Axtar

2026.01.24 LX Giornata Mondiale delle Comunicazioni Sociali

Papa Leo: Texnologiya insanı əvəz etməməli, ona xidmət etməlidir

Kilsə Ümumdünya Sosial Kommunikasiyalar Gününün 60-cı ildönümünü qeyd etdiyi bu günlərdə, Papa XIV Leonun yanvar ayında bu münasibətlə yaydığı müraciəti bir daha yada düşür. Pontifik həmin müraciətdə vurğulayır ki, süni intellekt və digər texnologiyalar insanın ləyaqətini kölgədə qoymamalı, əksinə, insan şəxsiyyətinə və onun ali dəyərinə xidmət etməlidir.

Toral Ağayev tərəfindən*

Üz cizgiləri və insan səsi hər bir şəxsin təkrarsız xüsusiyyətləri olmaqla yanaşı, insan kimliyinin və münasibətlərinin əsasını təşkil edir. Məhz bu həqiqətdən çıxış edən Papa XIV Leo 17 may 2026-cı ildə qeyd olunan Ümumdünya Sosial Kommunikasiyalar Gününün 60-cı ildönümü münasibətilə ünvanladığı müraciəti bu mövzuya həsr edib.Rəqəmsal kommunikasiya və süni intellektin mərkəzi yer tutduğu müraciətdə Pontifik texnoloji yeniliklərin getdikcə daha çox yön verdiyi müasir dünyada insan ləyaqətinin qorunmasının vacibliyini xüsusi şəkildə vurğulayır.

Papa xatırladır ki, insan övladı Allahın bənzərində və surətində yaradılıb və Söz vasitəsilə ünsiyyətə çağırılıb. Buna görə də insanın simasını və səsini qorumaq hər bir insanda mövcud olan ilahi izi qorumaq və hər bir insan həyatının əvəzolunmaz missiyasını uca tutmaq deməkdir.

"Odur ki, insanın simasını və səsini qorumaq Allah sevgisinin heç vaxt silinməyən bu izini, bu təzahürünü qorumaq deməkdir. Biz əvvəlcədən müəyyən edilmiş biokimyəvi formullardan ibarət bir növ deyilik. Hər birimiz fərdi həyat təcrübəmizdən qaynaqlanan və başqaları ilə qarşılıqlı əlaqə vasitəsilə təzahür edən əvəzolunmaz və bənzərsiz bir missiyaya sahibik," – deyə o qeyd edir.

Papa xəbərdarlıq edir ki, rəqəmsal texnologiyalar, xüsusən də səsləri, simaları və duyğuları simulyasiya edə bilən süni intellekt sistemləri insan ünsiyyətinin təməl ölçülərini dəyişdirmək təhlükəsi yaradır. O vurğulayır ki, buradakı əsas çağırış texnoloji deyil, antropolojidir; yəni əsas məsələ insan kimliyini və həqiqi münasibətləri qorumaqdır.

Papa diqqəti sosial media alqoritmlərinin təsirinə yönəldir. O bildirir ki, bu alqoritmlər dərin düşüncədən çox, ani emosional reaksiyaları ön plana çıxararaq tənqidi təfəkkürü zəiflədir və sosial qütbləşməni artırır.

"İnsanları bəsit həmfikirlik və yersiz qəzəb mühitlərinə bölməklə, bu alqoritmlər bizim dinləmək və tənqidi düşünmək qabiliyyətimizi azaldır, sosial qütbləşməni isə artırır," – deyə Papa izah edir.

O əlavə edir ki, məlumat axtarışında, yaradıcılıqda və qərar qəbuletmədə süni intellektdən artan asılılıq həm də analitik bacarıqların, təxəyyülün və fərdi məsuliyyət hissinin zəifləməsi riskini öz bərabərində gətirir.

Papa Leo rəqəmsal mühitlərdə reallıqla simulyasiyanı bir-birindən fərqləndirməyin çətinliyinə diqqət çəkir. Belə ki, avtomatlaşdırılmış agentlər və çatbotlar ictimai müzakirələrə və fərdi seçimlərə təsir edə, emosional reaksiyaları və şəxsiyyətlərarası münasibətləri istiqamətləndirə bilər. O qeyd edir ki, bu cür dinamika nəinki fərdlərə, həm də bütövlükdə sosial və mədəni həyata ciddi təsir göstərə bilər.

Ortaq məsuliyyət və təhsil

Bu çağırışların öhdəsindən gəlmək üçün Papa məsuliyyət, əməkdaşlıq və təhsili əsas sütunlar kimi müəyyənləşdirir. Texnologiya tərtibatçıları, siyasi hakimiyyət orqanları, media peşəkarları və təhsil işçiləri şəffaflığı təşviq etməyə, insan ləyaqətini qorumağa və informasiyanın bütövlüyünü təmin etməyə çağırılır.

"Qarşımızda duran vəzifə rəqəmsal innovasiyaları dayandırmaq deyil, əksinə, onu istiqamətləndirmək və onun ikili (ziddiyyətli) təbiətinin fərqində olmaqdır. Bu alətləri həqiqətən öz müttəfiqimizə çevirə bilməyimiz üçün insanın müdafiəsi naminə səsimizi ucaltmaq hər birimizin borcudur," – deyə Papa Leo bildirir.

O yazır ki, rəqəmsal innovasiyaları ümumi rifaha doğru yönəltmək üçün qurumlar və sektorlar arasında sıx əməkdaşlıq tələb olunur.

"Heç bir sektor rəqəmsal innovasiyaları istiqamətləndirmək və süni intellektin idarə edilməsi problemini təkbaşına həll edə bilməz. Buna görə də qoruyucu mexanizmlər tətbiq edilməlidir. Texnologiya sənayesindən tutmuş qanunvericilərə, yaradıcı şirkətlərdən akademiya dairələrinə, incəsənət xadimlərindən jurnalistlərə və təhsil işçilərinə qədər bütün tərəflər şüurlu və məsuliyyətli rəqəmsal vətəndaşlığın qurulması və həyata keçirilməsinə cəlb olunmalıdır," – deyə Papa təkidlə qeyd edir.

Sonda Papa Leo media, informasiya və süni intellekt savadlılığı istiqamətində təhsilin vacibliyini xüsusi vurğulayır; bunun tənqidi şüuru inkişaf etdirmək, şəxsi kimliyi qorumaq və məsuliyyətli kommunikasiya mədəniyyətini dəstəkləmək üçün əhəmiyyətli olduğunu bildirir.

"Sənaye inqilabı insanların yeni inkişaflara ayaq uydura bilməsi üçün təməl savadlılıq tələb etdiyi kimi, rəqəmsal inqilab da (humanitar və mədəni təhsillə yanaşı) rəqəmsal savadlılıq tələb edir. Bu savadlılıq alqoritmlərin reallıq qavrayışımızı necə formalaşdırdığını, süni intellektin qərəz mexanizmlərinin necə işlədiyini, xəbər lentlərimizdə müəyyən məzmunların peyda olmasını hansı mexanizmlərin müəyyənləşdirdiyini, habelə süni intellekt iqtisadiyyatının iqtisadi prinsiplərinin və modellərinin nədən ibarət olduğunu və onların necə dəyişə biləcəyini anlamaq üçün zəruridir," – deyə o yazır.

O sözlərini yekunlaşdıraraq bildirdi ki, ünsiyyətin insani ölçüsünü qoruyub saxlamaq və texnoloji tərəqqini insana xidmətə yönəltmək üçün insanın simasına və səsinə yenidən dəyər verilməsi mərkəzi əhəmiyyət kəsb etməyə davam edir.

"İnsanların adından yenidən danışmaq üçün simalara və səslərə ehtiyacımız var. Bütün texnoloji innovasiyaların xidmət etməli olduğu, bəşəriyyətin ən dərin həqiqəti olan ünsiyyət ənamını qoruyub əziz tutmalıyıq," – deyə Papa fikrini tamamladı.

* Bu məqalənin hazırlanmasında Vatican News tərəfindən təqdim olunmuş materiallardan geniş şəkildə istifadə edilib.

18 may 2026, 10:58