Papa: Şəhidlər bizə xatırladır ki, Allahın lütfü hətta zorakılığı belə xilas əlamətinə çevirə bilər
“RƏBBİN MƏLƏYİ”
Müqəddəs Peter Meydanı
Rəbbin günü, 16 noyabr 2025
Əziz bacılar və qardaşlar, Rəbb gününüz mübarək!
Liturgiya ilinin sonunda bugünkü Müjdə (Luka 21:5–19) bizi tarixin kədərləri və zamanın sonu haqqında düşünməyə çağırır. Bu hadisələrə baxaraq və ürəklərimizi araşdıraraq İsa bizi qorxuya düşməməyə çağırır: "Müharibələr və üsyanlar barədə eşidəndə təlaşa düşməyin " (Luka 21, 9).
İsanın çağırışı çox aktualdır, çünki təəsüf ki, biz hər gün milyonlarla kişi və qadının əzablarına səbəb olan münaqişələr, fəlakətlər və təqiblər barədə xəbərlər alırıq. Lakin, bu bəlalar və onları görməzdən gəlməyə çalışan laqeydlik qarşısında İsanın sözləri bəyan edir ki, şərin hücumları Ona iman edənlərin ümidini məhv edə bilməz. Zaman nə qədər qaranlıq olarsa, iman da bir o qədər günəş kimi parlayır.
Məsih iki dəfə təsdiqləyir ki, “Mənim adıma görə” çoxları zorakılığa və xəyanətə məruz qalacaq (Luka 21, 12.17), lakin məhz o zaman onlar şəhadət vermək imkanına malik olacaqlar (Luka 21,13). Biz, Çarmıxda Öz məhəbbətinin hədsizliyini aşkar edən Müəllimin nümunəsinin ardıca getməyə çağırılmışıq. Bu ürəkləndirmə hamımıza ünvanlanıb. Əslində, xristianların təqibi yalnız zorakılıq və silahlarla deyil, həm də sözlərlə, yəni yalanlar və ideoloji manipulyasiyalarla həyata keçirilir. Xüsusilə də həm fiziki, həm də mənəvi cəhətdən bu şər ilə əzildiyimiz zaman, biz dünyanı xilas edən həqiqətə, xalqları zülmdən azad edən ədalətə, hər kəsə sülhə gedən yolu göstərən ümidə şahidlik etməyə çağırılmışıq.
İsanın sözləri peyğəmbərcəsinə şəhadət edir ki, tarixin bəlaları və kədərləri sona çatacaq. Eyni zamanda, Onu Xilaskar kimi qəbul edənlərin sevinci əbədi qalacaq. " Dayanıb dözməklə canlarınızı qurtarın " (Luka 21, 19): Rəbbin bu vədi bizə tarixin təhdidedici hadisələrinə və hər bir təhqirə tab gətirmək üçün güc verir. Biz əzablar qarşısında aciz deyilik, çünki O Özü bizə səylə yaxşılıq etməyə çalışmağımız üçün "danışıq qabiliyyəti və hikmət " verir (Luka 21, 15).
Əziz dostlar, Kilsənin tarixi boyunca, şəhidlər bizə xatırladır ki, Allahın lütfü hətta zorakılığı belə xilas əlamətinə çevirə bilər. Buna görə də, İsanın adı naminə əziyyət çəkən bacı-qardaşlarımıza qoşularaq, gəlin xristianların köməyi olan Məryəmin şəfaətini ümidlə diləyək. Qoy bütün sınaqlarda və çətinliklərdə Müqəddəs Məryəm bizə təsəlli versin və bizə dəstək olsun.
