Kardinal Parolin 7 oktyabr və Qəzza haqqında: İnsanlar “əlavə zərər” deyil
Andrea Tornielli və Roberto Paglialonga tərəfindən
HƏMAS-ın İsrailə qarşı terror hücumundan və Qəzza zolağını yerlə-yeksan edən tammiqyaslı müharibənin başlanğıcından iki il keçir. Müqəddəs Taxt-Tacın Dövlət Katibi kardinal Pietro Parolin ilə söhbətdə həmin hadisələrə və ondan sonra baş verənlərə nəzər salırıq.
Kardinal həzrətləri, faciəvi 7 oktyabr hücumundan sonra üçüncü ilə qədəm qoyuruq. Həmin anı necə xatırlayırsınız və sizcə, İsrail Dövləti və bütün dünyadakı yəhudi icmaları üçün bu nə demək idi?
Mən o vaxt dediyim sözləri təkrar edirəm: HƏMAS və digər silahlı qruplar tərəfindən İsraildə yaşayan minlərlə israilli və miqrantlara, çoxu mülki olan və yeddi günlük Sukkot bayramının sonunda Simxat Tora bayramını qeyd etməyə hazırlaşan insanlara qarşı həyata keçirilən bu terror hücumu insaniyyətdən uzaq və müdafiəolunmazdır. Uşaqlara, qadınlara, gənclərə, qocalara qarşı törədilən bu vəhşi zorakılığın heç bir bəraəti ola bilməz. Bu, utandırıcı və təkrar edirəm — insaniyyətdən uzaq bir qətliam idi. Müqəddəs Taxt-Tac dərhal, tam və qəti şəkildə bu hücumu pislədi, girovların dərhal azad edilməsini tələb etdi və terror hücumundan zərər çəkən ailələrə yaxınlığını bildirdi. Biz dua etdik və hələ də dua edirik; biz bu nifrət və zorakılıq burulğanının — bizi geri dönüşü olmayan bir uçuruma sürükləyən bu “şər dairəsinin” dayandırılması üçün dua etməyə davam edirik.
Hələ də HƏMAS-ın əlində olan israilli girovların ailələrinə nə demək istərdiniz?
Təəssüf ki, iki il keçib. Onlardan bəziləri ölüb, digərləri isə uzun danışıqlardan sonra azad edilib. Tunellərdə əsir saxlanılan, ac qalan bu insanların görüntüləri məni dərindən sarsıdır və kədərləndirir. Biz onları unuda bilmərik və unutmamalıyıq. Xatırlayıram ki, Roma Papası Fransisk həyatının son il yarımında girovların azad edilməsi üçün nə az, nə çox, 21 dəfə açıq müraciət etmiş və onların bəzilərinin ailələri ilə görüşmüşdür. Onun varisi Papa XIV Leo da bu çağırışları davam etdirir. Mən onların hamısına yaxınlığımı bildirirəm, onların əzablarına görə hər gün dua edirəm və onları öz yaxınlarına sağ və təhlükəsiz qovuşdurmaq üçün və əlimizdən gələni etmək və ya heç olmasa lazımi şəkildə dəfn olunsunlar deyə öldürülənlərin cənazələrini almaq üçün əlimizdən gələni etməyə hazır olduğumuzu bildirirəm.
7 oktyabr hücumunun birinci ildönümündə Papa Fransisk “beynəlxalq ictimaiyyətin və ən güclü dövlətlərin silahları susturmaqda və müharibə faciəsini dayandırmaqda göstərdiyi utanverici acizliyindən” danışmışdı. Sülh üçün nə lazımdır?
Bu gün Qəzzadakı vəziyyət on minlərlə insanın həyatına son qoyan dağıdıcı müharibədən sonra bir il əvvəlkindən də daha ağır və faciəlidir. Biz ağlımızı başımıza toplamalı, nifrət və intiqamın kor məntiqindən imtina etməli, zorakılığı bir çıxış yolu kimi rədd etməliyik. Hücuma məruz qalanların özlərini müdafiə etmək hüququ var, lakin qanuni müdafiə belə mütənasiblik prinsipinə hörmət etməlidir. Təəssüf ki, baş verən müharibə fəlakətli və insaniyyətdən uzaq nəticələr doğurub…Mən Fələstində gündəlik ölüm sayının çoxluğu ilə dərindən sarsılıram — hər gün onlarla, bəzən yüzlərlə insan ölür — aralarınd çoxlu uşaqlar var ki, onların “tək günahı” orada doğulmaq olub. Biz bu qırğına qarşı duyğusuzlaşma riski ilə üz-üzəyik! İnsanlar bir tikə çörək tapmağa çalışarkən öldürülür, evlərinin xarabalıqları altında qalır, xəstəxanalarda, düşərgələrdə bombalanır, məcburən köçürülür, dar və sıx bir ərazidə bir başdan o biri başa sürgün edilir... İnsanları sadəcə “əlavə zərər” səviyyəsinə endirmək qəbuledilməzdir, buna bəraət qazandırıla bilməz.
Son aylarda dünyanın bir çox yerlərində antisemitizm hallarının artmasını necə qiymətləndirməliyik?
Bunlar kədər doğuran və eyni zamanda bəraəti olmayan nəticələrdir. Biz saxta xəbərlərin, həddindən artıq sadələşdirilmiş narrativlər dünyasında yaşayırıq. Belə təhriflərin təsiri altına düşən insanlar Qəzzada baş verənlərin məsuliyyətini bütün yəhudi xalqının üzərinə yükləməyə meylli olur. Amma biz bilirik ki, bu, həqiqət deyil. Yəhudi dünyasının içərisində də İsrail hökumətinin Qəzzada və Fələstinin digər ərazilərində apardığı siyasətə qarşı çoxsaylı güclü etiraz səsləri yüksəlir. Unutmamalıyıq ki, Fələstində, bəzən zorakılıq ilə müşayiət olunan məskunlaşma siyasəti müstəqil Fələstin dövlətinin yaranmasını mümkünsüz etməyə çalışır. Biz girovların ailələrinin ictimai bəyanətlərini də eşitdik. Antisemitizm bir xərçəngdir və onunla mübarizə aparmaq, onu tamamilə kökündən aradan qaldırmaq lazımdır. Bizim xoş niyyətli insanlara, ən əsası, maarifləndirənlərə, düşünməyi və fərqləndirməyi öyrədənlərə ehtiyacımız var. Avropanın mərkəzində baş verən faciəni- Holokostu unutmamalıyıq və bu şərin yenidən baş qaldırmaması üçün bütün gücümüzü səfərbər etməliyik. Biz, eyni zamanda, təmin etməliyik ki, qeyri-insani hərəkətlərə və humanitar qanunun pozuntularına heç vaxt haqq qazandırılmasın: heç bir yəhudi yalnız yəhudi olduğu üçün hücuma məruz qalmamalı, heç bir fələstinli də sadəcə fələstinli olduğu üçün “potensial terrorçu” kimi damğalanmamalıdır. Nifrətin bu şeytani zənciri yalnız pisliyə aparan bir burulğan yaradır. Təəssüf ki, biz hələ də tarixdən, hətta yaxın tarixdən dərs ala bilmirik – halbuki tarix həyatın müəllimidir.
Siz dözülməz vəziyyətdən və müharibənin bitməsinə mane olan bir çox maraqlardan danışmısınız. Bu hansı maraqlardır?
Görünən odur ki, İsrail ordusunun HƏMAS yaraqlılarını məhv etmək üçün apardığı müharibə, binaların və evlərin xarabalığa çevrildiyi ərazidə yaşayan, artıq uçurumun kənarında olan, əsasən müdafiəsiz əhalini hədəf alması faktına məhəl qoymur. Qəzzanın bu gün necə göründüyünü anlamaq üçün havadan görüntülərə sadə bir nəzər salmaq kifayətdir. Eyni zamanda aydındır ki, beynəlxalq ictimaiyyət təəssüf ki, acizdir və həqiqətən də təsir göstərmək iqtidarında olan ölkələr indiyədək davam edən qırğını dayandırmaq üçün heç bir addım atmayıblar. Mən yalnız Papa XIV Leo-nun iyulun 20-də söylədiyi çox aydın sözləri təkrarlaya bilərəm: “Mən yenidən beynəlxalq ictimayyətə müraciət edirəm ki, humanitar qanunlara riayət edilsin və mülki şəxslərin müdafiəsi öhdəliyinə hörmət edilsin, habelə kollektiv cəzaların, hədəf seçimi olmadan hərbi gücdən istifadənin və əhalinin məcburi köçürülməsinin qadağan olunmasına da riayət edilsin”. Bunlar hələ də qəbul olunmasını və dərk edilməsini gözləyən sözlərdir.
Beynəlxalq ictimaiyyət nə edə bilər?
Şübhəsiz ki, indi etdiyindən daha çox. Baş verənlərin qəbuledilməz olduğunu söyləmək və sonra bunun baş verməsinə icazə vermək kifayət deyil. Məsələn, mülki şəxslərə qarşı istifadə edilən silahların tədarükünü davam etdirməyin legitimliyi barədə özümüzə ciddi şəkildə sual verməliyik. Təəssüf ki, gördüyümüz kimi, Birləşmiş Millətlər Təşkilatı baş verənləri dayandıra bilmədi. Lakin beynəlxalq oyunçular var ki, bu faciəyə son qoymaq üçün daha çox şey edə bilər və etməlidirlər. Biz həmçinin BMT-yə dünyada davam edən çoxsaylı qardaş qırğınlarını dayandırmaqda daha təsirli rol verməyin yollarını tapmalıyıq.
Prezident Trampın atəşkəs və müharibənin sona çatdırılması üçün təklif etdiyi plan haqqında nə düşünürsünüz?
Fələstin xalqına öz gələcəyi ilə bağlı qərar verməyə imkan yaradan və girovları azad etməklə və hər gün yüzlərlə insanın öldürülməsini dayandırmaqla bu qırğına son qoymağa yardım edəcək istənilən plan bəyənilməyə və dəstəklənməyə layiqdir. Müqəddəs Ata tərəflərin bu planı qəbul edəcəyinə və nəhayət, əsl sülh prosesinin başlaya biləcəyinə ümid etdiyini bildirib.
Vətəndaş cəmiyyətində, İsrail cəmiyyəti daxil olmaqla, hökumətin müharibə siyasətinə qarşı və sülh naminə mövqelər müşahidə olunur. Bunlara necə baxırsınız?
Bəzən bu təşəbbüslər bir neçə ekstremistin zorakılığı səbəbindən mediada səhv təqdim olunsa da, mən bu nümayişlərdəki böyük fəallıqdan və bir çox gəncin sülhə sadiqliyindən dərin təsirlənirəm. Bu onu göstərir ki, biz laqeydliyə məhkum deyilik. Bu sülh arzusunu, bu fədakarlığı ciddi qəbul etməliyik… Bizim və dünyanın gələcəyi bundan asılıdır.
Bəziləri, hətta Kilsənin içərisində də, deyirlər ki, belə vəziyyətlərdə biz yalnız dua etməliyik, küçələrə çıxmamalıyıq, çünki zorakılığın əlinə fürsət verməməliyik…
Mən vəftiz olunmuş bir insan, bir imanlı, bir keşişəm: mənim üçün Allah qarşısında Onun bizə kömək etməsi, bizə güc verməsi, bu dəhşətləri dayandırmaq üçün xeyirxah insanların səylərini dəstəkləməsi üçün fasiləsiz dua zəruridir, gündəlikdir, əsasdır. Papa XIV Leo bizi 11 oktyabrda sülh üçün Rozari duası etməyə bir daha çağırdı. Lakin mən onu da vurğulamaq istəyirəm ki, xristian imanı ya cismə bürünür, ya da ümumiyyətlə iman deyil… Biz Özünü göstərən və bəşəri təbiətə bürünən Allaha inanırıq; buna görə də baş verənlərə — hətta uzaqda olsa belə — laqeyd qala bilmərik. Buna görə də tək başına dua heç vaxt kifayət etmir, konkret hərəkət, vicdanın oyanışı, sülh təşəəbbüsləri, fərqində olmaq də vacibdir, hətta “uyğunsuz” görünsək və ya təhlükələr ilə üz-üzə qalsaq belə. Bir çox gənclər də daxil olmaqla, bu qeyri-insani vəziyyətə təslim olmağı rədd edən səssiz çoxluq var. Onlar da dua etməyə çağırılırlar. Xristianların rolunun yalnız kilsələrə qapanmaq olduğunu düşünmək — məncə, bu, dərin bir səhvdir. Dua bizi həm də hərəkətə, şəhadətə və konkret seçimlərə sövq etməlidir.
Papa XIV Leo sülh çağırışlarını dayandırmır. Müqəddəs Taxt-Tac bu vəziyyətdə nə edə bilər? Siz və bütöv Kilsə bu məsələdə hansı töhfəni verə bilərsiniz?
Müqəddəs Taxt-Tac, bəzən yanlış başa düşülsə də, sülh çağırışlarını davam etdirir, dialoqa dəvət edir, “danışıqlar” və “müzakirə” sözlərini işlətməkdə israrlıdır və bunu dərin realizmdən irəli gəlir: diplomatiyanın alternativi sonsuz müharibə, nifrət uçurumu və dünyanın özünü məhv etməsidir. Biz bütün var-gücümüzlə qışqırmalıyıq: gəlin, çox gec olmadan dayanaq! Və biz hərəkətə keçməli, mümkün olan hər şeyi etməliyik ki, gec olmasın. Mümkün olan hər şeyi.
Bu mərhələdə Fələstin Dövlətinin tanınması niyə vacibdir?
Müqəddəs Taxt-Tac Fələstin Dövlətini on il əvvəl, Müqəddəs Taxt-Tac ilə Fələstin Dövləti arasında imzalanmış Qlobal Razılaşma ilə rəsmi olaraq tanıdı. Həmin beynəlxalq müqavilənin giriş hissəsi beynəlxalq hüquq və BMT-nin müvafiq qətnamələrinə uyğun olaraq Fələstin məsələsinin bütün aspektləri ilə ədalətli, hərtərəfli və dinc həllini tam şəkildə dəstəkləyir.
Eyni zamanda, bu razılaşma Fələstin Dövlətini, Qərb Sahilini, Şərqi Yerusəlimi və Qəzzanı əhatə edən müstəqil, suveren, demokratik və var olmağa qadir bir dövlət kimi təsvir edir. Bu dövlətin qonşuları ilə qarşıdurmada olması deyil, sülh və təhlükəsizlik şəraitində yanaşı yaşaması nəzərdə tutulur. Biz dünyanın bir çox ölkəsinin Fələstin Dövlətini tanımasından məmnunuq. Lakin eyni zamanda, İsrailin bəyanat və qərarlarının əks istiqamətdə – yəni, real Fələstin Dövlətinin yaranmasının qarşısını birdəfəlik almağa yönəldiyini narahatlıqla müşahidə edirik.
Bu həll – iki xalq üçün iki dövlət – bu son iki ilin hadisələri fonunda daha da aktuallaşır. Müqəddəs Taxt-Tac başlanğıcdan bu yolu dəstəkləyib. Hər iki xalqın və hər iki dövlətin taleyi bir-biri ilə sıx bağlıdır.
Müqəddəs Ailə kilsəsinə qarşı törədilən amansız hücumdan sonra yerli xristian icmasının vəziyyəti necədir və onların Yaxın Şərqdə rolu niyə bu qədər vacibdir?
Qəzzadakı xristianlar da, gördüyümüz kimi, hücuma məruz qalıblar… Mən hər gün sülh və qurbanlar üçün dua edən, qalmağa qərarlı bu insanların düşüncəsindən heyrətə gəlirəm. Vəziyyət getdikcə daha da təhlükəli olur. Biz Yerusəlimin Latın Patriarxlığı və Caritas vasitəsilə onlara mümkün olan hər şəkildə dəstək olmağa çalışırıq.
Biz hökumətlərə və yaralıların müalicə alması, yardımın çatdırılması üçün çalışan bütün qurumlara minnətdarıq. Xristianların Yaxın Şərqdəki rolu həmişə – və indi də – fundamental olub, baxmayaraq ki, onların sayı azalır. Mən vurğulamaq istəyirəm ki, onlar əzabkeş Fələstin xalqının taleyini tam şəkildə bölüşürlər və onlarla birlikdə əzab çəkirlər.