Axtar

Il Papa all'Angelus, 'cessi ogni violenza nella Repubblica del Congo'

Papa: İsanın sözləri bizi ümidsizlik zindanından azad edir

Papa Leo Adventin üçüncü Rəbb günü, “Rəbbin mələyi” müraciətində xristian sevincinin "həyat mənasını itirəndə və hər şey daha qaranlıq görünəndə belə" davam etdiyini söyləyib.

“RƏBBİN MƏLƏYİ”

Müqəddəs Peter Meydanı
Adventin III Rəbb günü, 14 dekabr 2025

Əziz qardaşlar və bacılar, Rəbb Gününüz mübarək olsun!

Bugünkü İncil bizi Vəftizçi Yəhya ilə birlikdə zindana aparır. O, öz vəzinə görə həbs olunmuşdu (bax: Matta 14, 3–5). Buna baxmayaraq, ümidini itirmir və beləliklə bizə göstərir ki, bir peyğəmbər zəncirlər içində olsa belə, həqiqət və ədalət uğrunda səsini ucaltmaq gücünü qoruyub saxlayır.

Zindandan Vəftizçi Yəhya “Məsihin gördüyü işlər haqqında” eşidir (Matta 11,2). Bu işlər onun gözlədiklərindən fərqli olduğu üçün şagirdlərini İsanın yanına göndərərək soruşur: «Gələcək Olan Sənsən, yoxsa başqasını gözləməliyik?» (ayə 3). Həqiqət və ədalət axtaranlar, azadlığa və sülhə həsrət qalanlar İsa haqqında suallar verirlər: O, doğrudanmı peyğəmbərlər vasitəsilə Allahın vəd etdiyi Məsih, Xilaskardır?

İsa cavab olaraq baxışlarımızı Onun sevdiyi və xidmət etdiyi insanlara yönəldir. Onun haqqında danışanlar məhz bunlardır: ən kiçiklər, kasıblar, xəstələr. Məsih kim olduğunu gördüyü işlərlə bəyan edir. Onun gördüyü işlər isə hamımız üçün xilasın nişanəsidir. Doğrudan da, İsa ilə qarşılaşma nəticəsində əvvəllər işıqdan, sözdən və daddan məhrum olmuş həyatlara yenidən məna qayıdır: korlar görür, lal olanlar danışır, karlar eşidir. Cüzam xəstəliyi ilə sanki eybəcərləşmiş Allah surəti yenidən bütövlüyünü və canlılığını qazanır. Hətta tamamilə cansız olan ölülər də həyata qayıdırlar (bax: ayə 5). Bu, İsanın Müjdəsidir — kasıblara bəyan edilən Xoş Xəbərdir. Beləliklə, Allah dünyaya gəldikdə, bu, aydın şəkildə görünür!

İsanın sözləri bizi ümidsizlik və əzab zindanından azad edir. Hər bir peyğəmbərlik Onda tam yerinə yetirilir. İnsanın gözlərini Allahın izzətinə açan Məsihdir. O, zorakılıq və nifrət səbəbindən səsi boğulmuş məzlumlara söz verir. Bizi həqiqətə kar edən ideologiyaları məğlub edir. Bədəni eybəcərləşdirən xəstəlikləri sağaldır.

Beləliklə, Həyat Kəlamı bizi qəlbi öldürən şərdən xilas edir. Buna görə də bu Advent dövründə, Rəbbin şagirdləri olaraq, Xilaskarın gəlişini gözləməyimizi Allahın dünyada gördüyü işlərə diqqətlə birləşdirməyə çağırılırıq. O zaman Xilaskarımızla qarşılaşmada azadlıq sevincini dada biləcəyik:

«Gaudete in Domino semper – Rəbbdə həmişə sevinin» (Fil 4,4).

Bu çağırış bugünkü Müqəddəs Messanı açır — Adventin üçüncü bazar günü, yəni “Gaudete” bazar günü. Sevinək, çünki İsa bizim ümidimizdir; xüsusilə sınaq zamanlarında, həyat mənasını itirmiş kimi göründükdə, hər şey qaranlıqlaşdıqda, sözlər bizi tərk etdikdə və başqalarını anlamaqda çətinlik çəkdiyimiz anlarda.

Qoy gözləyən ümidin, diqqətin və sevincin nümunəsi olan Bakirə Məryəm Ana bizə Oğlunun işini təqlid edərək kasıblarla həm çörəyi, həm də Müjdəni bölüşməyə kömək etsin.

14 dekabr 2025, 15:13

Angelus nədir?
 

Angelus, katoliklər tərəfindən gündə üç dəfə, səhər 6-da, günorta və axşam 6-da oxunan xüsusi bir duadır və Angelus zənginin çalınması ilə müşayiət olunur. Adı latın dilində 'mələk' sözündən gəlir və bu dua, İsa Məsihin Təcəssüm Sirri ilə insan təbiətimizi qəbul etməsini xatırladır.
 

Papa hər bazar günü günorta saatlarında Müqəddəs Peter meydanında Angelus duasını oxuyur.
 

Papa həmçinin günün İncilini şərh edir və beynəlxalq məsələlərə toxunur. Bu açıqlamalar bütün dünyada radio və televiziya vasitəsilə yayımlanır. Eyni zamanda, sosial mediada geniş şəkildə paylaşılır.
 

Pasxadan Pentikost (Əllinci Gün Bayramı) gününə qədər Angelus duası yerinə Regina Coeli duası oxunur. Bu dua İsa Məsihin Dirilməsini xatırladır və Angelus kimi, Qloriyanın ('Allahı ucaldaq' duasının) üç dəfə oxunması ilə tamamlanır.

Ən son 'Angelus' / 'Regina Caeli'

Həmçinin oxuyun >