Axtar

Il Papa, preghiamo per chi soffre la guerra, come in Myanmar

Papa XIV Leo: Məsihin Dirilməsi insan tarixinin qaranlığına ümid gətirir

Çərşənbə günü, noyabrın 5-də keçirilmiş Ümumi Audiensiya zamanı Papa XIV Leo Məsihin Dirilməsinin gündəlik həyatımıza istiqamət verə, məna susuzluğunuzu yatıra və dünyaya ümid gətirə biləcəyini vurğulayıb.

ÜMUMİ AUDİENSİYA

Müqəddəs Peter Meydanı
Çərşənbə, 05 noyabr 2025

Yubiley 2025 – Katexizis silsiləsi. İsa Məsih bizim Ümidimizdir. IV. Məsihin Dirilməsi və Müasir Dünyanın Çağırışları 3. Pasxa gündəlik həyata ümid bəxş edir.

Əziz bacılar və qardaşlar, sabahınız xeyir! Hamınız xoş gəldiniz!

İsanın Pasxası artıq keçmişdə qalmış, bəşər tarixindəki bir çox hadisə kimi ənənəyə çevrilmiş uzaq bir hadisə deyil. Kilsə bizə İsanın Dirilməsini hər il Pasxa bayramı və hər gün Yevxaristiya zamanı canlı şəkildə xatırlamağı öyrədir. Məhz Yevxaristiya zamanı dirilmiş Rəbbin vədi ən dolğun şəkildə gerçəkləşir: “Budur, Mən dövrün sonuna qədər hər gün sizinləyəm.” (Mt 28:20).

Bu səbəbdən Pasxa Sirri xristian həyatının əsas təməl daşını təşkil edir və bütün digər hadisələr onun ətrafında dövr edir. Beləliklə, heç bir barışdırıcı və ya duyğusal ifadəyə ehtiyac olmadan deyə bilərik ki, hər gün Pasxadır. Bəs necə?

Hər saat fərqli təcrübələr yaşayırıq: ağrı, əzab, kədər, amma eyni zamanda sevinc, heyrət, dinclik də var. Ancaq hər vəziyyətdə insan qəlbi bir tamlığa, dərin bir xoşbəxtliyə can atır. XX əsrin böyük filosoflarından biri, insan varlığının sirrinə dərindən nüfuz etmiş müqəddəs Tereza Benedikta (Edith Ştain) bu daimi tamlıq axtarışının dinamikasından danışır. O yazır: “İnsan həmişə ona yeni bir şeyin verilməsinə çalışır ki, bir anın ona bəxş etdiyi şeylərdən və eyni zamanda həmin anın ondan aldığı şeylərdən faydalana bilsin” (Finite and Eternal Being: An Attempt to Ascend to the Meaning of Being, Roma, 1998, s. 387). Biz məhdudiyyət içindəyik, amma eyni zamanda onu aşmağa can atırıq.

Pasxa - bütün tarix boyunca səslənmiş ən gözəl, ən sevincli və ən heyrətamiz xəbərdir. Bu, sevginin günah üzərində, həyatın ölüm üzərində qələbəsini bildirən əsas “Müjdə”dir. Buna görə də o, ağlımızı və qəlbimizi narahat edən mənanın axtarışına cavab verə bilən yeganə xəbərdir. İnsan, daxilindən gələn bir istəklə, onu daim özünə çəkən bir ucalığa – özündən "o tərəfdə" olan bir reallığa doğru can atır. Heç bir müvəqqəti reallıq bizi tam qane etmir. Biz sonsuzluğa və əbədiyyətə doğru can atırıq. Bu isə əzab, itki və uğursuzluqla öncədən hiss etdiyimiz ölüm təcrübəsi ilə ziddiyyət təşkil edir. Müqəddəs Fransisk belə deyir: “Heç bir yaşayan insan ölümdən qaça bilməz” (bax: Günəşin İlahisi).

Hər şey o səhər dəyişdi – qadınlar Rəbbin bədənini ətirli yağlar ilə məsh etmək üçün qəbirstanlığa getdikləri və boş məzar tapdıqları səhər. Şərqdən Yerusəlimə gələn müdriklərin verdiyi sual: “Yəhudilərin doğulan padşahı haradadır?” (Mt 2,1–2) – Pasxa səhərində ağ geyimli gəncin qadınlara söylədiyi sözlərdə qəti cavabını tapır: “Siz çarmıxa çəkilmiş Nazaretli İsanı axtarırsınız. O dirilmişdir, burada deyil” (Mk 16,6).

O səhərdən bu günə qədər, hər gün, İsa bu ada sahibdir: “Yaşayan”. O, Vəhy kitabında Özünü belə təqdim edir: “Mən Birinci və Axırıncıyam, Mən Yaşayanam. Mən ölmüşdüm, bax indi əbədi olaraq diriyəm” (Vəhy 1, 17–18). Onun içində biz hər zaman öz həyatımızın bəzən qarışıq, anlaşılmaz, qəbuledilməz görünən hadisələri arasında istiqamət tapmaq üçün ulduz kimi bir yol göstərənə sahib oluruq. Pislik, əzab, ölüm – bunlar hər birimizə təsir edir. Dirilmə sirri üzərində düşünərək məna axtarışımıza bir cavab tapırıq.

Zəif insanlığımız qarşısında Pasxa müjdəsi qayğıya və şəfaya çevrilir, gündəlik həyatın bizə hər gün, həm şəxsi, həm də qlobal səviyyədə təqdim etdiyi qorxulu çağırışlar qarşısında ümidimizi bəsləyir. Pasxa baxımından Via Crucis – Çarmıx Yolu, Via Lucis – İşıq Yoluna çevrilir. Biz ağrıdan sonra gələn sevincin dadına varmalı, Dirilmədən əvvəlki bütün mərhələləri yeni işıqda yenidən düşünməliyik.

Pasxa xaçı aradan qaldırmır, amma insan tarixini dəyişən möcüzəvi bir döyüşdə onu məğlub edir. Çoxsaylı xaçlarla dolu olan bu dövrümüz də Pasxa ümidinin şəfəqini çağırır. Məsihin Dirilməsi bir ideya və ya nəzəriyyə deyil, inancın təməli olan Hadisədir. Dirilmiş olan O, Müqəddəs Ruh vasitəsilə bizə bunu daim xatırladır ki, insan tarixində ümid işığı görünmədiyi yerlərdə belə Onun şahidləri ola bilək. Pasxa ümidi məyus etmir. Pasxaya gündəlik yolumuzda həqiqətən inanmaq həyatımızı kökündən dəyişdirmək, dəyişərək dünyanı xristian ümidinin zərif və cəsarətli gücü ilə çevirmək deməkdir.

07 noyabr 2025, 11:28

Ən son Audiensiyalar

Həmçinin oxuyun >