaxşısı indiki zamanda, bizə bəxş edilmiş bu anda yaşamaq və həmin anda dirilmiş Məsihin varlığını göstərməkdir. Çünki biz Allahı keçmişdə tapa bilmərik,  zamanı geri qaytara bilmirik; Onu gələcəkdə də tapa bilmərik, çünki sabahın gəlib-gəlməyəcəyini belə bilmirik. Biz Onunla indiki əməldə, «burada və indi» anında qarşılaşırıq.

26 avqust 2026, 19:30