Axtar

Angelus del Papa, facciamo nostra sofferenza bimbi in guerra

Papa Leo: Səhvlərinizi etiraf etməkdən qorxmayın

26 oktyabr, Rəbbin Mələyi duasından öncə Papa Leo, farisey və vergiyığan məsəli üzərində düşünərək, imanlıları Allahla münasibətdə səmimiyyəti inkişaf etdirməyə dəvət edib.

“RƏBBİN MƏLƏYİ”

Müqəddəs Peter Meydanı
Rəbbin günü, 26 oktyabr 2025

Əziz qardaşlar və bacılar, Rəbb Gününüz mübarək olsun!

Bu günün İncil oxunuşu (Lk 18:9–14) bizə iki insanı təqdim edir: bir farisey və bir vergiyığanı — hər ikisi məbəddə dua edir.

Birincisi — farisey — uzun “əməllər siyahısı” ilə öyünür. O, çox yaxşı işlər görüb və buna görə özünü başqalarından üstün hesab edir, onları təkəbbürlə mühakimə edir. Başını dik tutaraq dayanır. Onun bu davranışı açıq-aşkar lovğalıq və özünə arxayınlıq əlamətidir — qanunun sərt şəkildə yerinə yetirilməsi var, amma sevgi yoxdur. Onun dindarlığı “vermək” və “almaqdan”, borc və kreditdən ibarətdir, mərhəmətdən isə məhrumdur.

Vergiyığan da dua edir, lakin tamam fərqli bir tərzdə. O, bağışlanmaya çox möhtacdır: çünki Roma imperiyası tərəfindən maaşla təmin olunur  və həmvətənlərinin hesabına mənfəət götürməyə imkan verən müqavilə ilə işləyir. Amma İsanın bu məsəldə dediyi kimi, sonda məbəddən “saleh sayılmış”, yəni Allahla qarşılaşması nəticəsində bağışlanmış və yenilənmiş halda qayıdan odur. Niyə?

Əvvəla, vergiyığan Allahın hüzuruna çıxmaq üçün cəsarət və təvazökarlıq göstərdi. O, öz dünyasına qapanmadı və etdiyi pisliklərlə barışmadı. İnsanların ondan qorxduğu, güc sahibi olduğu yerləri tərk etdi. Məbədə təkbaşına gəldi — baxışlardan, mühakimələrdən çəkinmədən. Arxada dayandı, başını aşağı saldı və yalnız bir neçə kəlmə dedi: “Ya Rəbb, mən günahkara mərhəmət et”.

İsa bizə güclü bir mesaj verir: biz xilasımızı öz yaxşı əməllərimizlə öyünərək və ya günahlarımızı gizlədərək deyil, özümüzü dürüst şəkildə — olduğumuz kimi — Allaha, özümüzə və başqalarına təqdim etməklə, bağışlanma diləyib Rəbbin lütfünə etibar etməklə tapırıq.

Bu hissəni şərh edərkən Müqəddəs Avqustin fariseyi xəstə olduğu halda xəcalət və təkəbbür səbəbilə yaralarını həkimdən gizlədən bir insana bənzədir. Vergiyığanı isə, əksinə, təvazökarlıq və müdrikliklə həkim qarşısında yaralarını açıb, nə qədər xoşagəlməz görünsə də, kömək diləyən adama bənzədir. Müqəddəs Avqustin belə nəticə çıxarır: “Təəccüblü deyil ki, sağalan vergiyığan oldu — çünki o, ağrısının harada olduğunu göstərməkdən utanmadı” (Sermo 351,1).

Əziz qardaşlar və bacılar, gəlin biz də eyni tərzdə davranmaqdan qorxmayaq. Gəlin səhvlərimizi etiraf edək, onları gizlətməyək, məsuliyyəti üzərimizə götürək və səhvlərimizi Allahın mərhəmətinə etibar edək. Belə etdikdə, qürurlulara deyil, təvazökarlara məxsus olan, dua və əməl vasitəsilə dürüstlük, bağışlama və minnətdarlıqla qurulan Rəbbin Padşahlığı  bizim içimizdə və ətrafımızda böyüyəcək.

Gəlin müqəddəslik nümunəsi olan Məryəmdən bu fəzilətlərdə böyümək üçün kömək istəyək.

27 oktyabr 2025, 16:11

Angelus nədir?
 

Angelus, katoliklər tərəfindən gündə üç dəfə, səhər 6-da, günorta və axşam 6-da oxunan xüsusi bir duadır və Angelus zənginin çalınması ilə müşayiət olunur. Adı latın dilində 'mələk' sözündən gəlir və bu dua, İsa Məsihin Təcəssüm Sirri ilə insan təbiətimizi qəbul etməsini xatırladır.
 

Papa hər bazar günü günorta saatlarında Müqəddəs Peter meydanında Angelus duasını oxuyur.
 

Papa həmçinin günün İncilini şərh edir və beynəlxalq məsələlərə toxunur. Bu açıqlamalar bütün dünyada radio və televiziya vasitəsilə yayımlanır. Eyni zamanda, sosial mediada geniş şəkildə paylaşılır.
 

Pasxadan Pentikost (Əllinci Gün Bayramı) gününə qədər Angelus duası yerinə Regina Coeli duası oxunur. Bu dua İsa Məsihin Dirilməsini xatırladır və Angelus kimi, Qloriyanın ('Allahı ucaldaq' duasının) üç dəfə oxunması ilə tamamlanır.

Ən son 'Angelus' / 'Regina Caeli'

Həmçinin oxuyun >