Papa XIV Leo: Liturgiya Kilsənin həyat mənbəyidir
ÜMUMİ AUDİENSİYA
Müqəddəs Peter Meydanı
Çərşənbə, 20 may 2026
Katexizis. II Vatikan Məclisinin Sənədləri. II. “Sacrosanctum Concilium” Konstitusiyası. 1. Kilsə sirrində liturgiyanın yeri
Əziz bacı və qardaşlar, sabahınız xeyir, xoş gəlmisiniz!
Bu gün biz II Vatikan Məclisinin qəbul etdiyi ilk sənəd - müqəddəs liturgiya haqqında “Sacrosanctum Concilium” Konstitusiyası (SC) üzərində yeni katexizis silsiləsinə başlayırıq.
Bu Konstitusiyanı hazırlayarkən Məclis ataları yalnız liturgik ayinlərin islahatını həyata keçirməyi deyil, həm də Kilsəni onun mahiyyətini təşkil edən və birləşdirən canlı bağ - Məsihin sirri haqda daha dərindən düşünməyə və dərk etməyə yönəltmək istəyirdilər. Həqiqətən də, liturgiya bu sirrin tam mərkəzinə toxunur: məhz burada, bu məkanda və zamanda Kilsə öz həyatını Məsihdən qəbul edir. Çünki liturgiyada «xilasımızın işi həyata keçirilir» (SC, 2). Elə buna görə də biz « seçilmiş nəsil, Padşahın kahin dəstəsi, müqəddəs millət, Allaha məxsus olan xalq» oluruq (bax: 1 Pet 2, 9).
XX əsr boyunca Kilsədə baş vermiş üçqat yenilənmə - biblikal, patristik və liturgik dirçəliş göstərdi ki, burada söhbət qaranlıq və anlaşılmaz bir həqiqətdən getmir. Söhbət əzəldən gizli saxlanılmış və Müqəddəs Paulun dediyi kimi Məsihdə aşkara çıxmış Allahın xilasedici planından gedir (bax: Ef 3, 2-6). Məhz budur xristian sirri: Pasxa hadisəsi, yəni Məsihin əzabları, ölümü, dirilməsi və izzətləndirilməsi. Bu sirr liturgiyada sakramental şəkildə bizə təqdim edilir. Beləliklə, biz hər dəfə Onun adına toplaşmış icmanın bir hissəsi olduğumuzda (bax: Matta 18, 20), həmin Sirrin içinə daxil olur və ona qərq oluruq.
Məsihin Özü Kilsə sirrinin daxili mənbəyidir. Allahın müqəddəs xalqı Onun çarmıxda nizə ilə deşilmiş böyründən doğulmuşdur. Müqəddəs liturgiyada isə Məsih Öz Ruhunun qüdrəti ilə fəaliyyət göstərməyə davam edir. O, Öz Gəlini olan Kilsəni müqəddəsləşdirir və Ataya təqdim etdiyi qurbanla birləşdirir. Məsih Özünəməxsus və bənzərsiz kahinliyini həyata keçirir. Obub mövcudluğu bəyan olunan Kəlamda, sakramentlərdə, liturgiyanı icra edən xidmətçilərdə, dua üçün toplanmış icmada və ən yüksək şəkildə Müqəddəs Yevvxaristiyadadır (bax: SC, 7). Buna görə də Müqəddəs Avqustinin dediyi kimi (bax: Vəz 277), Yevxaristiyanı qeyd edən Kilsə «Rəbbin Bədənini qəbul edir və qəbul etdiyinə çevrilir»: yəni Məsihin Bədəni olur, «Ruh vasitəsilə Allahın məskəninə» çevrilir (Ef 2, 22). Məhz budur «xilasımızın işi»: bizi Məsihə bənzədən və birlik içində inşa edən ilahi fəaliyyətdir.
Müqəddəs liturgiyada bu birlik «ayinlər və dualar» vasitəsilə gerçəkləşir (SC, 48). Kilsənin liturgik həyatı onun imanını ifadə edir, qədim “lex orandi, lex credendi” prinsipində deyildiyi kimi, «Kilsə necə dua edirsə, elə də inanır». Eyni zamanda liturgiya Kilsənin öz kimliyini də formalaşdırır. Bəyan edilən Kəlam, Sakramentin qeyd olunması, jestlər, sükut, məkan - bütün bunlar Atanın bir araya topladığı xalqı, Məsihin Bədənini və Müqəddəs Ruhun Məbədini görünən şəkildə ifadə edir və ona forma verir. Buna görə də hər bir liturgik qeyd etmə dua edən Kilsənin həqiqi təzahürünə çevrilir. Bunu müqəddəs II İoann Pavel də xatırladırdı (Vicesimus quintus annus Apostol Məktubu, 9).
Əgər liturgiya Məsihin sirrinə xidmət edirsə, onda aydın olur ki, nə üçün o, «Kilsənin bütün fəaliyyətinin yönəldiyi zirvə və eyni zamanda bütün qüvvəsinin qaynaqlandığı mənbə» adlandırılır (SC, 10). Doğrudur, Kilsənin fəaliyyəti yalnız liturgiya ilə məhdudlaşmır. Lakin onun bütün fəaliyyəti – müjdəçilik, yoxsullara xidmət, insan həyatının müxtəlif sahələrində müşayiətçilik - məhz bu «zirvəyə» yönəlir. Digər tərəfdən, liturgiya da möminləri daim Rəbbin Pasxa sirrinə daxil etməklə onları qidalandırır və möhkəmləndirir. Beləliklə, Kəlamın elan olunması, sakramentlərin qeyd edilməsi və birgə dua vasitəsilə möminlər yenilənir, ruhən güclənir və imanla yaşamaq, həmçinin öz missiyalarını yerinə yetirmək əzmində möhkəmlənirlər. Başqa sözlə desək, möminlərin liturgik fəaliyyətdə iştirakı həm «daxili», həm də «xarici» xarakter daşıyır.
Bu, eyni zamanda o deməkdir ki, liturgiya gündəlik həyatın içində görünən olmalı və konkret şəkildə təcəssüm tapmalıdır; etik və mənəvi bir dinamika kimi insanın bütün varlığını əhatə etməlidir. Belə ki, qeyd olunan liturgiya həyatın özünə çevrilməli və insanı yaşadığı ibadəti əməli şəkildə gerçəkləşdirən sadiq bir həyata çağırmalıdır. Məhz bu şəkildə həyatımız «Allaha məqbul olan, müqəddəs və diri qurban»a çevrilir və bizim «ruhani ibadətimiz» tamamlanır (Rom 12, 1).
Beləliklə, «liturgiya Kilsənin daxilində olanları hər gün Rəbb üçün müqəddəs məbəd kimi inşa edir» (SC, 2) və hər kəsə açıq olan bir icma formalaşdırır. Çünki bu icma Müqəddəs Ruh tərəfindən canlandırılır, bizi Məsihin həyatına daxil edir və bizi Onun Bədəninə çevirir. Bununla da Kilsə bütün ölçüləri ilə Məsihdə bütün bəşəriyyətin birliyinin əlaməti olur. Papa Fransiskin dediyi kimi: «Dünya bunu hələ bilmir, lakin hamı Quzunun toy məclisinə dəvət olunub» (Vəhy 19, 9) (Desiderio desideravi Apostol Məktubu, 5).
Əziz dostlar, qoy liturgiyada iştirak etdiyimiz zaman ayinlər, rəmzlər, jestlər və hər şeydən əvvəl Məsihin diri hüzuru bizi daxilən formalaşdırsın. Qarşıdakı katexizislərdə biz bu sirri daha dərindən araşdırmaq imkanı əldə edəcəyik.
