Axtar

Udienza generale di Papa Leone a Piazza San Pietro

Papa XIV Leo: Allahın vaxt seçiminə və lütfünə güvənin

Çərşənbə günü, Ümumi Audiensiyası zamanı Papa XIV Leo Müqəddəs Şənbə hadisəsi üzərində dayanıb və imanlıları gözləmə uzun, ümid isə itirilmiş görünən zaman belə, həmişə Allahın gücünə etibar etməyə çağırıb.

ÜMUMİ AUDİENSİYA

Müqəddəs Peter Meydanı
Çərşənbə, 17 sentyabr 2025

Yubiley 2025 – Katexizis silsiləsi. İsa Məsih bizim Ümidimizdir. III. İsanın Pasxası. 7. Isanın Ölümü.  “...Bu bağçanın içində də hələ heç kəsin qoyulmadığı təzə bir qəbir var idi” (Yəhya 19, 41).

Əziz bacılar və qardaşlar,

Ümidimiz olan İsa haqqında katexizis səyahətimizdə bu gün biz Müqəddəs Şənbənin sirrini nəzərdən keçirəcəyik. Allahın Oğlu məzarda yatır. Lakin onun bu “yoxluğu” boşluq deyil: bu, intizar, təvazökar dolğunluq, qaranlıqda saxlanılan vəddir. Bu, göyün lal, yerin hərəkətsiz göründüyü böyük sükut günüdür, lakin xristian inancının ən dərin sirri məhz orada həyata keçirilir. Bu sükut, hələ doğulmamış, lakin artıq yaşayan övladını daşıyan ana bətni kim məna ilə doludur.

İsanın çarmıxdan endirilən cəsədi qiymətli bir şey kimi ehmalla sarılır. Müjdəçi Yəhya bizə deyir ki, O, bağda, “heç kəsin qoyulmadığı təzə bir qəbirə” qoyulmuşdur (Yəhya 19, 41). Heç nə təsadüfün ixtiyarına buraxılmır. Həmin bağ itirilmiş Edeni, Allah ilə insanın birləşdiyi yeri xatırladır. Və heç vaxt istifadə olunmayan o qəbir hələ baş verəcək hadisəyə işarə edir: bu, son deyil, müqəddimədir. Yaradılışın başlanğıcında Allah bir bağ saldı; indi yeni yaradılış da bir bağda, tezliklə açılacaq qəbirdən başlayır.

Müqəddəs Şənbə həm də istirahət günüdür. Yəhudi Qanununa görə, yeddinci gündə heç bir iş görülməməlidir: həqiqətən, altı günlük yaradılışdan sonra Allah istirahət edir (Yaradılış 2, 2). İndi Oğul da xilas işini başa vurduqdan sonra istirahət edir. Yorğun olduğu üçün yox, axıra qədər sevdiyi üçün. Əlavə ediləcək heç nə qalmayıb. Bu istirahət tamamlanmış tapşırığın möhürüdür; edilməli olanın həqiqətən yerinə yetirildiyinin təsdiqidir. Bu, Rəbbin gizli hüzuru ilə dolu bir istirahətdir.

Bizim üçün ayaq saxlayıb dincəlmək çətin olur. Biz, həyat heç vaxt bəs etməyəcəkmiş kimi yaşayırıq. Nəsə istehsal etməyə, özümüzü sübut etməyə, zamanla ayaqlaşmağa tələsirik. Lakin İncil bizə öyrədir ki, dayanmaq bacarığı öyrənməli olduğumuz bir etibar aktıdır. Müqəddəs Şənbə bizi dərk etməyə çağırır ki, həyat təkcə gördüyümüz işlərdən deyil, həm də edə bildiyimiz işlərdən necə əl çəkməyimizdən asılıdır.

Qəbirdə Atanın canlı Kəlamı olan İsa susur. Amma məhz həmin sükutda yeni həyat mayalanmağa başlayır. Torpaqdakı toxum kimi, sübhdən əvvəlki qaranlıq kimi. Allah zamanın keçməsindən qorxmur, çünki O, həm də intizar Allahıdır. Beləliklə, hətta “faydasız” görünən zamanımız, fasilələr, boşluqlar, bəhrəsiz anlar da Dirilmə bətninə çevrilə bilər. Qarşılanan hər bir sükut yeni Kəlam üçün zəmin ola bilər. Hər dayandırılmış vaxt, əgər biz onu Allaha təqdim etsək, lütf vaxtı ola bilər.

Qəbirə qoyulan İsa bütün məkanı tutmaq istəməyən Allahın həlim simasıdır. O, hadisələrin baş verməsinə icazə verən, gözləyən, bizə azadlıq vermək üçün geri çəkilən Allahdır. O, hər şey bitmiş kimi görünəndə belə güvənən Allahdır. Və biz, hàmin o dayandırılmış Şənbə günü öyrənirik ki, yenidən ayağa qalxmağa tələsmək lazım deyil; ilk öncə biz dayanmalı, sükutu qəbul etməli və məhdudiyyətlərimizin bizi ağuşuna almağına icazə verməliyik.  Bəzən biz tez cavablar, dərhal həll yolları axtarırıq. Amma Allah işini, təvəkkülün yavaş keçən vaxtında, onun dərinliyində görür. Beləliklə, dəfn Şənbəsi yenilməz işığın -  yəni Pasxa işığının gücünün yarana biləcəyi bətnə çevrilir.

Əziz dostlar, xristian ümidi səs-küydə deyil, sevgi ilə dolu bir intizarın sükutunda doğulur. O, eyforiyanın deyil, güvən-dolu özünü fəda etmənin bəhrəsidir. Bakirə Məryəm bizə bunu öyrədir: o, bu intizarı, bu inamı, bu ümidi təcəssüm etdirir. Bizə hər şey dayanmış, həyat tıxanmış bir yol kimi görünəndə, Müqəddəs Şənbəni xatırlayaq. Hətta qəbirdə olanda belə Allah ən böyük sürpriz hazırlamışdı. Əgər baş verənləri minnətdarlıqla qəbul edə bilsək, aşkar edəcəyik ki, Allah gerçəkliyi məhz kiçiklikdə və sükutda dəyişdirməyi sevir, məhəbbətinin sədaqəti ilə hər şeyi yeniləyir. Əsl sevinc daimi gözləntidən, səbirli imandan və sevgi ilə yaşananların əbədi həyata diriləcəyinə olan ümiddən doğur.

***

MÜRACİƏT

Qəzzada qorxu içində yaşamağa davam və qəbuledilməz şəraitdə sağ qalmağa çalışan, növbəti dəfə öz torpaqlarından məcburən köçürülmüş Fələstin xalqına yaxınlığımı bildirirəm.

“Öldürmə” əmrini verən Uca Yaradan qarşısında və bütün bəşər tarixinin nəzərində hər bir insan hər zaman toxunulmaz ləyaqət sahibdir. Ona hörmət edilməlidir və o, qorunmalıdır.

Mən atəşkəsə, girovların azad edilməsinə və münaqişənin beynəlxalq humanitar hüquqa tam riayət etməklə danışıqlar yolu ilə diplomatik həllinə çağırışımı təkrarlayıram.

Hamınızı sülh və ədalət şəfəqinin tezliklə doğması üçün ürəkdən gələn duama qoşulmağa dəvət edirəm.

18 sentyabr 2025, 10:47

Ən son Audiensiyalar

Həmçinin oxuyun >