Papa: Allahın ənamlarından daha ədalətli və bərabər hüquqlu dünya qurmaq üçün istifadə edək
“RƏBBİN MƏLƏYİ”
Müqəddəs Peter Meydanı
Rəbbin günü, 21 sentyabr 2025
Əziz bacılar və qardaşlar, Rəbb gününüz mübarək!
Bugünkü İncildə eşitdiyimiz məsəl (Luka 16, 1-13) bizi maddi nemətlərdən necə istifadə etdiyimiz və ümumiyyətlə, ən qiymətli nemətimiz olan həyatımızı necə idarə etdiyimiz haqqında düşünməyə vadar edir.
Bu hekayədə biz varlı adamın işlərini aparan və buna görə də "hesaba çəkilən" bir idarəçini görürük. Burada bizə vacib məqamı çatdıran bir məsələ var: biz həyatımızın və istifadə etdiyimiz nemətlərin sahibi deyilik; Allah hər şeyi bizim qayğımıza, azadlığımıza və məsuliyyətimizə əmanət edib və ənamlar kimi bəxş edib. Bir gün biz özümüzü, əmlakımızı və yer üzünün sərvətlərini necə idarə etdiyimiz barədə Allaha və bəşəriyyətə, cəmiyyətə və xüsusən də bizdən sonra gələnlərə hesabat verməyə çağırılacağıq.
Bu məsəldəki idarəçi bu vaxta qədər yalnız öz mənfəətini güdürdü. Haqq-hesab günü gəlib o, vəzifəsindən məhrum edildikdə, gələcəyini necə təmin edəcəyini düşünməyə məcbur olur. Bu çətin vəziyyətdə o, dərk edir ki, maddi sərvət toplamaq ən yüksək dəyər deyil, çünki bu dünyanın sərvətləri keçib gedir. Sonra onun ağlına parlaq bir fikir gəlir: o, borcluları çağırır və onların borclarını, ona çatacaq hissədən imtina edərək, “azaldır”. Bu yolla o, maddi sərvətlərini itirir, lakin ona kömək və dəstək olacaq dostlar qazanır.
Bu hekayə vasitəsilə İsa bizə nəsihət verir: “haqsız qazanc olan sərvətlə özünüzə dostlar qazanın ki, bu sərvət yox olduqda siz əbədi məskənlərə qəbul olunasınız” (Luka 16, 9).
Doğrudan da, məsəldəki idarəçi bu dünyanın haqsız sərvətini idarə edərkən belə, öz xudbinliyinin tənhalığını geridə qoyub dostlar əldə etməyə müvəffəq olur. Biz, İncilin işığında yaşayan şagirdlər, bu dünyanın sərvətlərindən və öz həyatımızdan həqiqi sərvət naminə, yəni Rəbblə və bacı-qardaşlarımızla dostluq naminə daha böyük şövqlə istifadə etməliyik.
Əziz dostlar, bu məsəl qarşımıza bir sual qoyur: biz maddi nemətləri, yerin sərvətlərini və Allahın bizə əmanət etdiyi həyatı necə idarə edirik? Biz var-dövləti hər şeydən üstün tutaraq, yalnız özümüzü düşünərək xudbin bir yolla gedə bilərik. Lakin bu yol, bizi başqalarından təcrid edir və münaqişələri alovlandıran rəqabətin zəhərini yayır. Bunun əvəzinə biz sahib olduğumuz hər şeyi Allahın ənamı kimi, idarə olunmalı və paylaşma aləti kimi istifadə edilə biləcək bir ənam kimi qəbul edə bilərik. Biz Allahın bizə bəxş etdiyi nemətlərdən dostluq və həmrəylik şəbəkələri yaratmaq, ümumi rifah naminə çalışmaq və daha ədalətli, bərabər hüquqlu və qardaşlıq dünyasını qurmaq üçün istifadə edə bilərik.
Gəlin Mübarək Məryəmdən xahiş edək ki, O, bizim üçün şəfaət etsin və Rəbbin bizə əmanət etdiyi nemətləri layiqincə, ədalətlə və məsuliyyətlə idarə etməyimizə kömək etsin.
