Papa XIV Leo: Dinlər nifaq deyil, şəfa mənbəyidir
Devin Uotkins tərəfindən
Dünyanın müxtəlif ölkələrindən olan dini liderlər Qazaxıstanın paytaxtı Astanada 17-18 sentyabr 2025-ci il tarixlərində keçirilən Dünya və Ənənəvi Dinlərin Liderlərinin VIII Qurultayına toplaşıblar.
Papa XIV Leo-nun müraciəti bir neçə dildə "sülh olsun" diləyi ilə başlayıb.
Papa bildirib ki, dini liderlər ağır münaqişələrlə səciyələnən bir zamanda “parçalanmış və yaralı dünyamıza şəfa gətirmək üçün ümumi arzumuzda birləşərək dostluğu yeniləmək və yeni dostluq bağları qurmaq” üçün bir araya gəliblər.
Tədbirin “Dinlərin dialoqu: Gələcək üçün sinerji” mövzusu üzərində dayanan Papa Leo qeyd edib ki, hər bir həqiqi dini impuls dialoqu və əməkdaşlığı inkişaf etdirməyə çalışır, çünki onlar sərhədləri aşır və insanları hər yerdə birləşdirir.
"Harmoniyada birgə işləmək sadəcə praqmatik seçim deyil, reallığın daha dərin ölçüsünün əksidir. Deməli, həmrəylik - fəaliyyətdə olan sinerjidir: qlobal miqyasda qonşumuzu özümüz kimi sevməyin canlı ifadəsidir.”, müraciətdə deyilir.
Dinlərarası əməkdaşlıq fərqləri silmir, əksinə, imanlıları müxtəliflikdən zənginləşmə mənbəyi kimi istifadə etməyə sövq edir.
Papa xatırladıb ki, II Vatikan Məclisi 1965-ci ildə qəbul etdiyi “Nostra Aetate” bəyannaməsində Katolik Kilsəsinin digər dinlərdə “həqiqi və müqəddəs” olan hər şeyə hörmət və ehtiramını təsdiqləyib.
Papa deyir: "Kilsə, hər bir ənənənin fərqli ənamlarını görüş masasına gətirərək həqiqi sinerjini inkişaf etdirməyə çalışır. Burada hər bir inanc ümumi rifaha xidmət etmək üçün özünəməxsus hikmət və şəfqətini bəxş edir”.
Papa xatırladıb ki, sələfi Papa Fransisk 2022-ci ilin sentyabrında Astanada keçirilən əvvəlki Qurultayda iştirak etmişdir. Həmin Qurultayda dini liderlər zorakılığı pisləyib və qaçqınlara qayğı göstərməyin və sülh üçün çalışmağın vacibliyini vurğulamışdılar.
Roma Papası XIV Leo bütün dinlərin liderlərini “iman parçalamaqdan daha çox birləşdirir” həqiqətinə şəhadət edərək, “sülh, qardaşlıq və həmrəylik gələcəyi” qurmaq üçün öhdəlik götürməyə çağırıb.
"Sinerji bütün bəşəriyyət üçün güclü ümid əlamətinə çevrilir və dinin mahiyyətcə münaqişə mənbəyi olmadığını, şəfa və barışıq mənbəyi olduğunu göstərir."
Sonda Papa, Dinlərarası Qurultayın imanlıları harmoniya üçün işləməyə ruhlandıracağına və “silahsız və tərksilah edən, təvazökar, lakin əzmkar” olan “sülh üçün sinerji” yaradacağına ümidvar olduğunu bildirib.
