Axtar

Il Papa a San Pietro per l'udienza del mercoled�

Papa: Məryəm Kilsənin çağırıldığı həyatın mükəmməl nümunəsidir

Roma Papası XIV Leo həftəlik Ümumi Audiyensiyası zamanı vurğulayıb ki, Mübarək Məryəm Kilsənin mükəmməl nümunəsi, onun üzvü və Anasıdır.

ÜMUMİ AUDİENSİYA

Müqəddəs Peter Meydanı
Çərşənbə, 13 may 2026

Katexizis. II Vatikan Məclisinin Sənədləri. II. “Lumen gentium” Doqmatik Konstitusiyası. 9. Məryəm Ana -  Kilsənin mükəmməl nümunəsi

Əziz bacılar və qardaşlar, sabahınız xeyir və xoş gəlmisiniz!

İkinci Vatikan Məclisi Kilsə haqqında Doqmatik Konstitusiyanın son fəslini Məryəm Anaya (Lumen Gentium, 52-69) həsr etməyi qərara aldı. O, “Kilsənin ən görkəmli və bənzərsiz üzvü, iman və mərhəmətdə onun nümunəsi və mükəmməl örnəyi kimi qəbul edilir” (LG, 53). Bu sözlər bizə anlamağa kömək edir ki, Müqəddəs Ruhun fəaliyyəti ilə Allahın bəşər olmuş Oğlunu qəbul edib dünyaya gətirən Məryəmdə həm bütün kilsə icmasının nümunəsini, həm də onun ən görkəmli üzvünü və anasını görə bilərik.

Lütfün fəaliyyətinə Özünü tam şəkildə açaraq və Uca Olanın bəxş etdiyi hədiyyəni imanla və bakirə məhəbbətlə qəbul edərək Məryəm bütün Kilsənin çağırıldığı həyatın mükəmməl nümunəsi olmuşdur: Rəbbin Kəlamının yaradılışı və Müqəddəs Ruhun təsirinə təvazökarlıqla tabe olaraq doğulmuş Allah övladlarının anası. Bundan əlavə, O, iman edənlərin ən üstün nümunəsi olduğu üçün Allahın müqəddəs xalqının birliyi içində ilahi sirrə qeyd-şərtsiz açıq olmağın ən kamil formasını bizə göstərir və beləliklə, O, kilsə icmasının ən görkəmli üzvüdür. Eyni zamanda, Əbədi Sevilən Oğulda övladlar dünyaya gətirdiyi üçün Məryəm bütün Kilsənin Anasıdır; Kilsə Ona övlad etimadı ilə üz tuta bilər və əmindir ki, Onun tərəfindən eşidilir, qorunur və sevilir.

Məryəm Ananın bu xüsusiyyətlərinin cəmini Onu Sirrin ikonası olan bir qadın kimi adlandıraraq ifadə etmək olar. Qadın sözü, Məsihin anası olmaq kimi qeyri-adi təcrübəni yaşamaq bəxş edilmiş İsrailin bu gənc qızının tarixi reallığını vurğulayır. İkona ifadəsi isə vurğulayır ki, Onda eniş və yüksəlişin ikili hərəkəti həyata keçirilir: Onda həm Allahın təmənnasız seçimi, həm də Onun Allaha olan imanının azad razılığı parlayır. Beləliklə, Məryəm Sirrin, yəni bir vaxtlar gizli olan və indi İsa Məsihdə tam şəkildə nazil olan ilahi xilas planının ikonası olan qadındır.

Məclis Müqəddəs Məryəmin Xilas işində tutduğu bənzərsiz yer haqqında bizə aydın bir təlim qoyub getmişdir (Lumen Gentium, 60-62). O xatırladır ki, xilasın yeganə Vasitəçisi İsa Məsihdir (1 Tim 2:5-6) və Onun Ən Müqəddəs Anası “heç bir şəkildə möminlərin Məsihlə birbaşa birliyinə mane olmur, əksinə, bunu gücləndirir” (LG, 60). Eyni zamanda Məclis öyrədir ki, “Allah Kəlamının bədən almasını müəyyən edən ilahi iradəyə əsasən əzəldən Allahın Anası olmaq üçün seçilən Mübarək Bakirə… itaəti, imanı, ümidi və alovlu məhəbbəti ilə Xilaskarın işində iştirak edərək ruhlara fövqəltəbii həyatı qaytarmaq üçün əməkdaşlıq etmişdir. Məhz buna görə də o, bizim mənəvi anamızdır” (LG, 61).

Kilsənin sirri Müqəddəs Məryəmdə də əks olunur: Allahın xalqı onda öz başlanğıcını, nümunəsini və vətənini görür. Rəbbin Anasında Kilsə öz sirrini düşünür; çünki Onda yalnız bakirə imanının, ana məhəbbətinin və çağırıldığı gəlinlik əhdinin nümunəsini tapmır, həm də öz arxetipini — olmaq üçün çağırıldığı ideal surəti görür.

Gördüyümüz kimi, Lumen Gentium sənədində toplanmış Müqəddəs Ana haqqında düşüncələr bizi Kilsəni sevməyə və onun daxilində gəlməkdə olan və izzətdə tam şəkildə gerçəkləşəcək Allahın Padşahlığının həyata keçməsi üçün xidmət etməyə çağırır.

Buna görə də, gəlin Bakirə və Ana olan Məryəm kimi uca bir nümunədən ilham alaraq özümüzü sınağa çəkək və Ondan Onun şəfaəti ilə, Öz nümunəsi vasitəsilə bizdən istənilənlərə cavab verməkdə bizə kömək etməsini xahiş edək:

Kilsədəki iştirakımı təvazökar və fəal imanla yaşayırammı?

Onda Allahın sonsuz sevgisinə cavab vermək üçün mənə verdiyi əhd icmasını tanıyırammı?

Özümü Kilsənin canlı bir hissəsi kimi hiss edirəmmi və Allahın verdiyi çobanlara itaət edirəmmi?

Məryəmə Kilsənin nümunəsi, ən görkəmli üzvü və Anası kimi baxır və Ondan Oğlunun sadiq şagirdi olmaq üçün kömək istəyirəmmi?

Qardaşlar və bacılar, Məryəmin üzərinə enmiş və bizim də təvazökar və güvəndolu şəkildə çağırdığımız Müqəddəs Ruh bizə bu gözəl həqiqətləri tam şəkildə yaşamaq lütfünü versin. Və Lumen Gentium Konstitusiyası üzərində dərindən düşündükdən sonra, gəlin Bakirə Məryəmdən bizim üçün bu hədiyyəni diləyək: Qoy Müqəddəs Anamız Kilsəyə olan məhəbbətimiz hər birimizdə daha da artsın. Amin!

14 may 2026, 00:19

Ən son Audiensiyalar

Həmçinin oxuyun >