Papa: Süni intellektin inkişafı dialoq körpüləri qurmalı və qardaşlığı təşviq etməlidir
İzabella H. De Karvalho tərəfindən
Papa XIV Leo İsveçrənin Cenevrə şəhərində 8-11 iyul tarixlərində keçirilən “Süni İntellekt – Xeyir üçün” Sammitinin iştirakçılarına göndərdiyi müraciətdə ölkələri süni intellektin inkişafı və istifadəsi üçün ümumi xeyirə əsaslanan çərçivələr və qaydalar hazırlamağa çağırıb.
Dövlət Katibi kardinal Pietro Parol tərəfindən imzalanmış müraciətdə belə deyilir:
“Bu fürsətdən istifadə edərək sizi etik aydınlıq axtarmağa və insan şəxsiyyətinin ayrılmaz ləyaqəti və əsas azadlıqları prinsipləri üzərində qurulan, yerli və qlobal səviyyədə əlaqələndirilmiş süni intellektin idarəetməsini formalaşdırmağa təşviq etmək istəyirəm”.
Bu sammit Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) tərəfindən təşkil olunub və İsveçrə hökumətinin ev sahibliyi ilə keçirilir. Tədbirdə hökumət nümayəndələri, texnologiya liderləri, alimlər və süni intellektlə maraqlanan və bu sahədə çalışan insanlar iştirak ediblər.
Papa müraciətində vurğulayıb ki, bu “böyük yenilik dövründə”, bir çox insanın “insan olmaq nə deməkdir” sualı üzərində düşündüyü bir zamanda, dünya “süni intellektin yaratdığı rəqəmsal inqilabın böyük potensialı ilə qarşı-qarşıya gələn bir yol ayrıcında” dayanır.
Süni intellekt etik idarəetmə və qaydalara ehtiyac duyur
Papa müraciətində qeyd edir: “Süni intellekt texniki alqoritmik qərarlarla bir çox vəziyyətə özbaşına uyğunlaşmaq qabiliyyəti əldə etdikcə, onun antropoloji və etik təsirlərini, təhlükə altında olan dəyərləri və bu dəyərləri qorumaq üçün lazım olan məsuliyyətləri və normativ çərçivələri nəzərə almaq vacibdir.”
O vurğulayır ki, “süni intellektin etik istifadəsinə görə məsuliyyət bu texnologiyanı hazırlayan, idarə edən və nəzarət edən insanlardan başlayır,” amma istifadəçilər də bu məsuliyyəti paylaşmalıdır. Süni intellekt “yalnız fayda və səmərəlilik meyarları ilə kifayətlənməyən, insan şəxsiyyəti mərkəzli düzgün etik idarəetmə və tənzimləmə çərçivələri tələb edir,” – deyə Papa qeyd edir.
Dinc cəmiyyətlər qurmaq
Papa Leo müqəddəs Avqustinin “nizamın sakitliyi” anlayışına istinad edərək bildirir ki, bu, ortaq məqsəd olmalıdır və süni intellekt “insani sosial münasibətlərin daha nizamlı bir quruluşunu” və “bütün insan ailəsinin rifahı və tam inkişafı üçün sülh dolu və ədalətli cəmiyyətləri” təşviq etməlidir.
Papa xəbərdarlıq edir ki, süni intellekt insan düşüncəsini təqlid edə, işləri tez və səmərəli yerinə yetirə və “təhsil, əmək, incəsənət, səhiyyə, idarəçilik, ordu və kommunikasiya” sahələrini dəyişdirə bilər, amma “əxlaqi düşünmək qabiliyyətini və səmimi münasibət qurmaq bacarığını təqlid edə bilməz”.
Onun fikrincə, bu texnologiyanın inkişafı “insani və sosial dəyərlərə hörmətlə, vicdanla qərar vermək bacarığı ilə və insan məsuliyyətinin artması ilə yanaşı getməlidir”. Süni intellekt “ümumi xeyir üçün inkişaf etdirilməli və istifadə olunmalıdır; bu isə dialoq körpüləri qurmağı və qardaşlığı təşviq etməyi tələb edir” – deyə Papa çağırış edib. Süni intellekt “bütün bəşəriyyətin maraqlarına xidmət etməlidir.”
