Axtar

Teenager Carlo Acutis to become the first millennial saint

Papa: Müqəddəslər bizi Allaha baxmağa və həyatımızı şah əsərə çevirməyə çağırırlar

Bazar günü Müqəddəs Peter meydanını səksən mindən çox imanlı doldurdu. Onlarla birlikdə keçirilən Müqəddəs Messada Papa XIV Leo çıxış etdi. O dedi ki, Piyer Corco Frazati və Karlo Akutisin nümunələri hər kəsi, xüsusilə gəncləri, həyatlarını Allaha yönəltməyə çağırır. Papa vurğuladı ki, bu iki gənc bizə həyatımızı müqəddəslik, xidmət və sevincin şah əsərinə çevirməyi öyrədirlər.

Vatican News tərəfindən

Müqəddəs Peter meydanında keçirilən Müqəddəs Messa və kanonizasiya (müqəddəs elan etmə) mərasiminə Papa XIV Leo başçılıq etdi. O, Piyer Corco Frazati və Karlo Akutisin imana, ümidə və Allaha etimada dair qeyri-adi şahidliklərini yüksək qiymətləndirdi. Papa həmçinin Rəbbin əbədi sevinc və xoşbəxtlik planına işarə etdi. Təntənəli mərasimin əvvəlində, Papa bu iki gənc italyanı müqəddəs elan etdi.

Çıxışında Papa hər iki yeni müqəddəsin qeyri-adi şahidliyi üzərində düşüncələrini bölüşdü.

Süleymanın Müdrikliyi Kitabından götürülmüş birinci oxunuşundakı sözləri yada salaraq, Papa qeyd etdi ki, padşah Süleyman kimi bu gənclər də həyatımız və dünyamız üçün Allahın niyyətlərini daha yaxşı anlamaq və onlara sadiqliklə riayət etmək üçün müdriklik hədiyyəsini arzulamışdılar. Onlar sözləri və əməlləri ilə, Allahın bəxş etdiyi ənamlardan başqalarını Ona yönəltmək üçün istifadə etdilər.

Özümüzü Rəbbə həsr etmək

İncil oxunuşunda İsa bizə Allahın niyyətindən danışır və bu niyyətə bütün qəlbimizlə bağlanmalı, “Onun bizə təklif etdiyi macəraya tərəddüd etmədən, Onun Öz Ruhundan gələn ağıl və güclə” özümüzü tamamilə təslim etməli olduğumuzu yada salır, – deyə Papa xatırlatdı. Papa qeyd etdi ki, gənclər tez-tez həyatlarının dönüm nöqtələrində dayanır və çətin seçimlər etməli olurlar. O, Assizili Fransiskin nümunəsini yada salaraq vurğuladı ki, Müqəddəs Fransisk hamımızın yaxşı bildiyi müqəddəslik yolunu seçdi. O, hər şeydən imtina etdi, Rəbbi izləmək üçün yoxsulluq həyatını qəbul etdi və atasının qızılını, gümüşünü, qiymətli parçalarını deyil, qardaş və bacılarının — xüsusilə də ən zəif və kiçiklərin — sevgisini üstün tutdu.

Allaha “bəli” demək

Tarix boyu bir çox müqəddəslər oxşar cəsarətli seçimlər ediblər, Allaha baxaraq çox gənc yaşlarında Ona “bəli” deyərək, özlərini tamamilə Ona həsr ediblər, “özləri üçün heç nə saxlamayıblar.” Papa həmçinin Müqəddəs Avqustinin təcrübəsini yada saldı. O, içində dərin bir səs eşitmişdi: “Səni istəyirəm.” Bu çağırışla Allah ona yeni bir istiqamət, yeni bir yol və yeni bir məqsəd verdi. Beləcə, onun həyatında heç nə itirilmədi.

Piyer Corco Frazati, dünyəvi ruhaniyyət üçün nümunə

Papa XX əsrin əvvəllərində yaşamış gənc italiyan Piyer Corco Frazati haqqında danışdı. O, Katolik birliklərində iştirak edir və kasıblara xidmət edirdi. Papa vurğuladı ki, bu gün də “Piyer Corconun həyatı dünyəvi ruhaniyyət üçün bir mayakdır.” Çünki iman şəxsi bir məsələ deyil; o, kilsə birliklərində iştirak etməklə, ictimai həyata səxavətli bağlılıqla və kasıblara xidmətlə cəmiyyətin içində də yaşana bilər.

Karlo Akutis, sadəlikdə müqəddəsliyin şahidi

Müasir dövrün gənc italyan müqəddəsi Karlo Akutisin şahidliyi haqqında danışan Papa, onun ailəsində, valideynləri Andrea və Antonia sayəsində İsa ilə necə rastlaşdığını qeyd etdi və onların qızı Françeska və oğlu Mikele ilə birlikdə bu mərasimdə iştirak etdiklərini xatırlatdı.

Karlo imanını məktəbdə də tapmış və yaşamışdı, amma xüsusilə də icmada keçirilən Müqəddəs Messalar vasitəslə. Papa vurğuladı ki, “Karlo uşaq və gənc olaraq gündəlik həyatına duanı, idmanı, dərsi və xeyriyyəni təbii şəkildə daxil edərək böyümüşdü.”

Allaha və yaxınlara məhəbbəti artırmaq

Papa dedi ki, gündəlik Müqəddəs Messa, dua və xüsusilə Yevxaristiya qarşısında ibadət həm Piyer Corco, həm də Karlonun həyatını formalaşdırırdı. Onlar Allaha və yaxınlarına məhəbbəti sadə xeyirxahlıq əməlləri ilə artırırdılar.

Xəstəlik hər ikisinin həyatını erkən kəssə də, onlar ümidin şahidliyini davam etdirdilər və özlərini Allaha təqdim etdilər. Papa xatırlatdı ki, Piyer Corco bir dəfə demişdi: “Ölüm günüm həyatımın ən gözəl günü olacaq.” Karlo isə tez-tez deyirdi ki, “Cənnət həmişə bizi gözləyib. Sabahı sevmək isə bu gün ən yaxşı meyvəmizi vermək deməkdir.”

Həyatımızı “şah əsərə” çevirmək

Nəticədə Papa XIV Leo vurğuladı ki, həm Piyer Corco Frazati, həm də Karlo Akutis hər kəsi, xüsusilə gəncləri, həyatlarını boşa keçirməməyə çağırır. Onlar bizdən istəyirlər ki, həyatımızı Allaha yönəldək və onu bir şah əsərə çevirək.

Papa onların sözlərini də yada saldı. Karlo deyirdi: “Mən yox, Allah.” Piyer Corco isə belə demişdi: “Əgər bütün işlərinin mərkəzində Allah varsa, onda onları sona çatdıracaqsan.” Papa izah etdi ki, onların müqəddəsliyinin sadə, amma qalib formulu məhz budur. Bu, həm də bizdən tələb olunan şahidlikdir ki, həyatı dolu-dolu yaşayaq və sonunda Rəbbi göylərdə təntənə ilə qarşılayaq.

09 sentyabr 2025, 08:28