Papa XIV Leo: Qoy Yevxaristiya Sirri bizi dəyişdirsin
ÜMUMİ AUDİENSİYA
Müqəddəs Peter Meydanı
Çərşənbə, 24 iyun 2026
Katexizis. II Vatikan Məclisinin Sənədləri. II. “Sacrosanctum Concilium” Konstitusiyası. 4. Yevxaristiya Sirri
Əziz qardaşlar və bacılar, sabahınız xeyir! Xoş gəlmisiniz!
Bu gün İkinci Vatikan Məclisinin sənədlərinə, xüsusilə də liturgiyaya həsr olunmuş “Sacrosanctum Concilium” Konstitusiyasına dair katexizislərimizi davam etdirəcəyik.
Müqəddəs Avqustin yeni vəftiz olunmuşlara Məsihin Bədəninin sirrini izah etmək istəyəndə bir qədər əvvəl eşitdiyimiz Müqəddəs Paulun sözlərinə müraciət edirdi: «Siz də Məsihin bədənisiniz, ayrı-ayrılıqda isə bu bədənin üzvlərisiniz» (1 Kor 12,27). Sonra o əlavə edirdi: «Qəbul etdiyiniz şey sizin öz sirrinizdir. Sizə təqdim edilənə “Amin” deyə cavab verirsiniz və bu cavab sizin imzanız kimidir. Sizə “Məsihin Bədəni” deyilir və siz “Amin” cavabını verirsiniz. Elə isə Məsihin Bədəninin üzvləri olun ki, sizin “Amin”iniz həqiqi olsun. [...] Gördüyünüz olun və olduğunuzu qəbul edin» (Vəz 272: PL 38, 1247).
İsa Məsihin Son Şam Süfrəsini xatırlatdıqdan dərhal sonra Liturgiya Konstitusiyası Yevxaristiyadan məhz Müqəddəs Avqustinin ifadə etdiyi bu anlayış çərçivəsində bəhs edir. Xristian üçün Rəbbin süfrəsində iştirak etmək Allahın Kəlamı ilə öyrədilmək, səmavi qida ilə bəslənmək və Allaha şükür etmək deməkdir (bax: SC, 48). Məsihi məhz Kəlamda və Yevxaristiyada qəbul etdikcə biz qəbul etdiyimizə çevrilirik. Biz Başı Atanın sağında izzətlə əyləşən və bizim üçün səmada yer hazırlayan dirilmiş Məsihin olan Bədənə çevrilirik (bax: Kol 1,18; Yəh 14,3). Bu səbəbdən Yevxaristiya gələcək Padşahlığın sakramentidir. O, bizi səmavi vətənimizə aparan yolda qüvvətləndirən həyat çörəyidir və bizi bir gün Allahın «hər şeydə hər şey» olacağı mübarək günə doğru yönəldir (bax: 1 Kor 15,28).
Liturgiya Konstitusiyası vurğulayır ki, liturgik məclis Qurbanı «yalnız keşişin əlləri vasitəsilə deyil, həm də onunla birlikdə» təqdim edir (SC, 48). Bu baxımdan Yevxaristiya xristianların mənəvi qurbanının ifadəsidir (bax: İbr 13,16; Rom 12,1), insanı Allahla və başqa insanlar ilə daha dərin birliyə aparan yoldur. Yevxaristiyada iştirak edən möminlər özlərini də təqdim etməyi öyrənirlər. Beləcə, Vasitəçi olan Məsih vasitəsilə onlar gündən-günə həm Allahla, həm də bir-biriləri ilə daha kamil birliyə doğru yönəlirlər (SC, 48). Yevxaristiya bizi Məsihin Bədəninə daxil etməklə, eyni zamanda Onun həyat tərzini də mənimsəməyi öyrədir. Bu həyat tərzi özünü tamamilə başqalarına bəxş etməklə səciyyələnirdi. Məhz bu qarşılıqsız özünüvermə insanı birliyə aparan yola daxil edir və dünyamızı, icmalarımızı, ailələrimizi, hətta qəlblərimizi parçalamağa çalışan bölücülük qüvvələrinə qarşı güclü bir dərmana çevrilir (SC, 47).
Əziz bacı və qardaşlar, Yevxaristiyada iştirak etdiyimiz zaman biz Allahın Kəlamını dinləməyə və Rəbbin Özünü Ataya təqdim etdiyi süfrədə Onunla qidalanmağa dəvət olunuruq. Müqəddəs Messanın bu iki hissəsi – Kəlam liturgiyası və Yevxaristiya liturgiyası – «bir-biri ilə o qədər sıx bağlıdır ki, birlikdə vahid ibadət əməlini təşkil edir» (SC, 56).
Allahın Kəlamına gəldikdə isə yadda saxlamalıyıq ki, məqsəd yalnız Müqəddəs Yazılar haqqında nəzəri bilik əldə etmək deyil. Əsas olan Allahın həm hamıya, həm də eyni zamanda hər bir insana şəxsən ünvanladığı «canlı və təsirli» Kəlamı qəbul etməkdir (bax: İbr 4,12). Bu Kəlam Yevxaristiya Çörəyi ilə birlikdə bizi qidalandırır və möhkəmləndirir, bizi günahın əsarətindən Məsihdəki yeni həyata aparır. «Yevxaristiya bizə Müqəddəs Yazıları daha dərindən anlamaq imkanı verdiyi kimi, Müqəddəs Yazılar da öz növbəsində Yevxaristiya sirrini işıqlandırır və izah edir» (XVI Benedikt, Verbum Domini, 55).
İkinci Vatikan Məclisi arzu edirdi ki, Müqəddəs Kitabın xəzinələri möminlər üçün daha geniş şəkildə açılsın və onlar Allahın Kəlamı süfrəsindən daha bol şəkildə bəhrələnsinlər (SC, 51). Liturgiya islahatı bu çağırışı liturgik mərasimlərdə oxunan bütün Müqəddəs Kitab mətnlərini özündə birləşdirən Leksionariy vasitəsilə həyata keçirdi. Bu zənginlik canlı Müqəddəs Ənənənin ən saf mənbəyindən qaynaqlanır. Həmin Ənənə bir tərəfdən Kilsənin irsinə sədaqəti qoruyur, digər tərəfdən isə əsaslı və qanuni yenilənməyə açıq qalır (SC, 23).
Liturgiya Konstitusiyasının ikinci fəsli Kilsə Atalarından bizə qədər gəlib çatan Müqəddəs Ənənənin böyük axınına çoxsaylı istinadlarla başlayır. Orada belə deyilir:
«Xilaskarımız xəyanətə uğradığı gecə, Son Şam Süfrəsi zamanı Öz Bədəninin və Qanının Yevxaristiya Qurbanını təsis etdi. O bunu Ona görə etdi ki, yenidən gələcəyi günədək Çarmıx Qurbanını əsrlər boyu davam etdirsin və sevimli Gəlini olan Kilsəyə Öz ölümünün və dirilməsinin xatirəsini etibar etsin. Bu xatirə məhəbbət sakramenti, birlik əlaməti, məhəbbət bağı, pasxa ziyafətidir; burada Məsih qəbul olunur, ruh lütflə dolur və bizə gələcək izzətin girovu verilir» (SC, 47).
Əziz bacı və qardaşlar, gəlin ilahi həyatın bu mənbəyindən imanla bəhrələnək və qeyd etdiyimiz bu sirrin bizi daxildən dəyişdirməsinə imkan verək.
