Axtar

Papa XIV Leo Müqəddəs Peter Bazilikasında Müqəddəs Həvarilər Peter və Paul bayramı Messasına başçılıq edir. Vatikan, 29 iyun 2026-cı il Papa XIV Leo Müqəddəs Peter Bazilikasında Müqəddəs Həvarilər Peter və Paul bayramı Messasına başçılıq edir. Vatikan, 29 iyun 2026-cı il   (ANSA)

Papa XIV Leo: Kilsədə birlik Həqiqətin nurunda qurulur

29 iyun - Müqəddəs həvarilər Peter və Paulun bayramı günündə Papa XIV Leo Müqəddəs Peter bazilikasında təntənəli ibadətə başçılıq edib. Liturgiya zamanı yeni təyin olunmuş mitropolit arxiyepiskoplara pallium təqdim olunub. Toplaşanlara vəz ilə müraciət edən Müqəddəs Ata Kilsənin iki böyük sütunu - Peter və Paulun şəxsiyyəti üzərində dayanaraq, onların xidmətinin bu gün də Kilsə üçün yol göstərən örnək olaraq qaldığını vurğulayıb.

PAPA XIV LEONUN VƏZİ

Müqəddəs Peter Bazilikası
29 iyun 2026-cı il, bazar ertəsi 

Əziz bacı və qardaşlar,

Bu gün Kilsə vahid bir təntənə ilə Roma şəhərinin və Roma Yeparxiyasının himayədarları olan Müqəddəs Peter və Paulun xatirəsini qeyd edir. Onlardan biri İsa tərəfindən sürüsünə çoban seçildi, digəri isə başqa xalqlara göndərilən həvari oldu. Biz bu iki müqəddəsdə Kilsənin iki sütununa ehtiram göstəririk.

Allah xalqının çobanı olan Peter Əhdi-Cədidin səhifələrində çox vaxt qardaşlar arasında birliyi qoruyub saxlayan şəxs kimi təsvir edilir. Məhz o, Qalileya gölündə nəticəsiz keçən bir gecədən sonra Müəlliminə belə deyir: «Ustad, biz bütün gecə çalışdıq, lakin heç nə tuta bilmədik. Amma Sənin sözünə görə yenə də torları ataram» (Luka 5,5). Bundan sonra o, digər həvarilərlə birlikdə yenidən dənizə çıxır. Həyat Çörəyi haqqında söylənilən mürəkkəb sözlərdən sonra bir çoxları İsanı tərk etdiyi zaman da məhz Peter Məsihə belə cavab verir: «Ya Rəbb, biz kimin yanına gedək? Əbədi həyatın sözlərini söyləyən Sənsən» (Yəhya 6,68) və digər on bir həvari ilə birlikdə Onun yanında qalır. Qeysəriyyə Filipidə də İsanı Var olan Allahın Oğlu kimi tanıyan ilk şəxs məhz Peterdir. Bugünkü İncildə eşitdiyimiz kimi (Matta 16,13-19), bütün həvarilər adından danışaraq vahid imanı etiraf edən də odur. Dirilmədən sonra isə gölün sahilində Rəbbi ilk qarşılayan yenə də odur. O, özünü suya ataraq digərlərindən əvvəl İsanın yanına üzür ki, təvazökarlıqla Ona olan məhəbbətini bir daha təsdiq etsin və yenidən Ondan öz missiyasını qəbul etsin (Yəh 21,1-17).

Peter bu missiyaya sonadək sadiq qalır. Məsələn, Yerusəlimdə sünnət olunmamış başqa xalqların Vəftizə edilməsi məsələsi ilk xristian icmasının birliyini təhlükə altına qoyanda da o, öz missiyasini yerinə yetirir. O, qardaşları bir yerə toplayır, onların hər birini dinləyir və Müqəddəs Ruhun rəhbərliyi ilə elə bir qərar qəbul edir ki, həm Kilsənin birliyi qorunur, həm də Allah xalqının həyatında yeni bir dövr başlanır. Çünki Peter belə deyir: « inanırıq ki, biz də Rəbb İsanın lütfü ilə xilas oluruq, onlar da» (Həv 15,11).Lakin Peterin bu böyüklüyü onun qüsursuz insan olduğu anlamına gəlmir. Əksinə, İsanın əzabları zamanı o, Müəllimini inkar edir və yalnız bundan sonra ürəkdən tövbə edərək acı göz yaşları tökür (Luka 22,54-62). Sonralar isə başqa bir vəziyyətdə Paul onun bəzi davranışlarındakı ardıcıllıq çatışmazlığını açıq şəkildə tənqid edir (Qal 2,11-14). Bununla belə, Peter öz səhvlərini etiraf etməyi və tövbə etməyi bacarır. O, ruhdan düşmür və Məsihin sürüsünü toplamaq, İncili bəyan etmək missiyasından geri çəkilmir. Bu yolda o, şəhidliyə qədər sədaqətlə irəliləyir. Elə burada, Romada, bizim indi toplandığımız yerdən çox da uzaq olmayan yerdə öz canını Məsih uğrunda fəda edir.

Hər il, 29 iyun tarixində, Müqəddəs Peter Bazilikasının "Həvari Peter" heykəli Roma Papasının səlahiyyətinin rəmzləri ilə bəzədilir
Hər il, 29 iyun tarixində, Müqəddəs Peter Bazilikasının "Həvari Peter" heykəli Roma Papasının səlahiyyətinin rəmzləri ilə bəzədilir   (@Vatican Media)

Peteri çox vaxt təsvir edən açarlar rəmzi onun Kilsədə birliyi qorumaq yolunda göstərdiyi sədaqətli və səbirli xidməti ən gözək şəkildə ifadə edir (Matta 16,19). Açar qapını sındırmır. O, qıfılın mexanizmini hərəkətə gətirərək qapını açır və bağlayır. Beləcə, bağlı qapılar açılır, ayrı-ayrı otaqlar bir-biri ilə birləşir və təcrid olunmuş məkanlar hamını qəbul edən vahid bir evə çevrilir. Kilsədə birlik də eyni şəkildə yaranır. O, insanın öz mövqeyindən inadla yapışması ilə deyil, hər bir qəlbdə Həqiqət naminə görüş nöqtələri axtarması ilə qurulur. Çünki hər bir insan yalnız Həqiqətin nurunda başqasının iman yolunda inkişafına xidmət edə bilər.

Papa XIV Leo təntənəli Messada. 29 iyun 2026-cı il
Papa XIV Leo təntənəli Messada. 29 iyun 2026-cı il   (ANSA)

Bu baxımdan Rəbbin Peterə və onun varislərinə həvalə etdiyi missiyanın Allahın bütün müqəddəs xalqının rifahına xidmət etdiyini daha aydın dərk edə bilərik. Bu missiya hər bir insanın səsini dinləməyi, ilhamları ayırd etməyi, yol göstərməyi, səhvləri düzəltməyi, öyrətməyi, ruhlandırmağı, nəsihət verməyi və bacı-qardaşlarını müşayiət etməyi əhatə edir ki, onların hamısı eyni Ruhun fəaliyyətinə itaətlə açıq olaraq (1 Kor 12,1-11) bir-birinin və bütün bəşəriyyətin xilası naminə əməkdaşlıq etsinlər. Eyni zamanda, Peterin nümunəsi hər bir xristian üçün də çağırışdır: həyatının mərkəzinə Allahı qoyaraq, bacı və qardaşlarına yaxın olmağa, onların vəziyyətinə və ehtiyaclarına həssas yanaşmağa və bununla da birlik qurucusu olmağa çağırışdır (Papa Fransisk, Katexizis, 9 oktyabr 2024-ci il). Biz məhz bu yol ilə bir-birimizlə məhəbbət içində yaşamağı öyrənirik ki, Müjdə öz dolğunluğu ilə bəyan olunsun ( 2 Tim 4,17).
Eyni həqiqəti xatirəsini bu gün qeyd etdiyimiz digər böyük həvari - Müjdənin yorulmaz carçısı olan Paul də öz həyatı ilə təsdiqləyir. Onun da özünəməxsus rəmzləri var: kitab və qılınc. Bu iki rəmz bir-biri ilə sıx bağlıdır. İbranilərə Məktubun müəllifi bunu belə izah edir: «Allahın kəlamı canlı və təsirlidir, hər ikiağızlı qılıncdan da itidir, canla ruhu, oynaqlarla iliyi bir-birindən ayıraraq keçir, ürəyin fikir və niyyətlərini ayırd edir.» (İbr 4,12).

Allah məhz bunu gənc Şaulun qəlbində həyata keçirdi. O, onu Özünə cəlb etdi (Flp 3,12), əvvəlcə Müjdə vasitəsilə onun həyatını kökündən dəyişdirdi, ona yeni ad verdi, sonra isə onu Müjdəni bütün dünyaya bəyan etməyə göndərdi. Nəhayət, Peter kimi, Paul da məhz bu şəhərdə həyatını fəda edərək Müjdəyə şəhadət verdi. Başqa xalqlara göndərilmiş bu həvari Allahın Kəlamının qüdrətinə özünü tam etibar etdi. Məhz bu Kəlam onu zorakılıq yolundan xilas edərək məhəbbət yoluna yönəltdi.

Müqəddəs Avqustin Paulun dönüşü və həvari xidmətindən bəhs edərkən yazır: «O, Dəməşqə gedərkən ürəyi hədə-qorxu və qətl niyyəti ilə dolu idi. Lakin adı ilə çağırıldı və göydən gələn səs, onu Özünə səsləyən Kəlam tərəfindən yerə yıxıldı» (Həv 9,1–7) (Vəz 299/A, əlavələr, 6). Daha sonra isə belə davam edir: «Allah Kilsənin təqibçisini sülh müjdəçisinə çevirdi. Onun bütün günahlarını bağışladı və ona elə bir xidmət etibar etdi ki, bu xidmət vasitəsilə başqalarının günahlarının bağışlanmasına xidmət etsin» (eyni mənbə).Əziz dostlar, bu gün Müqəddəs Peter və Paula baxaraq biz də necə həvari ola biləcəyimizi, Kilsədə birliyi necə möhkəmləndirə biləcəyimizi və məhəbbət ruhu ilə həqiqətə necə sədaqətlə xidmət edə biləcəyimizi öyrənirik. İndi isə biz qədim və dərin məna daşıyan bir ayini – mitropolit olan arxiyepiskoplara palliumun təqdim olunması mərasimini keçirəcəyik. Xaçlarla bəzədilmiş bu ağ yun zolaq hər bir Çobanın, eləcə də hər bir xristianın üzərinə götürdüyü məsuliyyəti ifadə edir -  onlara etibar edilmiş bacı və qardaşları, Rəbbin sürüsünə məxsus quzuları kimi çiyinlərində daşımaq, onlar naminə öz gücünü, vaxtını və əməyini əsirgəməmək, hətta lazım gələrsə, həyatını belə fəda etmək məsuliyyətini. Bütün bunlar ona görədir ki, İncilin nuru hər bir insana çatsın və bütün dünya onun sayəsində həqiqi harmoniya və sülh yolunu tapsın ( II Vatikan Ümumdünya Məclisi, “Gaudium et Spes” Pastoral Konstitusiyası, 38).

: Papa XIV Leo və Konstantinopol Patriarxlığın nümayəndə heyətinin başçısı Mitropolit Emmanuel
: Papa XIV Leo və Konstantinopol Patriarxlığın nümayəndə heyətinin başçısı Mitropolit Emmanuel   (ANSA)

Bu duyğularla əziz qardaşım, Zati-Müqəddəsləri Patriarx Varfolomeyin göndərdiyi və Xalkidon mitropoliti, Zati-aliləri Emmanuelin rəhbərlik etdiyi Konstantinopol Ekumenik Patriarxlığının nümayəndə heyətini böyük məmnuniyyət və səmimiyyətlə salamlayıram.

Gəlin Müqəddəs Peter və Paulun şəfaətini diləyək ki, Xilaskarın izi ilə birlik yolunda irəliləyərkən bizə dayaq olsunlar. Məsih məhz bu yolu bizim üçün müəyyən etmişdir. Son Şam Süfrəsində O, Atasına etdiyi duada da məhz bunun üçün yalvarmışdı (Yəhya 17,21–23). Eyni zamanda, bizi bu məqsədə möhkəm ümidlə can atmağa da Özü öyrətmişdir (Papa XVI Benedikt, Mitropolit arxiyepiskoplara palliumun təqdim olunması münasibətilə keçirilən Müqəddəs Messada vəz, 29 iyun 2012).

29 iyun 2026, 18:47