Papa Qəzza uşaqları üçün antibiotik, Ukryanaya ərzaq yardımı göndərib
Benedetta Kapelli tərəfindən
Keçən Rəbb günü “Angelus” (Rəbbin Mələyi) zamanı Papa Leonun qeyd etdiyi “ümid qığılcımı” Müqəddəs Torpaqlarda daha aydın şəkildə görünməyə başladığı bu günlərdə, Papanın yaxınlığı ən kiçik və ən zəif insanlara qayğının real bir ifadəsinə çevrilir.
“Papa Leonun ilk yardım xidməti” kimi tanınan Pontifikal Xeyriyyə İdarəsi vasitəsilə uşaqlar üçün 5.000 doza antibiotik Qəzzaya göndərilib. Bu uşaqlar iki illik müharibədən ən çox zərər çəkənlər arasındadır. Bu jest humanitar yardımın artıq Qəzza zolağındakı insanlara çatdığı keçid məntəqələrinin yenidən açılması sayəsində mümkün olub.
Sözlərdən əmələ
“Biz yoxsullara həsr edilmiş ‘Dilexi te’ Həvari Nəsihətinin sözlərini həyata keçiririk,” – deyə Xeyriyyə Xidmətləri üzrə Dikasteriyanın prefekti kardinal Konrad Krayevski bildirib və əlavə edib ki, “Hərəkət etmək, ehtiyac içində olanlara diqqət yetirmək lazımdır.”
Pontifikal mətnində Kilsənin missiyası açıq şəkildə ifadə olunur və vurğulanır ki, “İncilin təbliği yalnız yaxınlıq və qəbul etmə ilə ifadə olunan konkret əməllər vasitəsilə inandırıcı olur.”
Yerusəlimin Latın Patriarxlığı sayəsində göndərilən antibiotiklər artıq ehtiyac sahiblərinə paylanıb. Kardinal-Almoner xatırladıb ki, müharibə illərində belə, ərzaq və yanacaq alınması üçün vəsait göndərməklə kömək səyləri davam etdirilib.
Papanın Ukraynaya yaxınlığı
Pontifikal xeyriyyə fəaliyyəti Ukraynada davam edən münaqişə qarşısında da dayanmır. Humanitar yardım çatdırmaq üçün edilən çoxsaylı missiyalardan sonra — bunlara soyuğa dözmək üçün elektrik generatorları və istilik geyimləri daxildir — Pontifikal Xeyriyyə İdarəsi “ukraynalıların kilsəsi” kimi tanınan Romadakı Müqəddəs Sofiya Bazilikasını dəstəkləməyə davam edir.
Bu bazilika müharibədən zərər çəkmiş ölkəyə humanitar yardım göstərməkdə fəal olaraq qalır. Hətta bazilikadan mütəmadi olaraq Ukraynaya əsas zəruri məhsullar daşıyan yük maşınları yola düşür.
Son günlərdə Vatikan və Ukrayna bayraqları ilə işarələnmiş və üzərində italyanca və ukraynaca “Papa Leonun Xarkov xalqına hədiyyəsi” yazılmış ağ qutular şəhərə çatıb. Onların içərisində konservləşdirilmiş qida, yağ, makaron, ət və gigiyena məhsulları var.
Bu əməllər vasitəsilə Papa illərlə davam edən müharibədən tükənmiş bir xalqın əzablarına və ağrılarına şərik olur və hələ də üfüqdə bir sülh işığının görünməsini gözləyən insanlara dayaq olur.
