Axtar

Papa, nessun passato cos� rovinato da non poter essere perdonato

Papa XIV Leo: Allahın məhəbbəti bəşəriyyətin ən qaranlıq məkanlarına toxunur

Çərşənbə günü, Ümumi Audiensiyası zamanı Papa XIV Leo, insan varlığının zülmətinə işıq gətirmək üçün Müqəddəs Şənbə günü İsanın “yeraltı dünyasına” enməsi haqqında danışıb.

ÜMUMİ AUDİENSİYA

Müqəddəs Peter Meydanı
Çərşənbə, 24 sentyabr 2025

Yubiley 2025 – Katexizis silsiləsi. İsa Məsih bizim Ümidimizdir. III. İsanın Pasxası. 8. Isanın cəhənnəmə enməsi.  “O ruhən gedib zindandakı ruhlara da vəz etdi” (1 Pet 3, 19).

Əziz bacılar və qardaşlar, sabahınız xeyir!

Bu gün biz bir daha Müqəddəs Şənbənin sirrinə baxacağıq. Bu, hər şeyin hərəkətsiz və səssiz göründüyü, əslində isə görünməz bir qurtuluş aktının baş verdiyi Pasxa Sirrinin günüdür: Məsih ölümün qaranlığında və kölgəsində olanların hamısına Dirilmə xəbərini bəyan etmək üçün “ölülər səltənətinə” enir.

Liturgiya və ənənənin bizə miras qoyduğu bu hadisə Allahın bəşəriyyətə sevgisinin ən dərin və radikal ifadəsini təmsil edir. Həqiqətən, İsanın bizim üçün öldüyünü söyləmək və ya buna inanmaq kifayət deyil: qəbul etmək lazımdır ki, Onun məhəbbətinin sədaqəti bizi özümüzü itirdiyimiz yerdə, yalnız qaranlıq səltənətinə nüfuz etməyə qadir olan işığın gücünün çata biləcəyi yerdə tapdı.

Bibliya mənasında “yeraltı dünya”, bir məkan olmaqdan daha çox həyatın tükəndiyi və ağrı, tənhalıq, təqsir hissi, Allahdan və başqalarından uzaqlaşmanın hökm sürdüyü bir varlıq halıdır. Məsih bu qaranlıq səltənətinin qapılarından keçərək bu uçurumda da bizə Özünü yetirir. O, əgər belə demək mümkündürsə, ölüm evinin özünə daxil olur ki, onu boşaltsın, onun sakinlərini əllərindən tutub bir-bir çıxararaq azad etsin. Bu, bizim günahımız qarşısında tərəddüd etməyən, insanın tərk edilməsinin son dərəcəsindən çəkinməyən Allahın təvazökarlığıdır.

Həvari Peter, Birinci Məktubundan indicə eşitdiyimiz qısa hissədə bizə deyir ki, İsa Müqəddəs Ruhda dirilərək xilas xəbərini hətta “zindandakı ruhlara da” çatdırmaq üçün gedir. (1 Pet 3, 19). Bu, kanonik İncillərdə deyil, “Nikodimin İncili” adlı apokrifik mətndə ifadə olunan ən təsirli təsvirlərdən biridir. Bu ənənəyə görə, Allahın Oğlu ən dərin qaranlığa daxil olur ki, hətta sonuncu qardaşlarına və bacılarına belə çatsın və Öz nurunu ora da gətirə bilsin. Bu jest, Pasxa mesajının bütün gücünü və incəliyini ehtiva edir: ölüm heç vaxt son söz deyil.

Əziz dostlar, Məsihin bu enişi təkcə keçmişə aid deyil, hər birimizin həyatına da aiddir. “Yeraltı dünya” təkcə ölülərin deyil, həm də şər və günah nəticəsində ölümü yaşayanların vəziyyətidir. O, həm də tənhalığın, utancın, tərk edilmənin və həyat mübarizəsinin gündəlik cəhənnəmidir. Məsih Atanın məhəbbətinə şəhadət vermək üçün bütün bu qaranlıq reallıqlara daxil olur. Mühakimə etmək üçün deyil, azad etmək üçün. İttiham etmək üçün deyil, xilas etmək üçün. O, bunu sakitcə, ayaq barmaqlarının ucunda addımlayaraq, sanki təsəlli vermək və kömək etmək üçün xəstəxana otağına girən biri kimi edir.

Kilsənin Ataları, bu anı görüş kimi təsvir ediblər: Məsihlə Adəm arasındakı görüş. Allah ilə insan arasındakı bütün mümkün görüşlərin rəmzi olan görüş. Rəbb insanın qorxu içində gizləndiyi yerə enir və onu adı ilə çağırır, əlindən tutur, ayağa qaldırır və işığa qaytarır. O, bunu tam səlahiyyətlə, həm də artıq sevilmədiyindən qorxan oğlu ilə rəftar edən ata kimi sonsuz həlimliklə edir.

Dirilmənin şərqi ikonalarında Məsih, cəhənnəmin qapılarını sındırıb, əllərini uzadıb, Adəmlə Həvvanı biləklərindən tutan kimi təsvir edilir. O, təkcə özünü xilas etmir; O, həyata tək qayıtmır, bütün bəşəriyyəti Özü ilə aparır. Bu, Dirilmişin əsl izzətidir: bu sevginin gücüdür, Özünü bizsiz yox, yalnız bizimlə xilas etmək istəyən Allahla birlikdir. O Allahla ki, əzablarımızı qəbul edib bizi yeni həyata yüksəltməyincə dirilməyəcək.

Beləliklə, Müqəddəs Şənbə Səmanın yer üzünün ən dərinliklərini ziyarət etdiyi gündür. Bu, bəşər tarixinin hər guşəsinin Pasxa nuru ilə işıqlandığı zamandır. Və əgər Məsih sona qədər enə bilibsə, heç bir şey Onun xilasından kənarda qala bilməz: hətta gecələrimiz, ən köhnə xətalarımız, qırılan bağlarımız belə. Elə darmadağın olmuş keçmiş, elə bir ləkələnmiş həyat tarixi yoxdur ki, ona mərhəmət toxuna bilməsin.

Əziz qardaş və bacılar, Allah üçün enmək məğlubiyyət deyil, sevgisinin yerinə yetirilməsidir. O, uğursuzluq deyil. Bu yolla  Allahın göstərir ki, Onun sevgisi üçün heç bir yer çox uzaq, heç bir ürək çox bağlı, heç bir məzar çox dar ola bilməz. Bu, bizə təsəlli verir, bizi ayaqda saxlayır. Və əgər bəzən özümüzü ən dərin dibdə hiss ediriksə, gəlin xatırlayaq ki,  Allahın yeni yaradılışa başlaya biləcəyi yer məhz budur. Bəşəriyyət ucalır, qəlblər bağışlanır, göz yaşları quruyur. Müqəddəs Şənbə, Məsihin bütün yaradılışı  xilas niyyətinə qaytarmaq üçün Ataya təqdim etdiyi səssiz bir qucaqdır.

***

ELAN

Əziz bacılar və qardaşlar, oktyabr ayı yaxınlaşır və bu ay Kilsədə Müqəddəs Rozariy duasına xüsusilə şəkildə həsr olunur.  Buna görə də mən hər kəsi, gələn ayın hər günü, şəsxən, ailədə və icmalarda sülh niyyətilə Rozariy duasını oxumağa dəvət edirəm.

Vatikanda xidmət edənləri də hər gün saat 19.00-da Müqəddəs Peter Bazilikasında bu duanı oxumağa dəvət edirəm.

Xüsusilə, 11 oktyabr şənbə günü axşam, saat 18.00-da, biz burada, Müqəddəs Peter Meydanında, Məryəm Ruhaniliyinin Yubileyinə həsr olunacaq axşam ibadəti zamanı bu duanı oxuyacağıq, və eyni zamanda II Vatikan Məclisinin açılışının ildönümünü qeyd edəcəyik.

25 sentyabr 2025, 00:54

Ən son Audiensiyalar

Həmçinin oxuyun >