Il Papa rinnova l'appello, pregate il rosario per la pace

Papa XIV Leo: Məsihin Dirilməsi keçmişi ümidə çevirir

Oktyabrın 1-də, Vatikanın Müqəddəs Peter meydanında toplaşan minlərlə zəvvar qarşısında çıxış edən Papa XIV Leo, Məsihin Dirilməsinin sirri haqqında nəsihətləri ilə bölüşüb, bu heyrətamiz hadisənin təmtəraqlı zəfər deyil, sevginin qələbəsi olduğunu söyləyib.

ÜMUMİ AUDİENSİYA

Müqəddəs Peter Meydanı
Çərşənbə, 01 oktyabr 2025

Yubiley 2025 – Katexizis silsiləsi. İsa Məsih bizim Ümidimizdir. III. İsanın Pasxası. 9. Dirilmə.  “Sizə salam olsun!” (Yəhya 20, 21).

Əziz bacılar və qardaşlar, sabahınız xeyir!

İmanımızın mərkəzi və ümidimizin qəlbi Məsihin dirilməsinin möhkəm kökü üzərində dayanır. İncilləri diqqətlə oxuyanda anlayırıq ki, bu sirr təkcə bir insanın – Allahın Oğlunun – ölülər arasından dirildiyi üçün deyil, həm də bunu hansı şəkildə etdiyi üçün heyrətə gətirir.  Həqiqətən də, İsanın Dirilməsi nə təmtəraqlı bir zəfər, nə də düşmənlərinə qarşı qisasdır. Bu, sevginin ağır bir məğlubiyyətdən sonra qarşısıalınmaz yoluna davam etmək üçün yenidən ayağa qalxa bilməsinin heyrətamiz sübutudur.

Başqalarının vurduğu zərbələrdən sonra yenidən ayağa qalxdığımızda,  ilk reaksiyamız, çox vaxt, qəzəb, çəkdiklərimizin əvəzini kimlərdənsə almaq istəyi olur. Dirilmiş Olanın əks cavabı belə deyil. Ölülər aləmindən çıxan İsa qisas almır. O, geriyə qüdrət əməlləri ilə qayıtmır, əksinə,  hər yaradan daha böyük və hər xəyanətdən daha güclü olan sevgi sevincini zahir edir.

Dirilmiş Olan Öz üstünlüyünü bir daha təsdiqləməyə ehtiyac hiss etmir. O, Öz dostlarına, yəni şagirdlərinə görünür və bunu onların qəbul etmək qabiliyyətinə təzyiq göstərmədən, həddindən artıq ehtiyatla edir. Onun yeganə istəyi, şagirdlərinə təqsirkarlıq hissinə qalib gəlməyə kömək edərək, onlarla ünsiyyətə qayıtmaqdır. Biz bunu Rəbbin qorxu içində olan dostlarına Yuxarı Otaqda görünməsindən aydın görə bilirik. Bu, qeyri-adi gücün nümayiş edilməsi anıdır: ölümün dərinliklərində qapanıb qalanları azad etmək üçün oralara enən İsa, qorxudan iflic olanların qapalı otağına daxil olur və onlara heç kimin ümid edə bilməyəcəyi bir ənam gətirir: sülh (şalom/salam, daxili sülh, barış, tarazlıq mənasında – red.)

Onun salamı sadə, demək olar ki, adidir: “Sizə salam olsun!” (Yəhya 20, 19). Lakin o qədər gözəl jestlə müşayiət olunur ki, az qala çaşdırır: İsa şagirdlərinə əzablarının izlərini daşıyan  əllərini və böyürünü göstərir. O ağır saatlarda Ondan üz döndərən və Onu tərk edənlərə yaralarını göstərmək nəyə lazım idi? Utanc yarasını yenidən açacaq bu ağrı izlərini gizlətmək olmazdırmı?  

Bununla belə, İncildə deyilir ki, şagirdlər Rəbbi görüb sevindilər (Yəhya 20, 20). Səbəb çox dərindir: İsa çəkdiyi hər əzabla tam barışıb.   Küslülüyün əsər-əlaməti belə yoxdur. Yaralar qınaq üçün deyil, hər bir vəfasızlıqdan daha güclü bir sevginin sübutu kimi xidmət edir.  Onlar bizim tənəzzül anımızda belə Allahın geri çəkilmədiyinin sübutudur. Allah bizi tərk etmədi.

Beləliklə, Rəbb Özünü çılpaq və müdafiəsiz göstərir. O, bizdən fidyə tələb etmir. Onun məhəbbəti alçaltmaz. Bu sülh, O Kəsin sülhüdür ki, sevgi üçün əzab çəkib və indi nəhayət bunun əbəs olmadığını təsdiqləyə bilər.  

Biz isə, əksinə, qürurumuzdan və ya zəif görünmək qorxusundan yaralarımızı gizlədirik. “Artıq vacib deyil”, “hər şey keçmişdə qaldı” deyirik, lakin əslində bizi yaralayan xəyanətlərlə barışmırıq. Bəzən zəif görünməmək və yenidən əzab çəkməmək üçün bağışlamaq səylərimizi gizlətməyə üstünlük veririk. Lakin İsa bunu etmir. O, yaralarını bağışlanma zəmanəti olaraq  təqdim edir. Və göstərir ki, Dirilmə keçmişin silinməsi deyil, onun mərhəmət ümidinə çevrilməsidir.

Sonra Rəbb bir daha deyir: “Sizə salam olsun!”. Və əlavə edir: “ Ata Məni göndərdiyi kimi Mən də sizi göndərirəm” (21). O, bu sözlərlə həvarilərə qüdrətdən daha çox məsuliyyət tələb edən bir vəzifə tapşırır: dünyada barışıq aləti olmaq. O, sanki belə deyir: “Tənəzzül və bağışlanma yaşamış sizdən başqa, kim Atanın mərhəmətli simasını elan edə bilər?”

İsa onların üzərinə üfürür və onlara Müqəddəs Ruhu verir (22). Həmin O Ruhu ki, İsanı Ataya itaət etməkdə və çarmıxa qədər olan məhəbbətdə dəstəklədi. O andan etibarən həvarilər gördükləri və eşitdikləri haqqında artıq susa bilməyəcəklər: Allah bağışlayan, ucaldan və etibarı bərpa edəndir.

Kilsə missiyasının mahiyyəti budur: başqaları üzərində hakimlik etmək deyil, insanlara məhz sevilməyə layiq olmadıqları zaman sevinc bəxş etmək. Budur xristian icmalarını doğuran və onların böyüməsinə təkan verən qüvvə -  həyata qayıtmağın gözəlliyini kəşf edən və onu başqaları ilə paylaşa bilən  kişilər və qadınlar.

Əziz bacılar və qardaşlar, biz də həvari kimi göndərilmişik. Rəbb bizə yaralarını göstərir və deyir: Salam olsun sizə. Mərhəmətlə sağaldılmış yaralarınızı göstərməkdən qorxmayın. Qorxu və ya təqsirin tələsinə düşmüş insanlara yaxınlaşmaqdan qorxmayın. Qoy Ruhun nəfəsi bizi də bu sülhün və hər məğlubiyyətdən daha güclü olan sevginin şahidi etsin.

02 oktyabr 2025, 12:55

Ən son Audiensiyalar

Həmçinin oxuyun >