Axtar

Papa XIV Leo Ümumi Audiensiyadan əvvəl zəvvarları salamlayır Papa XIV Leo Ümumi Audiensiyadan əvvəl zəvvarları salamlayır  (@VATICAN MEDIA)

Papa: Dua ümid əməlidir

Avqustun 5-də, Papa XIV Leo liturgiya haqqında II Vatikan Məclisinin “Sacrosanctum Concilium” Konstitusiyasına həsr etdiyi beşinci katexizisində liturgik duanın kilsəvi mahiyyəti üzərində dayanıb. O, liturgiyanı «Allahın Öz Oğlu vasitəsilə bəşəriyyətlə görüşü məkanı» kimi səciyyələndirib.

ÜMUMİ AUDİENSİYA

Müqəddəs Peter Bazilikası
Çərşənbə, 4 avqust 2026

Katexizis. II Vatikan Məclisinin Sənədləri. II. “Sacrosanctum Concilium” Konstitusiyası. 5. Kilsənin duası

Əziz qardaşlar və bacılar, sabahınız xeyir! Xoş gəlmisiniz!

Bu katexizisdə biz liturgiya haqqında II Vatikan Məclisinin “Sacrosanctum Concilium” Konstitusiyası üzərində düşünməyi davam etdirəcəyik. Bu gün isə liturgik duanın kilsəvi mahiyyəti barədə danışacağıq.

Həvari Paulun yazdığı kimi, dua etməyi bizə Müqəddəs Ruh öyrədir. Pentikost günündən etibarən Müqəddəs Ruh Kilsədə məskən salıb, onun bütün fəaliyyətini, xüsusilə də duasını ilhamlandırır. İsanın Pasxasından sonra Yerusəlimdə yaranmış ilk xristian icmasının həyatı Dirilmiş Rəbbin bəxş etdiyi Müqəddəs Ruhun həyatıdır. “Məhz o vaxtdan etibarən Kilsə Pasxa sirrini qeyd etmək üçün bir yerə toplaşmaqdan heç vaxt geri qalmamışdır. O, “Müqəddəs Yazıların hamısında Məsih haqqında deyilənləri” (Lk 24, 27) oxuyur, “Onun ölümünün qələbə və zəfərinin yenidən aktuallaşdığı” Yevxaristiyanı qeyd edir və eyni zamanda Müqəddəs Ruhun qüdrəti ilə, “Onun izzətinin tərifi üçün” (Ef 1,12)  Allaha İsa Məsihdə bəxş etdiyi “ifadəolunmaz hədiyyəsinə görə” (2 Kor 9,15) şükür edir” (SC, 6).

Müasir dövrdə səmərəlilik və istehlakçılıq düşüncəsinin hakim olduğu cəmiyyətlərdə dua çox vaxt faydasız və əhəmiyyətsiz bir şey kimi görünür. Elm və texnologiyanın bütün suallara cavab verdiyi iddia olunan bir dünyada dua bəzilərinə reallıqdan qaçış təsiri bağışlaya bilər. Üstəlik, bir çox xristian ailəsində dua ənənəsi artıq yeni nəsillərə ötürülmür. Digər tərəfdən, bəzi insanlar duanı yalnız psixoloji rahatlıq və şəxsi rifah əldə etməyə xidmət edən üsullardan biri kimi qəbul edir. Lakin dua insan varlığının əsas ölçülərindən biri olduğuna görə, onun həqiqi mahiyyətini yenidən kəşf etmək böyük əhəmiyyət daşıyır.

“Sacrosanctum Concilium” Konstitusiyası bu məsələyə xüsusi diqqət göstərdi. Bu, II Vatikan Məclisinin təsdiq etdiyi ilk sənədi elan edərkən Müqəddəs Papa VI Paveli böyük sevincə qərq etmişdi. O deyirdi: “Allah hər şeydən əvvəldir. Dua bizim ilk vəzifəmizdir. Liturgiya bizə bəxş olunan ilahi həyatın əsas mənbəyi, ruhani həyatımızın isə ilk məktəbidir” (Müqəddəs Peter Bazilikasında çıxış, 4 dekabr 1963-cü il).

Əslində, “Sacrosanctum Concilium” Konstitusiyasında “dua” anlayışı bütün liturgiyanı əhatə edir. Məhz bu yanaşma həlledici əhəmiyyət daşıyır və liturgik islahatın əsas istiqamətini müəyyənləşdirdi. Bu islahatın təməl prinsipi möminlərin liturgiyada fəal iştirakına çevrildi. Konstitusiya liturgiyanı, hər şeydən əvvəl, Allahla insanın görüş yeri kimi təqdim edir. Burada təşəbbüs insana deyil, Allahın Özünə məxsusdur. O, “bədən almış və Müqəddəs Ruhla məsh edilmiş Kəlam” olan Öz Oğlu vasitəsilə (SC, 5) insana yaxınlaşır. Biz isə Ona “Məsih vasitəsilə, Məsihlə birlikdə və Məsihdə, Müqəddəs Ruhun birliyində”  cavab veririk. Başqa sözlə, bu, “Məsihin Öz Bədəni ilə birlikdə Ataya yüksəltdiyi duaya” qoşulmaq deməkdir (SC, 84).

Məhz buna görə Müqəddəs Papa VI Pavel ürəkdən arzulayırdı ki, Yevxaristiyadan ayrılmaz olan və Kilsənin hər gün bütün xalq adından yüksəltdiyi ictimai duası  - Saatlar Liturgiyası -  bütün xristian duasına dərindən nüfuz etsin, ona həyat versin, onu istiqamətləndirsin və ifadə etsin, eyni zamanda Allah xalqının ruhani həyatını səmərəli şəkildə qidalandırsın (bax: “Laudis canticum” apostol konstitusiyası).

Bu arzunun gerçəkləşməsi üçün Saatlar Liturgiyası vəftiz olunmuş möminlərin və kilsə icmalarının gündəlik həyatında daha geniş yer tutmalı və daha dərindən yaşanmalıdır. Dua etməyi öyrənmək istəyən hər kəs, xüsusilə də katexumenlər üçün Saatlar Liturgiyası xristian duasını öyrədən etibarlı yol və əsl ruhani məktəb ola bilər.

Hər həftə və hər gün Yevxaristiya ilə Saatlar Liturgiyası Kilsənin həyatının nəfəsidir. Məhz onlar Müqəddəs Ruhun Kilsənin Bədənində daim fəaliyyət göstərməsini təmin edir. Bu duada Məsih “bütün bəşəriyyəti Özünə birləşdirir və onu  ilahi tərənnüm nəğməsinə şərik edir” (SC, 83). Beləliklə, biz gündən-günə Pasxa sirri ilə daha sıx birləşir, həyatımızda getdikcə daha çox Məsihə bənzəyirik.

Müqəddəs Avqustin belə yazır: “Biz mərhəmət diləyərək Allaha dua etdikdə, Oğulu Atadan ayırmırıq. Oğulun Bədəni dua edərkən isə Öz Başını Özündən ayırmır. Beləliklə, Bədəninin yeganə Xilaskarı olan Rəbbimiz İsa Məsih, Allahın Oğlu, həm bizim üçün dua edir, həm bizim daxilimizdə dua edir, həm də bizim tərəfimizdən Ona dua edilir. O, bizim üçün Baş Kahinimiz kimi dua edir; bizim daxilimizdə Başımız kimi dua edir; biz isə Ona Allahımız kimi dua edirik. Buna görə də, gəlin Onun sözlərində öz sözlərimizi, öz sözlərimizdə isə Onun sözlərini tanıyaq” (Enarrationes in Psalmos, 86).

Yevxaristiya ilə ayrılmaz şəkildə bağlı olan və onun nurunu bütün gün boyu davam etdirən Saatlar Liturgiyası gündəlik həyatımızın zamanını müqəddəsləşdirir. Səhər biz günü iman və şükürlə başlayırıq. Günorta əmək və vəzifələrimizin içində Rəbbə sadiq qalmaq üçün Ondan güc diləyirik. Axşam işlərimiz başa çatdıqda, duamız günəşin batmasını müşayiət edir. Gecə isə özümüzü Allahın sülhünə etibar edərək yuxuya gedirik. Saatlar Liturgiyasının hər bir duası ümid əməlinə çevrilir. Çünki yer üzündəki zəvvarlığımız boyunca Rəbbin izzətlə yenidən gəlişini gözləyərək biz bütün Kilsə ilə birlikdə ayıq-sayıq qalırıq.

06 avqust 2026, 11:14

Ən son Audiensiyalar

Həmçinin oxuyun >