Axtar

Il Papa, 'compio 70 anni, ringrazio Dio e i miei genitori'

Papa Rəbbin Mələyi duasında: Allah Çarmıxı həyat alətinə çevirir

Ənənəvi “Rəbbin mələyi” müraciətində Papa XIV Leo, Müqəddəs Çarmıxın Ucaldılması bayramının mənaları üzərində dayanaraq, “Allahın böyük məhəbbəti ölüm alətini həyat alətinə” çevirdiyini söylədi.

“RƏBBİN MƏLƏYİ”

Müqəddəs Peter Meydanı
Rəbbin günü, 14 sentyabr 2025

Əziz bacılar və qardaşlar, Rəbb gününüz mübarək!

Bu gün Kilsə IV əsrdə Yerusəlimdə müqəddəs Yelena tərəfindən Çarmıxın tapılması və imperator Heraklius tərəfindən bu dəyərli qüdsiyyətin Müqəddəs Şəhərə qaytarılmasının xatirəsinə həsr olunmuş Müqəddəs Çarmıxın Ucaldılması bayramını qeyd edir.

Bəs bu gün bu bayramı qeyd etmək bizim üçün nə deməkdir? Liturgiyanın təklif etdiyi İncil oxunuşu (Yəhya 3, 13-17) bunu anlamağımıza yardım edir. Hadisə gecə baş verir: Yəhudi başçılarından biri, saleh və açıq fikirli Nikodim (Yəhya 7, 50-51) İsa ilə görüşə gəlir. Onun işığa və hidayətə ehtiyacı var: o, Allahı axtarır və Nazaretli Müəllimdən kömək istəyir, çünki onu peyğəmbər, qeyri-adi əlamətlər göstərən bir insan kimi tanıyır.  

Rəbb onu qəbul edir, ona qulaq asır və nəhayət ona bildirir ki, “Ona iman edən hər kəs əbədi həyata malik olsun” deyə (Yəhya 3, 15) Bəşər Oğlu “yuxarı qaldırılmalıdır” və əlavə edir: “Çünki Allah dünyanı elə sevdi ki, vahid Oğlunu verdi; bunu ona görə etdi ki, Ona iman edən hər kəs həlak olmasın, amma əbədi həyata malik olsun” (Yəhya 3, 16). Ola bilsin ki, o anda bu sözlərin mənasını tam dərk etməyən Nikodim, Xilaskarın çarmıxa çəkildikdən sonra cəsədini basdırmağa kömək edəndə, şübhəsiz ki, onu dərk edəcək.  (Yəhya 19, 39). Məhz o zaman o başa düşəcək ki, Allah bəşəriyyəti xilas etmək üçün insan oldu və çarmıxda öldü.

İsa bu haqda Nikodimə danışaraq, Əhdi-Ətiqdə israillilərin səhrada zəhərli ilanlar tərəfindən sancıldığı və Musanın Allahın əmrinə tabe olaraq düzəltdiyi və dirəklə qaldırdığı tunc ilana baxaraq sağaldıqları epizodu xatırladır (Say 21, 4-9).

Allah bizi Özünü bizə göstərməklə, Özünü bizim yol yoldaşımız, müəllimimiz, həkimimiz, dostumuz kimi təqdim etməklə xilas edir. O, hətta Yevxaristiyada bizim üçün kəsilən çörəyə çevrilir. Bubu yerinə yetirmək üçün o, insanların indiyə qədər icad etdiyi ən qəddar alətlərdən birinindən – çarmıxdan istifadə etdi.

Buna görə də bu gün biz “şadlığı” qeyd edirik (bayramın “Müqəddəs Çarmıxın Ucaldılması” adında “ucaldılma” sözü həm də “şadlıq” kimi tərcümə oluna bilər – red.): Allahın ölüm alətini həyat alətinə çevirdiyi ölçüyəgəlməz məhəbbətinə görə şadlanırıq. Allah o aləti xilasımız üçün qəbul etdi və bizə öyrətdi ki,  heç bir şey bizi Ondan ayıra bilməz (Rom 8, 35-39) və Onun məhəbbəti günahlarımızdan daha böyükdür (Fransisk, Katexizis, 30 mart 2016 il).

Gəlin Oğlunun yanında Qolqotada dayanan Məryəm Ananın şəfaəti ilə xahiş edək ki, Oğlunun xilaskar məhəbbəti bizdə kök salsın və böyüsün və O, Özünü tamamilə hamıya bəxş etdiyi kimi biz də özümüzü bir-birimizə bəxş etməyi öyrənək.

14 sentyabr 2025, 20:00

Angelus nədir?
 

Angelus, katoliklər tərəfindən gündə üç dəfə, səhər 6-da, günorta və axşam 6-da oxunan xüsusi bir duadır və Angelus zənginin çalınması ilə müşayiət olunur. Adı latın dilində 'mələk' sözündən gəlir və bu dua, İsa Məsihin Təcəssüm Sirri ilə insan təbiətimizi qəbul etməsini xatırladır.
 

Papa hər bazar günü günorta saatlarında Müqəddəs Peter meydanında Angelus duasını oxuyur.
 

Papa həmçinin günün İncilini şərh edir və beynəlxalq məsələlərə toxunur. Bu açıqlamalar bütün dünyada radio və televiziya vasitəsilə yayımlanır. Eyni zamanda, sosial mediada geniş şəkildə paylaşılır.
 

Pasxadan Pentikost (Əllinci Gün Bayramı) gününə qədər Angelus duası yerinə Regina Coeli duası oxunur. Bu dua İsa Məsihin Dirilməsini xatırladır və Angelus kimi, Qloriyanın ('Allahı ucaldaq' duasının) üç dəfə oxunması ilə tamamlanır.

Ən son 'Angelus' / 'Regina Caeli'

Həmçinin oxuyun >