Axtar

Il Papa, il dialogo non � una tattica ma un modo di vivere

Papa Leo dinlərin nümayəndələrinə: "Bir olsaq - hər şey mümkün olacaq"

Papa XIV Leo, Çərşənbə günü keçirilən Ümumi Audiensiyanın bir hissəsi olan katexizis zamanı yəhudi–katolik münasibətlərinin əhəmiyyətini vurğulayıb, bu münasibətlərin siyasətin təsirindən qorunmasının vacibliyini qeyd edib və dinlərin birgə şəkildə daha yaxşı bir dünya qurmaq üçün necə əməkdaşlıq edə biləcəyini izah edib.

İzabella H. De Karvalyo tərəfindən

Çərşənbə günü – 29 oktyabrda – Müqəddəs Peter Meydanında çıxış edən Papa XIV Leo dedi: “II Vatikan məclisinin qeyri-xristian dinlərlə münasibət haqqında bəyanatı olan “Nostra aetate”nin elan olunmasından bu yana keçən altmış il ərzində bütün sələflərim antisemitizmi açıq sözlərlə qınamışdırlar. Mən də bu gün təsdiqləyirəm ki, Kilsə antisemitizmə qarşı dözümsüzdür və İncilin prinsiplərinə əsaslanaraq ona qarşı mübarizə aparır.”

Katexizis zamanı dinlərarası dialoqun əhəmiyyətinə diqqət yönəldən Papa, fərqli dinlərin daha ədalətli və dinc bir dünya qurmaq üçün necə birgə fəaliyyət göstərə biləcəkləri barədə bir yol xəritəsi təqdim etdi və bir daha yəhudi-katolik münasibətlərinin vacibliyini vurğuladı.

“Biz inkar edə bilmərik ki, “Nostra aetate” nəşr olunduqdan sonrakı altmış il ərzində müəyyən anlaşılmazlıqlar, çətinliklər və qarşıdurmalar olub,” – Papa dedi. “Lakin bunların heç biri dialoqun davam etməsinə mane olmayıb.”

Papa əlavə etdi: “Bu gün də biz siyasi şəraitin və bəzi insanların ədalətsizliklərinin bizi dostluq yolundan döndərməsinə imkan verməməliyik — xüsusilə də indiyə qədər bu qədər irəliləyiş əldə etdiyimiz halda.”

Papa, həmçinin ümumi audiensiyada iştirak etdiklərinə görə müxtəlif dinlərin rəhbərlərinə və nümayəndələrinə minnətdarlığını ifadə etdi.

Yəhudi-katolik dialoqunun altmış ili

Papa XIV Leo qeyd etdi ki, “Nostra aetate” sənədinin 1965-ci ildə dərc olunmasından bəri “bugün biz yəhudi–katolik dialoqu sahəsində əldə edilən bütün nailiyyətlərə minnətdarlıqla baxa bilərik.”

“Məhz bu nəticələr yalnız insan səyi ilə deyil, həm də bizim xristian inancımıza görə, Dialoqun özü olan Allahın köməyi ilə mümkün olub,” – deyə Papa əlavə etdi.

O, “Nostra aetate” sənədinin “ilk diqqət mərkəzinin” “yəhudi dünyasına yönəldiyini” xatırlatdı. “Kilsə tarixində ilk dəfə olaraq, xristianlığın yəhudi köklərinə həsr olunmuş teoloji bir sənəd formalaşdırılmışdır. Bu sənəd Müqəddəs Kitab və ilahiyyat səviyyəsində geri dönüşü olmayan bir mərhələ idi”.

Dinlərin birgə fəaliyyət göstərə biləcəyi sahələr

Papa XIV Leo altmış il sonra dinlərin birgə şəkildə nə edə biləcəkləri üzərində düşünərək dedi: “Cavab sadədir: biz birlikdə hərəkət edə bilərik.” O əlavə etdi ki, “bu gün dünyamız bizim birliyimizə, dostluğumuza və əməkdaşlığımıza hər zamankından daha çox ehtiyac duyur.”

Papa bir sıra sahələri sadaladı ki, dinlər bu istiqamətlərdə insanlara birləşdirici təsir göstərə bilərlər: İnsan əzabını yüngülləşdirmək və ortaq evimiz – Yer kürəsini qorumaq; həqiqət, mərhəmət, barışıq, ədalət və sülh dəyərlərini öyrətmək; insanlığa xidməti hər zaman təsdiqləmək; Allahın, dinin və dialoqun adından sui-istifadə hallarına, eləcə də dini fundamentalizm və ekstremizmin doğurduğu təhlükələrə qarşı ayıq olmaq.

Papa həmçinin bu gün süni intellektin məsuliyyətli inkişafı məsələsinə diqqət çəkdi: “Əgər süni intellekt insana alternativ kimi düşünülərsə, bu, insanın danımaz ləyaqətini ciddi şəkildə poza və onun əsas məsuliyyətlərini neytrallaşdıra bilər.”

O qeyd etdi ki, fərqli dinlərin texnologiyanın insaniləşdirilməsinə və onun tənzimlənməsinə böyük töhfə vermək potensialı var. Bu, həmçinin insan hüquqlarının qorunmasına xidmət edə bilər.

Günümüzdə ümidə olan ehtiyac

Papa XIV Leo dedi ki, “Nostra aetate” sənədi II Dünya Müharibəsindən sonra bir çoxlarına “görüş, hörmət və ruhani qonaqpərvərlik üçün yeni bir üfüq açmaqla” ümid gətirdi. “Bu gün isə,” – o vurğuladı, – “biz həmin ümid alovunu yenidən canlandırmağa çağırılmışıq, çünki dünyamız müharibə və təbiətin tənəzzülü ilə sarsılmış vəziyyətdədir.”

“Bizim dinlərimiz öyrədir ki, sülh insan qəlbində başlayır,” – Papa dedi. – “Biz bu ümidin şəxsi həyatımıza, ailələrimizə, məhəllələrimizə, məktəblərimizə, kəndlərimizə, ölkələrimizə və bütün dünyaya qayıtmasını təmin etməliyik. Bu ümid bizim dini inancımıza əsaslanır – o inanca ki, yeni bir dünya mümkündür.”

Papa müxtəlif dinləri birliyə səslədi: “Əgər biz bir olsaq  -  hər şey mümkündür. Gəlin elə edək ki, heç nə bizi bölməsin.” O əlavə etdi -  “bu dostluq və əməkdaşlıq ruhunu gələcək nəsillərə də ötürək, çünki dialoqun əsas dayağı məhz budur.”

Papa XIV Leo bildirdi ki, bu sənəd “bizə digər dinlərin ardıcıllarına yad kimi deyil, həqiqətin yolunda səyahət yoldaşları kimi yanaşmağı; fərqlilikləri qorumaqla bərabər ortaq insanlığımızı təsdiqləməyi; və hər səmimi dini axtarışda bütün yaradılışı qucaqlayan ilahi Sirrin bir əksini görməyi öyrədir.”

“Nostra aetate” – bu gün də Kilsənin yolunu işıqlandırır

Papa XIV Leo çıxışında Kilsəyə də birbaşa müraciət edərək dedi ki, “Nostra aetate bu gün də onun yolunu işıqlandırır.”

“Bu Bəyanat bütün katolikləri – yepiskopları, ruhaniləri, rahibləri və adi imanlıları – digər dinlərin ardıcılları ilə səmimi dialoq və əməkdaşlığa dəvət edir; onların ənənələrindəki yaxşı, doğru və müqəddəs olan hər şeyi tanımağa və təşviq etməyə çağırır,” – Papa dedi. O əlavə etdi ki, bu, bu gün daha da əhəmiyyətlidir, çünki “artıq demək olar ki, hər bir şəhərdə müxtəlif mədəni və dini mənşəli insanlar bir yerdə yaşayırlar.”

Papa davam etdi: “Nostra aetate bizə xatırladır ki, həqiqi dialoq məhəbbət üzərində qurulur – sülhün, ədalətin və barışığın yeganə təməli – və o, hər cür ayrı-seçkilik və təqib formalarını qətiyyətlə rədd edir, hər bir insanın bərabər ləyaqətini təsdiqləyir.”

Həqiqi dini dialoqun nümunəsi

Papa XIV Leonun katexizisi Yəhya İncilindəki bir hadisədən – İsanın quyu başında samariyalı qadınla görüşündən ilham almışdı. Papa bu hadisənin “mədəniyyət, cinsiyyət və din baryerlərini aşdığını” qeyd edərək dedi ki, “bu qarşılaşma həqiqi dini dialoqun mahiyyətini açır: Allahın hər sərhədin o tayında da mövcudluğunu və Onu birlikdə axtarmağa çağırışı göstərir.”

Bu hadisə “səmimiyyətə, diqqətli dinləməyə və qarşılıqlı zənginləşməyə əsaslanan bir mübadilədir,” – Papa dedi, – “burada samariyalı qadın ibadətin yeni anlamını – ‘Ruhda və həqiqətdə gerçəkləşən’ ibadəti – kəşf edir.”

Dua ilə yekun

Katexizisin sonunda Papa XIV Leo hamını bir anlıq sükut içində dua etməyə dəvət etdi və dedi: “Duanın gücü var – o, bizim münasibətlərimizi, düşüncələrimizi, sözlərimizi və əməllərimizi dəyişdirə bilər.”

29 oktyabr 2025, 17:00

Ən son Audiensiyalar

Həmçinin oxuyun >