XIV Leo: “Kilsə görünən bir sirrdir”
ÜMUMİ AUDİENSİYA
Müqəddəs Peter Meydanı
Çərşənbə, 18 fevral 2026
Katexizis. II Vatikan Məclisinin Sənədləri. II. “Lumen gentium” Doqmatik Konstitusiyası. 1. Kilsənin sirri – Allahla birliyin və bütün bəşəriyyətin vəhdətinin sakramenti.
Əziz qardaşlar və bacılar, sabahınız xeyir və xoş gəlmisiniz!
Katexizislərimizi sənədlərinə həsr etdiyimiz İkinci Vatikan Məclisi Kilsəni təsvir etmək istədikdə, ilk növbədə onun mənşəyinin harada olduğunu izah etməyə çalışırdı. Bu məqsədlə 21 noyabr 1964-cü ildə qəbul edilmiş “Lumen gentium” adlı Doqmatik Konstitusiyada Müqəddəs Paulun Məktublarından “sirr” anlayışı istifadə edildi. Bu sözü seçərkən o, Kilsənin qaranlıq və ya anlaşılmaz bir şey olduğunu demək istəmirdi; adətən “sirr” sözü eşidiləndə belə düşünülür. Əksinə, məna tam bunun tərsidir: Müqəddəs Paul bu sözü işlədərkən, xüsusilə Efeslilərə Məktubunda, əvvəllər gizli olan və indi açıqlanan bir gerçəkliyi ifadə etmək istəyir.
Bu, Allahın planına işarə edir; bu planın bir məqsədi vardır: İsa Məsihin barışdırıcı əməli sayəsində bütün yaradılışı birləşdirmək. Bu əməl Onun çarmıxdakı ölümü ilə həyata keçirilmişdir. Bu, hər şeydən əvvəl liturgik mərasim üçün toplaşmış icmada təcrübədən keçirilir: orada fərqlər nisbiləşdirilir və əsas olan birlikdə olmaqdır, çünki bizi insanlar və ictimai qruplar arasında ayrılıq səddini dağıtmış Məsihin Məhəbbəti özünə cəlb edir (bax: Ef 2, 14). Müqəddəs Paul üçün “sirr” Allahın bütün bəşəriyyət üçün həyata keçirmək istədiyi niyyətin təzahürüdür və bu niyyət yerli təcrübələrdə aşkara çıxır, getdikcə genişlənərək bütün insanları və hətta kainatı da əhatə edir.
Bəşəriyyətin vəziyyəti parçalanma vəziyyətidir; insan isə, ürəyində birliyə meyl daşısa da, bu parçalanmanı özü aradan qaldıra bilmir. İsa Məsih, Müqəddəs Ruhun qüdrəti ilə məhz bu vəziyyətə daxil olur və bölünmə qüvvələrini, eləcə də Bölücünün özünü məğlub edir. Müjdəyə iman edərək bir yerə toplaşıb bayram etmək, Allah məhəbbətinin ən ali təzahürü olan Məsihin Çarmıxının cəlbedici qüvvəsi kimi təcrübədən keçirilir. Bu, insanın Allah tərəfindən bir yerə çağırıldığını hiss etməsidir; məhz buna görə “ekklesía” termini işlədilir, yəni bir yerə çağırıldıqlarını dərk edən insanların məclisi. Beləliklə, bu sirк ilə Kilsə arasında müəyyən uyğunluq vardır: Kilsə görünən bir sirrdir.
Bu çağırış məhz Allah tərəfindən həyata keçirildiyi üçün heç bir halda yalnız bir qrup insanla məhdudlaşa bilməz; əksinə, bütün bəşəriyyətin təcrübəsinə çevrilməyə yönəlmişdir. Buna görə də İkinci Vatikan Məclisi “Lumen gentium” Konstitusiyasının əvvəlində belə bəyan edir: “Kilsə Məsihdə, sanki bir sakramentdir, yəni həm Allahla sıx birliyin, həm də bütün insan nəslinin birliyinin əlaməti və vasitəsidir” (1-ci maddə). “Sakrament” termininin işlədilməsi və onun ardınca verilən izah göstərmək istəyir ki, Kilsə Allahın bəşəriyyət tarixində həyata keçirmək istədiyinin ifadəsidir; buna görə də Kilsəyə baxaraq müəyyən dərəcədə Allahın planını, sirrini dərk edə bilərik. Bu mənada Kilsə bir əlamətdir. Bundan əlavə, “sakrament” termininə “vasitə” sözü də əlavə olunur ki, Kilsənin fəal əlamət olduğunu göstərsin. Həqiqətən də, Allah tarixdə fəaliyyət göstərərkən, Öz fəaliyyətinə Onun təsirinin obyekti olan insanları da cəlb edir. Allah insanları Özünə gətirmək və onları bir-biri ilə birləşdirmək məqsədinə Kilsə vasitəsilə nail olur.
Allah ilə birlik insanın insanla birliyində öz əksini tapır. Bu, xilas təcrübəsidir. Təsadüfi deyil ki, “Lumen gentium” Konstitusiyasında, səyyar Kilsənin esxatoloji təbiətinə həsr olunmuş VII fəsildə Kilsənin “xilasın sakramenti” kimi təsviri yenidən işlədilir: “Məsih yer üzündən yüksəldildikdən sonra hamını Özünə cəlb etmişdir (bax: Yəh 12, 32). Ölülər arasından dirildikdən sonra (bax: Rom 6, 9) həyat verən Ruhunu şagirdlərinə göndərmiş və Onun vasitəsilə Öz Bədənini — Kilsəni — xilasın ümumi sakramenti kimi təsis etmişdir. Atanın sağında oturaraq, insanları Kilsəyə yönəltmək və onun vasitəsilə onları Özünə birləşdirmək üçün, həmçinin Öz Bədəni və Qanı ilə onları qidalandıraraq Öz izzətli həyatına şərik etmək üçün dünyada daim fəaliyyət göstərir.”
Bu mətn bizə İsanın Pasxasının birləşdirici fəaliyyəti — əzab, ölüm və dirilmə sirri — ilə Kilsənin kimliyi arasındakı əlaqəni anlamağa imkan verir. Eyni zamanda, dirilmiş Məsihin Bədəni və tarix boyunca yol gedən Allahın vahid xalqı olan Kilsəyə mənsub olduğumuza görə bizdə minnətdarlıq oyadır; Kilsə hələ də parçalanmış bəşəriyyətin ortasında müqəddəsləşdirici bir mövcudluq kimi yaşayır və xalqlar arasında birlik və barışığın təsirli əlaməti kimi çıxış edir.
