Anna Medeossi: Mübarək Məryəm dialoq üçün bir yoldur
Eucenio Murrali və Andrea Tornielli tərəfindən - Rimini
Anna Medeossinin baxışlarında canlılıq və qətiyyət, səsində və davranışlarında həlimlik, şəxsiyyətində isə həm təvazökar, həm də dərin bir müdriklik hiss olunur. Əslən İtaliyanın Qoritsiya şəhərindən olan memar, yəqin ki, bir il bundan əvvəl həyatın onu hansı vəzifəyə çağıracağını heç təsəvvür belə edə bilməzdi: o, dünyada ziyarətgahın rektoru vəzifəsini yerinə yetirən ilk qadın oldu. Bu fakt ziyarətgahın yerləşdiyi məkan nəzərə alındıqda daha böyük əhəmiyyət kəsb edir: söhbət əhalisinin böyük əksəriyyəti müsəlman olan Əlcəzairin Oran şəhərindəki Mübarək Məryəmə həsr olunmuş “Notre-Dame de Santa Cruz” ziyarətgahından gedir. Onun rəhbərlik etdiyi ziyarətgahın görüntüləri Əlcəzair Şəhidlərinin beatifikasiyası münasibətilə bütün dünyaya yayılmışdı.
Memarlıqdan ziyarətgah başçısına qədər gedən yol
O, “Santa Cruz”-a, təqdis olunmuş bakirə kimi yaşadığı Oran Yeparxiyasına ziyarətgah başçısı kimi deyil, memar kimi gəlmişdir.
“Əslində mən Notre-Dame de Santa Cruz-a memar kimi gəlmişdim”, - deyə o izah edir. “2017-ci ildə Oran yepiskopu Jan-Polun ziyarətgahın bərpasına kömək etmək barədə müraciətinə cavab olaraq buraya gəldim”. Yepiskop Jan-Pol bu gün Əlcəzair arxiyepiskopu kardinal Jan-Pol Veskodur. Həmin bərpa layihəsi artıq doqquz ildir davam edən bir əməkdaşlığın başlanğıcını qoydu. “Mən həmçinin bərpa olunmuş ziyarətgahın açılışı ilə eyni vaxta təsadüf edən Əlcəzair Şəhidlərinin beatifikasiya mərasiminin təşkilinə də kömək etdim”.
Onun bu vəzifəyə təyin olunması praktiki zərurətdən irəli gəlirdi. Medeossinin sözlərinə görə, “Santa Cruz” ziyarətgahının əvvəllər heç vaxt başçısı olmayıb, lakin zaman keçdikcə burada daimi olaraq yaşayan, ziyarətgahın qayğısına qalan bir şəxsin olmasına ehtiyac getdikcə daha çox hiss edilirdi.
Sülh içində birgə yaşayış
“Santa Cruz” ziyarətgahının özünəməxsus həyat ritmi var. Burada ildə bir dəfə yeparxiya ziyarəti keçirilir və «hər şey qaydasında gedəndə» ayda bir dəfə Müqəddəs Messa qeyd olunur. Qalan vaxtlarda isə ziyarətgaha gələnlərin böyük əksəriyyətini müsəlmanlar təşkil edir.
“Bu, müsəlmanların da ziyarət etdiyi bir ziyarətgahdır”, - deyə o izah edir. “Yay aylarında və həftə sonlarında onlar buraya onlarla, hətta yüzlərlə gəlirlər. Buna görə də onları qarşılamaq, kilsənin nə olduğunu kəşf etmələrinə kömək etmək, bizim bir-birimizə bacı-qardaş olduğumuzu göstərmək və dünyaya sülh içində birgə yaşamağın mümkün olduğuna şəhadət vermək üçün burada bir insanın olması vacibdir”.
Ziyarətgahın qarşısındakı meydan da bu missiyanın rəmzinə çevrilib. Meydanın adı dəyişdirilərək Esplanade du vivre ensemble en paix – “Sülh içində birgəyaşayış meydanı” adlandırılıb. Bu ad Birləşmiş Millətlər Təşkilatının həmin mövzuya həsr olunmuş beynəlxalq günü təsis etməsindən bir il sonra verilib.
Mübarək Məryəm - dialoqa aparan yoldur
“Ziyarətgah müstəmləkəçilik dövründə tikilib. O, həmin dövrdən qalmış bir xarabalıq, ağrılı xatirələrlə bağlı bir məkan olaraq qala bilərdi. Lakin əksinə, bu yer Oran sakinlərinin çox sevdiyi bir məkana çevrilib. O, gələcəyə doğru birlikdə gedə biləcəyimiz yolun bir nişanəsidir».
Bu, ümid əlamətidir.
Papa Leonun Əlcəzairdə keçirdiyi ekumenik və dinlərarası dua görüşü şəhərin “Notre-Dame d’Afrique” – “Afrikanın Xanımı Məryəm” bazilikasında keçirilmişdir. Həmin bazilikanın altar hissəsindəki yazı insanları müsəlman bacı-qardaşları üçün dua etməyə çağırır. Həmçinin, Papa XVI Benediktin Türkiyədəki Məryəm Ana Evi ziyarətgahına səfərinin xatirəsi də Məryəmin rolu haqqında düşünməyə vadar edir. Həmin ziyarətgahda dua edənlərin əksəriyyətini müsəlmanlar təşkil edir.
“Məryəm, şübhəsiz ki, dialoqa aparan bir yoldur” - xanım Medeossi qeyd edir. “Çünki müsəlman ənənəsində də ona ehtiram göstərilir. Əslində, “Santa Cruz” ziyarətgahına gələnlərin çoxu buraya sadəcə turist kimi gəlir. Bura Oran şəhərinin yüksəkliyində yerləşən, şəhərə möhtəşəm mənzərə açan çox gözəl bir məkandır”.
Beləliklə, gözəlliyin özü də görüş və qarşılaşma vasitəsinə çevrilir.
“Məkanın, o cümlədən ibadətgahın daxili gözəlliyinin və ətrafdakı mənzərənin doğurduğu heyrətin insanlara dialoqa başlamağa və daxili sülh tapmağa necə kömək etdiyini görmək çox gözəldir”.
Gündəlik həyatda qardaşlıq
“Mən müsəlmanlarla birlikdə işləyirəm”, - deyə ziyarətgahın başçısı davam edir. “Ziyarətgahdakı bütün rəsmlər, Məryəmin həyatından bütün səhnələr müsəlman əlcəzairli qadın rəssamlar tərəfindən çəkilib. Bütün təmir və baxım işləri də daxil olmaqla, gündəlik fəaliyyətimi yerli şirkətlərlə birlikdə həyata keçirirəm. Məncə, qardaşlıq elə buradan da başlayır. Onlar əməkdaşlığa və kilsədə işləməyə razılıq verirlər. Bunu öz-özlüyündə adi bir şey kimi qəbul etmək olmaz». Bu cür münasibət adət etdiyimiz təsəvvürü müəyyən mənada dəyişdirir.
“Məni çox vaxt təəccübləndirən onların bu sözləri olur: bəli, bu kilsə və Əlcəzairdə xristianların mövcudluğu dünya üçün bir nişanədir, müsəlman ölkəsi olan Əlcəzairin sülhsevər, tolerantlıq arzulayan bir xalq olduğunun nişanəsidir”.
Dinləməyə hazır olmaq
Xanım Medeossi üçün əsas olan imana konkret həyatla şəhadət verməkdir.
“Fikrimcə, biz imanımıza burada da Avropada və ya dünyanın hər hansı başqa yerində olduğu kimi özümüz olaraq qalmaqla və qarşımızdakı insanla münasibəti İncil üzərində qurmağa çalışmaqla şəhadət veririk. Sözlərlə deyil, əməllərlə”.
Onun sözlərinə görə, Əlcəzairdə yaşamaq insanı daim inkişaf etməyə sövq edir, çünki burada dinləməyi bacarmaq lazımdır.
“Qarşındakı insanın sənə nə dediyini və onun sanki güzgü kimi sənə əks etdirdiyi öz surətini dinləməlisən. Bilməlisən ki, sən həmişə məhəbbətinə görə mühakimə olunursan. İnsanlar səmimi danışıb-danışmadığını, təbəssüm edib-etmədiyini və onları anlayıb-anlamadığını hiss edirlər”. Bu, ortaq insanlıqda birlikdə keçilən bir yoldur.
“İmana şəhadət vermək - fərqlərimizə dərin hörmət bəsləyərək insanlıqda birlikdə böyüməyə çalışmaq deməkdir. İnsanlar bir-biri ilə səmimi və açıq danışa bildikdə gözəl dostluqlar yaranır”.
Mərhəmət - həqiqi realizm kimi
Papa Leonun Rimini Görüşündə söylədiyi və silahlanmaya, düşmənə qarşı ədavətə çağıranların “saxta realizmi” ilə məhəbbət və mərhəmətin “həqiqi realizmini” qarşı-qarşıya qoyduğu çıxışını xatırlayan xanım Medeossi deyir: “Mən həmçinin böyük mərhəmət tələb edən kiçik, gündəlik əməllər haqqında düşündüm. Hər şey məhz buradan başlayır. Ziyarətgahın başçısı kimi mənim üçün bu, turistləri qarşılamaqdan başlayır. İnsanlar çox vaxt elə hərəkətlər edirlər ki, adama yalnız sərt baxışla onları danlamaq və bəlkə də hirslənmək qalır. Lakin mərhəmət yolunu seçmək və deyiləsi sözü başqa cür ifadə etməyə çalışmaq çox vaxt insanların qəlbinə gedən yolu açır. Hər şey belə başlanır - bir mərhəmət anı ilə”.