Axtar

Fourth Novendali Mass in memory of Pope Francis

Kardinal Qambetti: Allahı kiçik olanlarda görmək

Papa Fransiskin xatirəsinə həsr olunmuş dördüncü “Novemdiales” Messasına başçılıq edən kardinal Qambetti imanlıları mərhum Papa kimi Allahı hər kəsdə görməyə çağırıb.

Françeska Merlo tərəfindən

Müqəddəs Peter Bazilikasında keçirilən dördüncü “Novemdiales” Messasında kardinal Mauro Qambetti, bütün insanların Bəşər Oğlu Məsihin qarşısında toplanacağı Son Məhkəməni təsvir edən Matta İncilindən olan hissə haqqında fikirlərini bölüşüb.  

Bəziləri, İncil bizə deyir, Padşahlığın sevincinə daxil olacaq. Başqaları isə sevgidən, Allahdan kənarda yalqız qalacaqlar. "Padşahlıqdan xaric edilmişlər ruhən ümidsizcəsinə tək qalacaqlar”, dedi kardinal Qambetti.

Müjdə qoyun və keçilərdən bəhs edir. Bu obrazlar tanışdır.  Lakin kardinal Qambetti imanlıları daha dərinə baxmağa dəvət etdi. O izah edir ki, qoyunlar sadiq və mülayimdirlər, sürünün ən zəifinə qulluq edirlər. Keçilər, əksinə, daha müstəqil və qürurlu olurlar, çox vaxt yalnız özləri ilə maraqlanırlar. "Biz, həm şəxsən, həm də qurum olaraq bu münasibətlərdən hansını təcəssüm etdiririk?", deyə kardinal soruşur.

Yepiskoplar Papa Fransiskin xatirəsinə keçirilən "Novemdiales" (9 günlük) Messasında
Yepiskoplar Papa Fransiskin xatirəsinə keçirilən "Novemdiales" (9 günlük) Messasında

O, imanlılara xatırlatdı ki, Padşahlığa mənsub olmaq  - bütün cavabları bilmək və ya bütün düzgün işləri görmək deyil. İncildə, Padşahlığa daxil olanlar İsadan soruşurlar: “Ya Rəbb, biz səni nə vaxt gördük?”. Yunan dilində istifadə edilən “oráo” sözü “görmək”-dən daha geniş məna daşıyır. “Oráo”  - həqiqətən dərk etmək, bilmək, tanımaq deməkdir. Mesaj aydındır: biz başqa insanlara, xüsusən də ən həssas olanlara mərhəmət göstərəndə Məsihlə qarşılaşırıq.

Kardinal, ilahiyyatçı Elia Çitterio-dan sitat gətirərək davam etdi: "Kəlam Cism oldu ki, insana toxunan Allaha toxunduğunu, insana hörmət edən Allaha hörmət etdiyini, insana xor baxan Allaha xor baxdığını dərk etsin".

Bu, İncilin, Kilsənin mahiyyətidir. Və kardinal Qambettinin Papa Fransiskdə gördüyü insaniyyətdir.  Kardinal, Edit Bruk tərəfindən yazılan Papa ilə vida mətnini xatırlatdı. Edit Bruk, Papanı “sevən, kövrək, ağlayan, sülh üçün yalvaran, daşları belə yumşalda biləcək yoluxucu insaniyyətə sahib olan şəxs” kimi təsvir edib.

Kilsə Papa Fransisk üçün dua edərkən və bu matəm günlərində yaşayarkən, kardinal Qambetti imanlılara xatırlatdı ki, “xristian humanizmi” Kilsənin missiyasının mərkəzində olmalıdır. Papa Fransisk bir dəfə demişdir: "Kilsəyə hər kəs, hər kəs, hər kəs çağırılıb”. Bu gün bu sözlər həmişəkindən daha aktual səslənir.

Birinci oxunuşda Peterin Korneliy ilə görüşü bir model təklif edir: açıqlıq, güvən və Müjdəni qorxu vasitəsilə deyil, münasibət qurmaq vasitəsilə təbliğ etmək cəsarəti.

Sonda kardinal Qambetti qeyd etdi ki, Məsihi cəsarətlə, hüdud tanımadan sevən Sienalı Müqəddəs Yekaterinanın bayramında Kilsə bəşəriyyətlə sıx təmasda olmaq çağırışını xatırlamalıdır, çünki Allah da bunu edib.

29 aprel 2025, 20:23