Papa: Türkiyə və Livana səfərim sülhün mümkün olduğunu göstərdi
Əziz bacılar və qardaşlar,
Bir neçə gün əvvəl Türkiyə və Livana etdiyim ilk Apostol Səfərindən qayıtdım. Sevimli qardaşım, Konstantinopolun Ekumenik Patriarxı Varfolomeylə və digər xristian konfesiyalarının nümayəndələri ilə birlikdə 1700 il əvvəl ilk Ümumdünya Kilsə Məclisinin keçirildiyi qədim Nikeya (İznik) şəhərinin yerində dua etmək üçün bir araya gəldik. Bu gün həmçinin Papa VI Paul və Patriarx Afenaqorun arasındakı, qarşılıqlı anafemaların ləğvi ilə nəticələnmiş Birgə Bəyanatın 60-cı ildönümüdür. Allaha şükür edirik və bütün xristianların tam görünən birliyinə doğru yol almaq öhdəliyimizi yeniləyirik. Türkiyədə katolik icması ilə görüşmək mənə böyük sevinc bəxş etdi: əzab çəkənlərə xidmət və dialoq səyləri vasitəsilə onlar sevgi İncilinin və Allahın kiçiklikdə təzahür edən məntiqinin şahidliyini edirlər.
Livan hələ də birgəyaşayış mozaikasıdır və bu haqda çoxsaylı şahidlikləri eşitmək mənə təsəlli verdi. Qaçqınları qəbul edən, dustaqları ziyarət edən, ehtiyacı olanlarla yemək bölüşən insanlarla görüşdüm. Küçələrdə məni qarşılamağa çıxan insanların sayı da məni təsirləndirdi. Beyrut limanındakı partlayışın qurbanlarının ailələri ilə görüş isə məni xüsusilə duyğulandırdı. Livan xalqı təsəlli verən bir söz və bir varlıq gözləyirdi, amma məhz onların imanı və coşğusu mənə təsəlli verdi! Mənə duaları ilə dəstək olan hər kəsə təşəkkür edirəm! Əziz bacılar və qardaşlar, son günlər Türkiyə və Livanda yaşananlar bizə öyrədir ki, sülh mümkündür və xristianlar digər din və mədəniyyətlərin nümayəndələri ilə dialoq içində onu qurmağa töhfə verə bilərlər. Gəlin unutmayaq: sülh mümkündür!
Cənub və Cənub-Şərqi Asiya xalqlarına yaxınlığımı ifadə etmək istəyirəm – onlar son təbii fəlakətlərdən ağır zərər görüblər. Qurbanlar üçün, itkilərinə yas tutan ailələr üçün və yardım göstərənlər üçün dua edirəm. Beynəlxalq ictimaiyyəti və xeyirxah insanları həmin bölgələrin sakinlərinə dəstək olmağa çağırıram.
Hamınızı, romalıları və zəvvarları, sevgi ilə salamlayıram. Dünyanın müxtəlif yerlərindən gələnləri salamlayıram, xüsusilə Pisko, Kusko və Lima şəhərlərindən gələn Peru imanlılarını; eləcə də Şərq Kilsəsinə Dua və Maddi Yardım Gününü xatırlayan Polşadan zəvvarları; həmçinin portuqaliyalı tələbə qrupunu.
Habelə Lentiai, Manerbio, Santa Çezarea Terme, Cerfiñano, Roverkiara və Roverkiarettadan gələn kilsə qruplarını; Marostika və Pianezzedən gələn oğlan və qızları; Kavaion Veronezedən konfirmasiya namizədlərini, Mezzokorona Oratoriyasından gəncləri, Bolonyadan gələn altar xidmətçilərini və Madonna del Granato Qarşılıqlı Yardımlaşma Cəmiyyətinin üzvlərini salamlayıram.
Hamınızın Rəbb Günü mübarək olsun və hamınıza bərəkətli Advent dövrü arzulayıram.
