Papa İraq gənclərinə: Yaralı dünya üçün Məsihin nuru və ümidi olun
Vatican News tərəfindən
İyulun 8-dən 11-dək İraqın müxtəlif bölgələrindən olan gənclər Ərbil Arxiyeparxiyasının Ankava şəhərində illik Gənclər Görüşünə toplaşırlar. Bu münasibətlə Papa XIV Leo onları ümid müjdəçiləri olmağa çağırıb, müharibə ilə qeyri-sabitliyin nəticələrini hələ də yaşayan bu ölkədə «Məsihin nuru» olmağa səsləyib.
Bu il «Missiya» mövzusuna həsr olunmuş toplantıya ünvanladığı videomüraciətdə Papa iştirakçılara xatırladıb ki, onlar bu gün Kilsənin həyatında əvəzolunmaz yer tuturlar.
«Kilsənin mühüm missiyası Məsihin nurunu bölüşərək dünyaya xidmət etməkdir», – deyə Müqəddəs Ata bildirib və gəncləri «qarşıdakı illərdə Kilsənin və dünyanın formalaşmasına» töhfə verməyə çağırıb.
Papa XIV Leo daha əvvəl də ifadə etdiyi bir fikri yenidən vurğulayıb: «Gənclər yalnız Kilsənin gələcəyi deyil, həm də bu günüdür». İraqlı xristianların bir çoxunun hələ də üzləşdiyi çətin reallığı nəzərə alan Papa etiraf edib ki, İncilə şəhadət vermək çox vaxt böyük zəhmət və fədakarlıq tələb edir.
«Dünyada nur olmaq heç də hər zaman asan olmur», – deyə Papa bildirib. «Siz bunu nuru çox vaxt müharibə izlərini daşıyan vəziyyətlərdə saçmağa çağırılmısınız».
Qorxmayın
Bununla belə, Papa gəncləri ruhdan düşməməyə çağırıb.
«Qorxmayın! Və düşünməyin ki, bu missiyada təksiniz. Mən sizinləyəm, Kilsə sizinlədir. Etibarınızı İsaya bağlayın», – deyə Papa XIV Leo bildirib.
Düşüncələrinin əsas obrazı kimi nuru seçən Müqəddəs Ata vurğulayıb ki, hər bir Məsih şagirdinin həyatını üç əsas xüsusiyyət formalaşdırmalıdır: iman, məhəbbət və ümid.
Papa əvvəlcə qeyd edib ki, nur insana görmək imkanı verir. Buna görə də iman sadəcə həyatın çətinliklərinə verilən cavab deyil. O, «həqiqəti dərk etmək və həqiqətə uyğun yaşamaqdır». Məhz iman sayəsində insan dünyaya, başqalarına və özünə Allahın baxışı ilə baxmağı öyrənir. Papa gəncləri həyat tərzləri ilə şəhadət verməyə çağırır ki, başqaları da axtardıqları həqiqəti və həyatın mənasını kəşf edə bilsinlər.
Daha sonra Papa nuru Allahın məhəbbətinin rəmzi olan istilik kimi təqdim edib. O vurğulayıb ki, həqiqi missiya ilk növbədə fəallıqdan deyil, Məsihlə şəxsi görüşdən başlanır. Bu görüş isə gündəlik dua, eləcə də Tövbə və Yevxaristiya ayinləri vasitəsilə daim qidalanmalı və dərinləşdirilməlidir.
Qoyun qəlbiniz Allahın məhəbbətində kök salsın
«Qoyun qəlbiniz Allahın sizə olan məhəbbətinin möhkəm təməli üzərində qurulsun», – deyə Papa gənclərə müraciət edib. «Məsihin qəlbini tanıyın və həyatınızı Onun üzərində qurmaqdan qorxmayın».
Müqəddəs Ata izah edib ki, yalnız Allahın məhəbbətində kök salan insan ətrafındakılarla «Allah məhəbbətinin hərarətini və Onun lütfünün barışdırıcı qüvvəsini» bölüşə bilər.
Sonda Papa XIV Leo nuru inkişafın və ümidin rəmzi kimi təqdim edib. O qeyd edib ki, barışığa böyük ehtiyac duyulan bu bölgədə gənc xristianlar sülh qurucuları olmağa çağırılıblar.
«Siz xüsusilə sülh yaradan insanlar olmağa, ətrafınızdakıları birləşdirməyə və qəlblərdə davamlı sülhlə səciyyələnən gələcəyə ümid oyatmağa çağırılmısınız».
Papa xatırladıb ki, insan yaşadığı şəraiti hər zaman dəyişdirə bilməz. Lakin o, həmişə Məsihin sülhünün öz qəlbində hökm sürməsinə imkan verə bilər. Beləliklə, hər bir mömin Dirilmiş Rəbdən gələn ümidin canlı əlamətinə çevrilə bilər.
Videomüraciətinin sonunda Papa XIV Leo iraqlı gəncləri Kilsənin Anası Məryəmin ana himayəsinə həvalə edib və onları Allahın onlara dair məhəbbət dolu olan niyyətinə etibar etməyə çağırıb.
«Allahın xeyirxahlığına heç vaxt şübhə etməyin», – deyə Müqəddəs Ata vurğulayıb. «Rəbbin hər biriniz üçün hazırladığı plan qarşısında qorxmayın». O, Yeremya peyğəmbərin sözlərini xatırladır: Allah insanlara «ümid dolu gələcək» bəxş etmək istəyir.
