Axtar

IRAQ-RELIGION-ISLAM-RAMADAN

Müqəddəs Taxt-Tac: Ramazan və Böyük Oruc — ümid və sülhə aparan yol

Ramazan ayı münasibətilə ünvanladığı müraciətdə Dinlərarası Dialoq üzrə Dikasteriya bu il Ramazanla Böyük Orucun eyni dövrə təsadüf etməsini xüsusi olaraq vurğulayır və ümidini ifadə edir ki, bu iki müqəddəs zaman müharibə silahlarının yerini sülhün cəsarətinə verdiyi yenilənmiş bir dünyanın formalaşmasına təkan verən bir dönüş nöqtəsinə çevrilə bilər.

Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının

Ramazan ayı və Fitr bayramı münasibətilə

MÜRACİƏTİ

20 fevral 2026-cü il

Əziz müsəlman bacı və qardaşlar,

Ramazan ayı və Fitr bayramı münasibətilə sizə müraciət etmək mənim üçün böyük sevincdir. Bu mübarək ayın sonunda qeyd olunan Fitr bayramı münasibətilə sözlərimi sizə ünvanlamaqdan məmnunam. Bu mühüm ibadət dövrü mənə sizinlə - "bir olan, diri və əzəli-var olan, mərhəmətli və hər şeyə qadir, göylərin və yerin Yaradanı və bəşəriyyətlə danışmış Allaha” (1) iman edənlərlə yaxınlığımı, həmrəyliyimi və sizə dərin hörmətimi ifadə etmək üçün gözəl bir fürsət yaradır.

Bu il təqvimlərin ilahi bir təvafüqlə üst-üstə düşməsi sayəsində xristianlar da sizinlə bərabər bu oruc və ibadət dövrünü – Kilsəni Pasxa bayramına doğru aparan Böyük Oruc mövsümünü – yaşayırlar. Bu ruhən dərin və zəngin zaman kəsiyində biz Allahın iradəsinə daha sədaqətlə əməl etməyə çalışırıq. Bu ortaq yolçuluq bizə öz təbii zəifliyimizi dərk etmək və qəlblərimizi sıxan sınaqlara tab gətirmək üçün imkan verir.

Şəxsi, ailəvi və ya ictimai sınaqlarla üzləşdiyimiz zaman çox vaxt düşünürük ki, onların səbəblərini anlamaq bizə irəliyə aparan aydın bir yol göstərəcək. Lakin tez-tez görürük ki, bu vəziyyətlərin mürəkkəbliyi bizim gücümüzü aşır. Məlumat bolluğu, müxtəlif hekayələr və bir-birinə zidd baxışlarla dolu bir dövrdə ayırd etmə qabiliyyətimiz zəifləyə, çəkdiyimiz əzab isə daha da ağırlaşa bilər. Belə anlarda təbii olaraq bir sual doğur: biz necə irəli gedə bilərik? Yalnız insani baxımdan cavab çox zaman qeyri-müəyyən görünür və bizi acizlik hissi ilə baş-başa qoyur.

Məhz belə məqamlarda ümidsizliyə qapılmaq və ya zorakılığa əl atmaq vəsvəsəsi yarana bilər. Ümidsizlik parçalanmış bir dünyaya verilən səmimi cavab kimi görünə bilər, zorakılıq isə iman tələb etdiyi səbr yolunu kənara qoyaraq ədalətə aparan qısa bir yol təsiri bağışlaya bilər. Lakin bunların heç biri imanlı üçün qəbul edilə bilən yol deyildir. Həqiqi iman sahibi baxışlarını görünməz Nura — Uca, Rəhimli və Tək Ədalətli olan Allaha — yönəldir; O, “xalqları ədalətlə idarə edir” (Məzmur  96, 10). Belə bir imanlı bütün var gücü ilə Allahın əmrlərinə uyğun yaşamağa çalışır, çünki həm gələcək dünyanın ümidi, həm də hər bir insanın qəlbinin dərindən arzuladığı sülh yalnız Allahdadır.

Həqiqətən də biz — xristianlar və müsəlmanlar, eləcə də bütün xoş niyyətli insanlar — həyatın yenilənməsi üçün yeni yollar təsəvvür etməyə və onları açmağa çağırılmışıq. Bu yenilənmə dua ilə qidalanan yaradıcılıq, daxili baxışımızı aydınlaşdıran oruc intizamı və konkret mərhəmət əməlləri vasitəsilə mümkün olur. Həvari Paul bizə belə sözlər ilə nəsihət verir : “Pislik sənə üstün gəlməsin, pisliyə yaxşılıqla qalib gəl.” (Rom 12:21).

Əziz müsəlman bacı və qardaşlar, xüsusilə də ədalətə, bərabərliyə, ləyaqətə və azadlığa olan yanğınız səbəbilə cismən və ya ruhən əziyyət çəkənlər: bilin ki, mən ruhən sizə yaxınam və Katolik Kilsəsi sizinlə həmrəydir. Bizi yalnız sınaq təcrübəsi birləşdirmir; eyni zamanda, parçalanmış dünyamızda sülhü bərpa etmək kimi müqəddəs bir vəzifə də bizi bir araya gətirir. Biz həqiqətən də “hamımız eyni gəmidəyik” (2)  

Sülh — bu, hər biriniz, ailələriniz və yaşadığınız ölkələr üçün ürəkdən arzuladığım diləkdir. Bu, xəyali və ya utopik bir sülh deyil; Papa XIV Leo-nun vurğuladığı kimi, “qəlbin, düşüncənin və həyatın silahsızlaşmasından” doğan bir sülhdür (59-cu Ümumdünya Sülh Günü münasibətilə Müraciət, 1 yanvar 2026). Belə sülh Allahdan gələn bir ənamdır və düşmənçiliyin dialoq vasitəsilə aradan qaldırılması, ədalətin həyata keçirilməsi və bağışlamanın əziz tutulması ilə bəslənir. Qoy bu ortaq Ramazan və Böyük Oruc mövsümündə daxili dəyişməyimiz yenilənmiş bir dünyanın başlanğıcına təkan versin; elə bir dünyanın ki, orada müharibə silahlarının yerini sülhün cəsarəti alır.

Bu hisslərlə dua edirəm ki, Uca Allah hər birinizin qəlbini Öz mərhəmətli sevgisi və ilahi təsəllisi ilə doldursun.

Kardinal Corc Yakob Kuvakad, prefekt

Vatikan, 17 fevral 2026 il

 

Mons. İndunil J.K. Kodithuwakku, katib

_____________________________________________________________

(1)   İkinci Vatikan Məclisi, Nostra Aetate Bəyannaməsi, 28 oktyabr 1965-ci il, 3.

(2)   Fransisk, “Fratelli Tutti” Ensiklikası, 3 oktyabr 2020, 30.

20 fevral 2026, 21:47