Axtar

Papa XIV Leo Romanın "İspaniya" meydandakı Müqəddəs Məryəm heykəlinin qarşısında, 8 dekabr 2025-ci il. Papa XIV Leo Romanın "İspaniya" meydandakı Müqəddəs Məryəm heykəlinin qarşısında, 8 dekabr 2025-ci il.   (ANSA)

Papa XIV Leo: Allaha Məryəm inandığı kimi inanın!

Əqdəs Bakirə Məryəmin Günahsız Döllənməsi bayramı günündə Papa XIV Leo, Müqəddəs Peter Meydanında toplaşan imanlılarla birlikdə “Rəbbin mələyi” duasını edib və ənənəvi müraciətində imanlıları Allaha Məryəm kimi iman və etibar etməyə və Məsihi həyatlarına qəbul etməyə çağırıb.

“RƏBBİN MƏLƏYİ”

Müqəddəs Peter Meydanı
08 dekabr 2025

Əziz bacılar və qardaşlar, bayramınız mübarək olsun!

Bu gün Mübarək Məryəmin Günahsız Döllənməsi Bayramını qeyd edirik. Biz sevinirik, çünki Göylərdəki Atamız Onun “ilk günahın hər cür ləkəsindən azad olmasını” (IX Pius, Apostol Konstitusiyası “Ineffabilis Deus”, 8 dekabr 1854) istəmişdi; Allah, bizim xilasımız üçün “ürəkdən sevdiyi yeganə Oğlunu” (bax: eyni sənəd) ona əmanət edə bilsin deyə Məryəmi paklıq və müqəddəsliklə doldurmuşdur.

Rəbb Məryəmə tamamilə saf bir qəlb kimi qeyri-adi bir lütf bəxş etdi; bu, daha böyük bir möcüzənin – Xilaskarımız İsa Məsihin insan olaraq dünyaya gəlişinin – qarşısında idi (bax: Luka 1, 31-33). Bakirə bu xəbəri mələyin salamı ilə öyrəndi və təvazökar insanlara xas bir təəccüblə qarşıladı:  “Salam, ey lütfə nail olmuş qız! Rəbb səninlədir” (ayə 28). O isə imanla Öz “bəli”sini söylədi: “Mən Rəbbin quluyam, qoy mənə sənin dediyin kimi olsun” (ayə 38).

Bu sözləri şərh edən Müqəddəs Avqustin deyir ki, “Məryəm iman etdi və inandığı onda gerçəkləşdi” (Vəz 215, 4). Bu Nazaretli gənc qızda lütfün dolğunluğu bəhrə verdi, çünki o, azad iradəsi ilə onu qəbul etdi və Allahın niyyətinə qucaq açdı. Rəbb hər zaman belə davranır: O, bizə böyük hədiyyələr verir, amma onları qəbul edib-etməməkdə bizi azad buraxır. Buna görə Avqustin əlavə edir: “Biz də inanırıq, çünki Onda baş verən bizə də bəhrə verə bilər”. Deməli, Allahın Validəsinin pak gözəlliyi ilə bizi sevindirən bu bayram bizi həm də Onun kimi iman etməyə, Rəbbin bizə verdiyi çağırışa səxavətlə “bəli” deməyə çağırır.

Məryəmin anasının bətnində dölləndiyi anda baş verən möcüzə bizim üçün vəftizdə yenidən baş verdi: biz ilk günahdan təmizləndik, Allahın övladları, Onun məskəni və Müqəddəs Ruhun məbədi olduq. Necə ki, Məryəm xüsusi bir lütf sayəsində İsanı Özündə qəbul edib bütün insanlara təqdim edə bildi, eləcə də “Vəftiz Məsihin bizdə yaşamasına və bizim Onunla birləşməyimizə imkan yaradır; beləcə hər birimiz öz vəziyyətinə görə dünyanı dəyişdirmək üçün Kilsədə əməkdaşlıq edirik” (Papa Fransisk, Katexizis, 11 aprel 2018).

Əziz dostlar, Günahsız Döllənmə lütfü necə böyükdürsə, aldığımız Vəftiz lütfü də o qədər böyükdür! Rəbbin Anasının “bəli”si necə heyrətamizdirsə, bizim “bəli”miz də elə ola bilər – hər gün imanla yenilənən, minnətdarlıq, təvazökarlıq və səbir ilə, dua və konkret sevgi işlərində – ən fövqəladə hərəkətlərdən tutmuş ən adi xidmət addımlarına qədər. Bu yolla Məsih hər yerdə tanına, qəbul oluna və sevilə bilər və xilası hamıya çata bilər.

Gəlin bu gün Atadan Əqdəs və Pak Məryəmin şəfaəti ilə bunu xaiş edək və Məryəmin özünün ilk iman etdiyi həmin sözlərlə birlikdə dua edək.

08 dekabr 2025, 20:47

Angelus nədir?
 

Angelus, katoliklər tərəfindən gündə üç dəfə, səhər 6-da, günorta və axşam 6-da oxunan xüsusi bir duadır və Angelus zənginin çalınması ilə müşayiət olunur. Adı latın dilində 'mələk' sözündən gəlir və bu dua, İsa Məsihin Təcəssüm Sirri ilə insan təbiətimizi qəbul etməsini xatırladır.
 

Papa hər bazar günü günorta saatlarında Müqəddəs Peter meydanında Angelus duasını oxuyur.
 

Papa həmçinin günün İncilini şərh edir və beynəlxalq məsələlərə toxunur. Bu açıqlamalar bütün dünyada radio və televiziya vasitəsilə yayımlanır. Eyni zamanda, sosial mediada geniş şəkildə paylaşılır.
 

Pasxadan Pentikost (Əllinci Gün Bayramı) gününə qədər Angelus duası yerinə Regina Coeli duası oxunur. Bu dua İsa Məsihin Dirilməsini xatırladır və Angelus kimi, Qloriyanın ('Allahı ucaldaq' duasının) üç dəfə oxunması ilə tamamlanır.

Ən son 'Angelus' / 'Regina Caeli'

Həmçinin oxuyun >