Papa XIV Leo dünya liderlərini Qəzza sülh sazişinə dəstək olmağa çağırıb
Cozef Tallok tərəfindən
Papa XIV Leo siyasi liderləri İsrail-Həmas arasında davam edən sülh danışıqlarına “dəstək olmağa” çağırıb. Papa razılaşmanın “mümkün qədər tez” yekunlaşacağına ümid etdiyini bildirib və ibadət üçün meydanda toplaşanları “ədalətli və davamlı sülh” üçün “duada bir olmağa” çağırıb.
Müqəddəs Peter Meydanında keçirilmiş Messanın sonunda etdiyi çıxışında Papa Qəzzada fələstinlilərin “böyük əzab” çəkməsindən “dərindən kədərləndiyini” bildirib və Beytlehemdən olan bir qrup zəvvarını salamlayıb.
O, həmçinin cümə axşamı İngiltərənin Mançester şəhərində sinaqoqa hücumu xatırladaraq, "dünyada antisemit nifrətinin artması" ilə bağlı narahatlığını dilə gətirib.
"Kilsə tamamilə missioner Kilsədir"
Missiyaların və Miqrantların Yubileyinə həsr edilmiş Müqəddəs Messanın sonunda etdiyi çıxışında Papa Leo, Peter Bazilikasının Meydanında toplaşan imanlılara və zəvvarlara, yağışa baxmayaraq ibadətdə iştirak etdiklərinə görə təşəkkürünü bildirib.
“Kilsə tamamilə missioner Kilsədir” deyən Papa Leo, “missioner və miqrant qardaş və bacılarımızın bunu bizə xatırlatdığını” qeyd etdi.
O əlavə edib ki, "heç kim köçkünlüyə məcbur edilməməli, əcnəbi və ya ehtiyac içincə olduğu üçün istismar edilməməli və ya pis rəftarla qarşılanmamalıdır! İnsan ləyaqəti həmişə birinci yerdə olmalıdır."
Papa həmçinin çərşənbə axşamı Filippində baş verən 6,9 bal gücündə zəlzələnin qurbanları üçün dua etdiyini bildirib.
"Əziz Filippin xalqına yaxınlığımı bildirirəm" deyən o, təhlükə ilə üzləşənləri "birlikdə qalmağa və bir-birilərinə dəstək olmağa" çağırdı.
