Axtar

Il Papa, 'la comunicazione sia sempre rispettosa della verit�'

XIV Leo: Rəbbin Göyə Yüksəlişi bizi Ataya doğru aparır, birlik və sülh yaradır

Papa XIV Leo bazar günü “Səmavi Mələkə” duası zamanı Rəbbin Göyə Yüksəlişi bayramı üzərində düşünərək bildirib ki, Məsihin bütün həyatı yüksəliş hərəkətidir və Onun insan təbiəti bütün dünyanı ağuşuna alaraq insanı ucaldır və xilas edir.

“SƏMAVİ MƏLƏKƏ”

Müqəddəs Peter Meydanı
Pasxanın VII Rəbb günü, 17 may 2026-cı il

Əziz bacılar və qardaşlar, Rəbb gününüz mübarək olsun!

Bu gün dünyanın bir çox ölkəsində Rəbbin Göyə Yüksəlişi bayramı qeyd olunur.

Müqəddəs Yazının dediyi kimi (bax: Həv. 1, 1-11), yerdən yüksələrək göyə qalxan İsanın surəti bizdə bu Sirrin çox uzaq keçmişdə baş vermiş bir hadisə olduğu düşüncəsini yarada bilər. Lakin əslində belə deyil. Çünki biz İsa ilə vahid Bədənin üzvləri kimi birləşmişik və O həmin Bədənin Başçısıdır. Buna görə də İsa göyə yüksələrkən bizi də Özü ilə birlikdə Atayla tam ünsiyyətə doğru aparır. Bu barədə Müqəddəs Avqustin belə deyirdi: «Başın yüksəlişi üzvlərin ümididir» (Vəz 265, 1.2).

Həqiqətən də, Məsihin bütün həyatı yüksəliş yoludur. O, Öz insan təbiəti vasitəsilə bütün dünyanı ağuşuna alır və onu Öz yoluna daxil edir, insanı günah vəziyyətindən xilas edir. Beləcə, O, əvvəllər qaranlıq, ədalətsizlik və ümidsizliyin hökm sürdüyü yerlərə nur, bağışlanma və ümid gətirir ki, insanlar Allah Oğlunun ölümü vasitəsilə «ölümümüzü məhv etdiyi» və dirilməsi ilə «həyatımızı bərpa etdiyi» Pasxanın qəti zəfərinə çata bilsinlər (Pasxanın I Prefasiyası).

Deməli, Göyə Yüksəliş bizə uzaq bir vəddən deyil, canlı bir bağdan danışır. Bu bağ bizi səmavi izzətə doğru çəkir, artıq bu həyatda baxışlarımızı ucaldır və genişləndirir, düşüncə, hiss və davranışlarımızı Allahın qəlbinin ölçüsünə daha da yaxınlaşdırır.

Bu yüksəliş istiqamətində biz yolu tanımış oluruq (bax: Yəh. 14, 1-6). Çünki həmin yolu İsada -  Onun bizə bəxş etdiyi həyatının ənamında, Onun nümunəsində və təlimində tapırıq. Biz bu yolu həmçinin Kilsənin bütün insanlar üçün örnək kimi təqdim etdiyi şəxslərdə -  Mübarək Məryəmdə və müqəddəslərdə görürük. Papa Fransisk gündəlik həyatımızda yanımızda olan,  İncili sevinc,  sədaqət və  səmimiyyətlə yaşamağa çalışan «qonşuluqdakı müqəddəslərdən»  - atalar, analar, babalar, nənələr, müxtəlif yaş və vəziyyətdə olan insanlardan da danışmağı sevirdi (bax: Apostol Nəsihəti Gaudete et Exsultate, 7).

Onlarla birlikdə, onların dəstəyi və duaları sayəsində biz də gündən-günə göyə doğru yüksəlməyi öyrənə bilərik. Müqəddəs Paulun dediyi kimi, biz həqiqi, ədalətli və sevilməyə layiq olan hər şeyə yönəlməliyik (bax: Fil. 4, 8) və Allahın köməyi ilə «eşitdiyimiz və gördüyümüz» hər şeyi həyata keçirməliyik (ayə 9). Beləcə, Vəftizdə qəbul etdiyimiz və bizi daim yüksəkliklərə, Ataya doğru çəkən ilahi həyat həm içimizdə, həm də ətrafımızda böyüyərək dünyada birlik və sülhün qiymətli bəhrələrini verə bilər.

Qoy Səmami Mələkə Məryəm bizi hər bir anda nurlandıraraq və istiqamətləndirərək bu yolda bizə dayaq olsun.

17 may 2026, 16:30

Regina Coeli nədir?

 

Regina Coeli ("Səma Mələkəsi") antifonu  dörd ənənəvi Marian antifonundan biridir, digərləri Alma Redemptoris Mater, Ave Regina Coelorum və Salve Regina-dır.

Papa XIV Benedikt Pasxa bayramında, Pasxa bazarından Pentikostun sonuna qədər Angelusun yerinə Regina Coelinin oxunmasını əmr etmişdi. Regina Coeli Məsihin ölüm üzərində qələbəsinin əlaməti olaraq ayaq üstə oxunur.

Angelus kimi, Regina Coeli də günü Allaha və Məryəm Anaya həsr etmək üçün gündə üç dəfə, səhər, günorta və axşam vaxtı oxunur. Bu qədim antifonun mömin ənənəyə görə ilk dəfə VI əsrdə istifadə edilməyə başladığı bildirilir. XIII əsrin birinci yarısına aid sənədli mənbələrdə təsdiqlənir ki, o, Fransiskan breviarisinə əlavə edilib. Regina Coeli hər biri 'alleluiya' ilə bitən dörd qısa sətirdən ibarətdir. Regina Coeli ilə imanlılar İsanın dirilməsinə birlikdə sevinmək üçün Səma Mələkəsi Məryəmə müraciət edirlər.

2015-ci ilin Pasxa Bazar ertəsi günü Regina Coeli duasında Papa Fransisk imanlıların bu Marian duasını edərkən hansı mənəvi hallar ilə hərəkət etməli olduqlarını belə ifadə etdi:

“Alleluiya ilə ifadə edilən bu duada biz Məryəmə müraciət edirik, onu sevinməyə dəvət edirik, çünki bətnində daşıdığı Şəxs vəd etdiyi kimi Dirilmişdir. Biz özümüzü onun şəfaətinə tapşırırıq. Əslində, bizim sevincimiz Məryəmin sevincinin əksidir, çünki İsanın hadisələrini imanla qoruyan və mühafizə edən odur. Ona görə də gəlin bu duanı anaları xoşbəxt olduğu üçün xoşbəxt olan uşaqların duyğuları ilə oxuyaq”.

Ən son 'Angelus' / 'Regina Caeli'

Həmçinin oxuyun >