Liturgiya oxunuşları: 29 AVQUST. Müq. Vəftizçi Yəhyanın şəhidliyi
29 avqustda Kilsə müqəddəs Vəftizçi Yəhyanın şəhidliyini yad edir. Məsihin gəlişini müjdələyən sonuncu peyğəmbər və İsanın qohumu olan Vəftizçi Yəhya həqiqətə şəhadət verir və şəri ifşa edirdi. O, nikahın pozulmazlığını müdafiə edir və hökmdar Hirodu zinadan çəkindirərək ona qardaşının arvadı Hirodianı yanında saxlamağa haqqı olmadığını söyləyirdi. Bu isə «narahatlıq yaradan» peyğəmbərə qarşı həmin qadının amansız nifrətinə səbəb oldu və o, Yəhyanın ölümünü istədi. Hirodu və qonaqlarını valeh edən rəqsin müqabilində veriləcək mükafat olaraq qızına Yəhyanın başını istəməyi məhz Hirodia məsləhət gördü (Mark 6,14-29). Latın Kilsəsində Vəftizçi Yəhyanın şəhidliyinin yad edilməsinin kökləri Fransada V əsrə, Romada isə VI əsrə gedib çıxır. Bu anım, Samariyada Rəbbin Sələfinin məzarının yerləşdiyi güman edilən yerdə tikilmiş kilsənin təqdis edilməsi ilə bağlı idi. 29 avqust tarixi isə sonradan Romaya gətirilmiş müqəddəs Vəftizçi Yəhyanın başının tapılmasının xatirəsinə liturgik təqvimdə təsbit edilmişdir.
BİRİNCİ OXUNUŞ Yer 1,17-19
Sən belini qurşayıb qalx, sənə əmr edəcəyim bütün şeyləri onlara söylə. Onlardan qorxma, yoxsa Mən də səni onların önündə qorxuya salacağam. Budur, Mən bu gün səni bütün ölkənin – Yəhuda padşahlarının, bu yerin başçılarının, kahinlərinin və ölkə xalqının əleyhinə qalalı şəhər, dəmir sütun və tunc divar etdim. Onlar səninlə vuruşacaq, ancaq gücləri çatmayacaq, çünki səni qurtarmaq üçün Mən səninlə olacağam» Rəbb belə bəyan edir.
Təfsir
Rəbb Yeremyanı göndərir, lakin ona asan uğurlar, şərəf, mükafat və yüksək məqamlar vəd etmir. O, yalnız peyğəmbərlə birlikdə olacağını və düşmənləri ona nə etsələr də, əslində ona zərər yetirə bilməyəcəklərini söyləyir, çünki Uca Allah onu möhkəmləndirilmiş tunc divara çevirəcək. Bu divara zərbə vurmaq olar, lakin o, bunu heç «hiss etməyəcək». Əlbəttə, bir insan kimi bizi yaralaya, əzab çəkməyə məcbur edə, hətta öldürə bilərlər. Lakin mahiyyət etibarilə bizə heç nə edə bilməzlər, çünki hətta ölüm belə Allahla birliyimizi poza bilmir; əksinə, şəhidlikdə bu birlik izzətlənir və daha da möhkəmlənir. İmanımıza görə əzab və ya təqiblərə məruz qalarkən, bütün bunlara dözərək, bizə aşkar ediləcək izzət haqqında düşünək. Biz nəinki özümüz mükafat alacağıq, hətta bəlkə də bizi incidən insanı salehlik yoluna yönəldə biləcəyik. Müqəddəs Stefanla Şaul arasında baş verdiyi kimi. Şəhidlərin xatirəsinə edilən Səhər duasının himnində Kilsə belə oxuyur: «Budur, həqiqi Günəş doğur, Məsihin əzabları zəfər çalır, Xaçın nişanəsi parlayır, ilahi həqiqət hökmranlıq edir. Ey müqəddəs şəhidlər, bu qələbə sizin möcüzələrinizin, çəkdiyiniz iztirab və zəhmətlərin, həyatınızın və ölümünüzün bəhrəsidir».
İNCİL Мark 6,17-29
Hirod qardaşı Filipin arvadı Hirodiyaya görə Yəhyanı tutduraraq qollarını qandalladıb zindana saldırmışdı. Çünki Hirod Hirodiyanı özünə arvad olaraq almışdı və Yəhya Hiroda demişdi: «Qardaşının arvadını almaq sənə qadağandır». Hirodiya Yəhyaya qarşı kin saxlayıb onu öldürmək niyyətinə düşmüşdü, amma bunu edə bilmirdi. Çünki Hirod Yəhyanın saleh və müqəddəs bir adam olduğunu bildiyinə görə ondan qorxub onu qoruyurdu. Hirod ona qulaq asanda çaşqınlığa düşdü, buna baxmayaraq, onu həvəslə dinləyirdi. Bir gün Hirodiyanın əlinə yaxşı bir fürsət düşdü. Hirod ad günündə əyanlarına, minbaşılara və Qalileyanın nüfuzlu şəxslərinə ziyafət verdi. Ziyafət zamanı Hirodiyanın qızı‡ içəri daxil olub rəqs etdi. Bu, Hirodun və qonaqlarının xoşuna gəldi. Padşah qıza dedi: «Ürəyin istəyəni məndən dilə, mən də sənə verim». Sonra möhkəm and içərək yenə dedi: «Məndən hər nə istəsən, hətta padşahlığımın yarısını belə, istəsən, sənə verəcəyəm». Qız isə çıxıb anasından soruşdu: «Mən nə istəməliyəm?» O cavab verdi: «Vəftiz edən Yəhyanın başını». Qız o saat padşahın yanına qaçdı və öz istəyini dedi: «İstəyirəm ki, Vəftizçi Yəhyanın başını dərhal bir sini içində mənə verəsən». Padşahı dərin kədər bürüdü, amma içdiyi andlara və qonaqlara görə qızın sözünü yerə salmaq istəmədi. Padşah dərhal bir cəllad göndərib Yəhyanın başını gətirməyi əmr etdi. Cəllad gedib zindanda Yəhyanın boynunu vurdu və onun başını bir sini içində gətirib qıza verdi. Qız da onu anasına verdi. Yəhyanın şagirdləri isə bunu eşidəndə gəlib onun cəsədini götürdülər və qəbirə qoydular.
Təfsir
Vəftizçi Yəhya «Sələf» adlandırılır və bütün həyatı ilə Məsihin həyatını əvvəlcədən göstərir. Hələ başlanğıcda, ana bətnində ikən Onu sevinclə salamlayır; böyüdükdən sonra isə uzun illər gizli həyat sürür: Yəhya səhrada, İsa isə Nazaretdəki evində. Sonra Yəhya təbliğə başlayır və tövbənin zəruriliyini bəyan edir. İsa da Öz xidmətinin ilk dövrlərində İsrail yollarını dolaşaraq eyni şəkildə təbliğ edəcək. Vəftizçi Yəhya İordan çayının sahilində İsa ilə qarşılaşır və o ana qədər heç kimin bilmədiyi missiyasını aşkar edir: «Budur, dünyanın günahını Öz üzərinə götürən Allahın Quzusu» (Yəh 1,29). İsa onun peyğəmbərliyini qəbul edir və onun əlindən vəftiz olunur. Yalnız sonuncu halqa - ölüm çatışmırdı. Yəhya öz çağırışına sadiq qaldığına, həqiqəti bəyan etdiyinə görə ölür. O, şəhidlik axtarmır: başını kəsməyə gələndə nə rəqsdən, nə də Hirodun ağılsızcasına verdiyi vəddən xəbəri var. Sələf bunların heç birini bilmir, lakin hazırdır. Biz də xristianlar olaraq Rəbbin həyatının mərhələlərindən keçməyə çağırılmışıq və sabah imanımıza görə başımızın kəsiləcəyini, yoxsa başqa sınaqlara məruz qalacağımızı bilmirik. Buna görə də gələcək olanı aramlıqla gözləyək və Müqəddəs Messada dediyimiz kimi nəzərlərimizi yuxarı qaldıraq: «Ürəklərimizi yüksəldək!»