Il Papa, Cristo � liberazione da schiavit�, speranza sotto il flagello della guerra

Papa XIV Leo: Müharibənin qaranlığında Məsih ümiddir

Bazar günü “Rəbbin mələyi” duası zamanı Papa XIV Leo Məsihin insanın bütün ağır yüklərini Öz üzərinə götürdüyünü və dünyada mövcud olan şərə yeganə cavab olduğunu vurğulayıb. Müqəddəs Ata qeyd edib ki, Allahın həqiqi hikməti «Təcəssümün təvazökarlığında aşkar olur».

“RƏBBİN MƏLƏYİ”

Müqəddəs Peter Meydanı
Rəbb günü, 5 iyul 2026-cı il

Əziz bacı və qardaşlar, Rəbb gününüz mübarək olsun!

Bugünkü İncildə (Matta 11, 25-30) İsa bizi «göyün və yerin Rəbbi» olan Atanı birlikdə həmd etməyə çağırır (ayə 25). Bəşər olmuş Allah Oğlu bütün məxluqatı bu şükran nəğməsinə şərik etməklə Öz məhəbbətini aşkar edir.

Bu səmimi və sevinc dolu həmd Allahın necə fəaliyyət göstərdiyini açıqlayır: O, Özünü «körpələrə» tanıtmaqdan zövq alır, «müdriklərdən və alimlərdən» isə gizlədir (ayə 25). Çünki onlar çox vaxt öz düşüncələrinə o qədər güvənirlər ki, Öz xalqını ziyarətə gələn Məsihi tanıya bilmirlər. Beləcə, insan hikməti təkəbbürə çevrilir, elm isə qürur doğurur. Allahın həqiqi hikməti isə Təcəssümün təvazökarlığında aşkar olur və Onun təlimi hər şeydən əvvəl həyatın ağırlığı altında əzilən insanlara ünvanlanır: «Ey bütün yorğunlar və yükləri ağır olanlar, Mənim yanıma gəlin» (ayə 28), – deyə Rəbb buyurur. İsanın yanına gəlmək Onun məhəbbətinə cavab vermək və Onun həyatına şərik olmaq deməkdir, hətta bu yol çarmıxa aparsa belə. Çünki O Özü belə öyrədir: «Əgər bir kəs Mənim ardımca gəlmək istəyirsə, özündən imtina etsin və çarmıxını götürüb ardımca gəlsin» (Matta 16,24). İsanın «boyunduruğu» məhz məhəbbətdən irəli gələn bu özünü bəxş etmədir (Matta 11, 29). Onun bütün təliminin mahiyyəti, hikmətinin əsası və hər kəsi əhatə edən məhəbbətinin alovu da məhz budur.

Əziz bacı və qardaşlar, bəs çarmıxın yükü necə «yüngül» və «asan» ola bilər? (ayə 30). Bunun yalnız bir cavabı var: çünki Rəbb onu bizimlə birlikdə daşıyır və bizi heç vaxt yükümüzlə baş-başa qoymur. Həqiqi Müəllim olan İsa şərdən yaralanmış bəşəriyyətin yükünü Öz üzərinə götürür ki, onu sağaltsın və qayğısına qalsın. Buna görə də Onun bizə bəxş etdiyi hikmət xilas müjdəsidir, Onun boyunduruğu isə bizi hər bir yıxılmaqdan qaldırır. Elə buna görə də Məsihin ardınca getmək insanı əzən bir asketizm deyil. Əksinə, bu, tarixin bütün faciəsini ciddiyə alan və onun mənasını, xüsusilə də ən qaranlıq anlarında daim işıqlandıran azadlıq məktəbidir. Çünki şər yalnız İsanın çarmıxında məğlub edilir, fani yorğunluğumuz isə yalnız Onun əzablarında təsəlli və xilas tapır.

Əziz dostlar, gəlin Rəbbin bizə göstərdiyi məhəbbət dolu etimada görə Ona şükür edək və Sülh Mələkəsi olan Məryəmin şəfaətini diləyək ki, o, Kilsə və bütün dünya üçün dua etsin.

05 iyul 2026, 16:10

Angelus nədir?
 

Angelus, katoliklər tərəfindən gündə üç dəfə, səhər 6-da, günorta və axşam 6-da oxunan xüsusi bir duadır və Angelus zənginin çalınması ilə müşayiət olunur. Adı latın dilində 'mələk' sözündən gəlir və bu dua, İsa Məsihin Təcəssüm Sirri ilə insan təbiətimizi qəbul etməsini xatırladır.
 

Papa hər bazar günü günorta saatlarında Müqəddəs Peter meydanında Angelus duasını oxuyur.
 

Papa həmçinin günün İncilini şərh edir və beynəlxalq məsələlərə toxunur. Bu açıqlamalar bütün dünyada radio və televiziya vasitəsilə yayımlanır. Eyni zamanda, sosial mediada geniş şəkildə paylaşılır.
 

Pasxadan Pentikost (Əllinci Gün Bayramı) gününə qədər Angelus duası yerinə Regina Coeli duası oxunur. Bu dua İsa Məsihin Dirilməsini xatırladır və Angelus kimi, Qloriyanın ('Allahı ucaldaq' duasının) üç dəfə oxunması ilə tamamlanır.

Ən son 'Angelus' / 'Regina Caeli'

Həmçinin oxuyun >