Papa Leo: “Nostra aetate” sənədinin mesajı bu gün də əvvəlki qədər aktualdır
Kristofer Uels tərəfindən
“Altmış il əvvəl Nostra aetate sənədinin dərc olunması ilə, dinlərarası dialoqa ümid toxumu əkildi. Bu gün isə sizin burada olmağınız sübut edir ki, həmin toxum nəhəng bir ağaca çevrilib – budaqları hər yana uzanır, anlayış, dostluq, əməkdaşlıq və sülh meyvələri verir, insanlara sığınacaq bəxş edir.”
Müqəddəs Ata bu sözləri Müqəddəs Taxt-Tacda akkreditasiya olunan diplomatik korpusun üzvlərinə, müxtəlif dinlərin nümayəndələrinə və dinlərarası dialoq sahəsində çalışan Vatikanın və Kilsənin məsul şəxslərinə ünvanladı. Onlar II Vatikan Məclisinin tarixi Bəyanatının ildönümünü qeyd etmək üçün VI Paul Zalında toplanmışdılar.
Həyat tərzi olan dialoq
Papa qeyd etdi ki, “Nostra aetate” “bizim gözlərimizi sadə, amma dərin bir prinsipə açdı: dialoq nə taktika, nə də vasitədir, o, bir həyat tərzidir – dinləyənin də, danışanın da qəlbini dəyişdirən ürək səfəridir”.
İldönümünün “Ümidi Birlikdə Yaşamaq” mövzusuna istinad edən Papa Leo dedi: “Biz bu səfərdə inancımızdan güzəştə gedərək deyil, əksinə, əqidəmizə sadiq qalaraq addımlayırıq. Çünki həqiqi dialoq güzəştdən deyil, inamdan başlayır – bu inamın dərin kökləri bizə başqalarına məhəbbətlə yaxınlaşmaq gücünü verir.”
Daha sonra Papa, Ümid Yubileyinə toxunaraq vurğuladı ki, “ümid” və “zəvvarlıq” bütün dini ənənələrimiz üçün ortaq reallıqlardır.” “Məhz bu, “Nostra aetate” sənədinin bizi dəvət etdiyi yoldur – ümid içində birlikdə addımlamaq” – dedi.
Onun sözlərinə görə, bu, “tək bir dinin, xalqın və ya nəsilin işi deyil, bütün bəşəriyyətin müqəddəs vəzifəsidir: ümidin yaşaması üçün, dialoqun yaşaması üçün və məhəbbətin dünyanın qəlbində yaşaması üçün çalışmaq.”
Dialoq şəhidləri
Müqəddəs Ata çıxışına başlayarkən son altmış il ərzində “Nostra aetate” sənədini həyata keçirmək üçün çalışan, bəziləri isə bu yolda canlarını fəda edən bütün insanları xatırladı. O, onları “zorakılığa və nifrətə qarşı çıxan dialoq şəhidləri” adlandırdı.
“Bu gün biz buradayıqsa,” – Papa dedi, – “bu, onların cəsarətinin, zəhmətinin və qurbanlarının sayəsindədir.”
Nostra aetate bu gün də aktuallığını qoruyur
Papa Leo, “Nostra aetate” sənədinin mesajının “bu gün də böyük dərəcədə aktual” olduğunu vurğulayaraq II Vatikan Məclisinin verdiyi dərsləri xatırlatdı:bəşəriyyət bir-birinə daha da yaxınlaşır; bütün insanlar eyni mənşədən gələn və eyni hədəfə yönəlmiş bir ailəyə mənsubdur; bütün dinlər “insan qəlbinin narahatlığına cavab verməyə” çalışır; Katolik Kilsəsi isə “bu dinlərdə olan heç bir həqiqi və müqəddəs şeyi rədd etmir.”
Papa həmçinin sənədin mənşəyindən danışdı: “Nostra aetate” əvvəlcə “Kilsə ilə Yəhudilik arasında yeni münasibətləri təsvir edən” bir sənəd kimi düşünülmüşdü. Bu arzu “Nostra aetate”nin “bütün sənədin ürəyi və yaradıcı nüvəsi” olan dördüncü fəslində öz yerini tapdı.
Həmin fəsil isə belə öyrədir: “Əgər biz Allahın surətində yaradılmış hər bir kişi və qadına qardaş və bacı kimi yanaşmırıqsa, Onu – bütün insanların Atası kimi – həqiqətən çağıra bilmərik.”
Müqəddəs məsuliyyət
Çıxışının son hissəsində Katolik Kilsəsinin görünən başçısı dini liderlərə xatırlatdı ki, “biz hamımız müqəddəs bir məsuliyyəti paylaşırıq: insanlara nifrət, qəzəb və qərəz zəncirlərindən azad olmağa kömək etmək; xudbinlikdən və özünəmərkəzlikdən yüksəlməyə kömək etmək; həm insan ruhunu, həm də dünyanı məhv edən tamahkarlığı dəf etməyə kömək etmək.”
“Bu şəkildə,” – o dedi, – “biz öz xalqlarımıza zamanımızın peyğəmbərləri olmağa - zorakılığı və ədalətsizliyi ifşa edən, parçalanmaları birləşdirən və bütün qardaş-bacılarımız üçün sülhü elan edən səslər olmağa yol göstərə bilərik.”
Papa onlara “böyük bir missiya”nı da xatırlatdı: “Bütün kişilərdə və qadınlarda insanlıq və müqəddəslik hissini yenidən oyatmaq.”
Bəşəriyyətə ümid gətirmək
“Əziz dostlarım,” – Papa sözlərinə davam etdi, – “biz bu yerə məhz bu səbəbdən toplaşmışıq – dini liderlər olaraq, ümidsizliyə düşməyə meyilli olan bəşəriyyətə ümid gətirmək kimi böyük məsuliyyəti daşıyırıq.”
Papa Leo çıxışını Müqəddəs Papa II İoann Pavelin 1986-cı ildə Assizidə söylədiyi sözlərlə bitirdi: “Əgər dünya yaşamağa davam edəcək və insanlar bu dünyada var olmağa davam edəcəklərsə, bu, duasız mümkün deyil.”
Və beləliklə, Müqəddəs Ata hamını bir anlıq sükut içində dua etməyə dəvət etdi: “Qoy sülh bizə nazil olsun və qəlblərimizi doldursun.”
