Axtar

Pope Leo XIV holds general audience at the Vatican

Papa XIV Leo: Dirilmə həyatımızın hər tərəfini dəyişdirir

Pasxa sirri ilə bağlı katexizisini davam etdirən Papa XIV Leo Məsihin Dirilməsindəki təvazökarlığı haqqında danışıb.

ÜMUMİ AUDİENSİYA

Müqəddəs Peter Meydanı
Çərşənbə, 08 oktyabr 2025

Yubiley 2025 – Katexizis silsiləsi. İsa Məsih bizim Ümidimizdir. 10. Yenidən alovlanma.  “Bizim ürəklərimiz alışıb-yanmırdımı?” (Luka 24, 32).

Əziz bacılar və qardaşlar, sabahınız xeyir!

Bu gün mən sizi Məsihin Dirilməsinin diqqətəlayiq cəhəti: Onun təvazökarlığı haqqında düşünməyə dəvət etmək istərdim. İncilin mətninə müraciət etsək, görəcəyik ki, Dirilmiş Rəbb Öz şagirdlərinin imanını gücləndirmək üçün qeyri-adi heç nə etmir. O, mələklər ordusunun əhatəsində görünmür, heç bir təsir edici şücaət göstərmir və kainatın sirlərini açan təntənəli çıxışlar etmir. Əksinə, O, bir səyyah kimi, çörəkdən pay istəyən bir ac adam kimi xəlvətcə yaxınlaşır (Luka 24, 15. 41).

Məcdəli Məryəm onu ​​bağbanla səhv salır (Yəhya 20,15). Emmaus şagirdləri onun bir qərib olduğuna inanırlar (Luka 24, 18). Peter və digər balıqçılar onun sadəcə yoldan keçən biri olduğunu düşünürlər. (Yəhya 21, 4). Biz xüsusi effektlər, güc əlamətləri, təksibedilməz sübutlar gözləyərdik. Lakin Rəbbin istəyi bu deyil: o, yaxınlıq, adilik, çörəkkəsmə dilinə üstünlük verir.

Bacılar və qardaşlar, burada dəyərli bir mesaj var: Dirilmə  -  teatr tamaşası deyil; o, hər bir insan jestinə məna bəxş edən səssiz bir dəyişimdir. Dirilən İsa şagirdlərinin qarşısında bir tikə balıq yeyir: bu kiçik bir detal deyil; cismimizin, tariximizin, münasibətlərimizin sadəcə atılası bir qabıq olmadığının təsdiqidir. Onlar həyatın dolğunluğu üçün nəzərdə tutulub. Dirilmə yox olub gedəcək ruhlara çevrilmə deyil, Allahla və bacı-qardaşlarımızla daha dərin ünsiyyətə, məhəbbətlə dəyişilmiş insanlığa daxil olmaqdır.

Məsihin Pasxasında hər şey lütf ola bilər. Hətta ən adi şeylər: yemək, iş, gözləmə, ev qayğıları,  dosta dəstək. Dirilmə həyatı zamandan və səylərdən azad etmir, lakin onun mənasını və “dadını” dəyişir. Minnətdarlıq və ünsiyyət naminə edilən hər bir əməl Allahın Padşahlığını sezdirir.

Bununla belə, gündəlik həyatımızda Məsihin varlığını dərk etməyə tez-tez mane olan bir əngəl var: sevincin iztirablardan azad olması fikri . Emmaus şagirdləri çarmıx bilməyən  Məsih üçün başqa bir sonluğa ümid edərək kədərlə addımlayırlar. Onlar məzarın boş olduğu haqda eşitsələr də, gülümsəyə bilmirlər. Lakin İsa onlarla yanaşı addımlayır və səbirlə onlara başa düşməyə kömək edir ki, ağrı vədi pozmur; o,  Allahın Öz məhəbbətinin ölçüsünü aşkar etmək üsuludur (Luka  24, 13-27).

Onların gözləri, İsa ilə süfrə arxasında oturub çörək kəsəndə açılır. Onlar başa düşürlər ki, özləri bilməsələr də,  ürəkləri artıq alışıb-yanırdı (Luka 24, 28-32). Və bu, ən böyük heyrət doğurur: məyusluq və yorğunluğun külünün altında həmişə yenidən alovlanmağını gözləyən canlı bir kömürün közərdiyini kəşf etmək.

Qardaşlar və bacılar, Məsihin dirilməsi bizə öyrədir ki, heç bir həyat hekayəsi o qədər məyusluq və ya günahla səciyyələnə bilməz ki, onda ümidə yer qalmasın. Heç bir  yıxılma son deyil, heç bir gecə əbədi deyil, heç bir yara əbədi olaraq açıq qalmaz. Özümüzü nə qədər uzaq, itmiş və ya layiqsiz hiss etsək də, elə bir məsafə yoxdur ki,  Allahın məhəbbətinin tükənməz gücünü söndürə bilsin.

Bəzən bizə elə qəlir ki, Rəbb bizi yalnız düşüncə və ya ruhani şövq anlarında, özümüzü layiqli hiss etdiyimiz zaman, həyatımızın nizamlı və işıqlı göründüyü zaman ziyarət edir. Əslində,  Dirilmi bizə ən qaranlıq məkanlarımızda da yaxındır: uğursuzluqlarımızda, mürəkkəb münasibətlərimizdə, ağırlığını çiyinlərimizdə daşıdığımız gündəlik mübarizələrdə, bizi ruhdan salan şübhələrdə. Bizim olduğumuz heç bir şey, varlığımızın heç bir parçası Ona yad deyil.

Bu gün dirilmiş Rəbb bizim səyahətimizdə - əmək və sədaqət səyahətimizdə, həm də əzab və tənhalıq səyahətimizdə - hər birimizlə yanaşı addımlayır və sonsuz zərifliklə Ona qəlblərimizi isitməyə icazə verməmizi xahiş edir. O, Özünü bizə zorla qəbul etdirmir; O, dərhal tanınmasını tələb etmir. O, məyusluğu ümid dolu intizara, kədəri minnətdarlığa, təvazökarlığı ümidə çevirməyə qadir olan mehriban Simasını görmək üçün gözlərimizin açılacağı anı səbirlə gözləyir.

Dirilmiş Olan yalnız Öz varlığını aşkar etmək, səyahətimizdə bizim yol yoldaşımız olmaq və Onun həyatının istənilən ölümdən daha güclü olduğuna bizdə inamı alovlandırmaq istəyir. Gəlin Onun təvazökar və gözəgörünməz varlığını qəbul etmək üçün lütf diləyək. Gəlin sınaqsız  bir həyat gözləməyək, lakin hər bir ağrının sevgi ilə dolu olduğu təqdirdə ünsiyyət məkanına çevrilə biləcəyini dərk edək.

Və budur, biz də Emmaus şagirdləri kimi evlərimizə sevinclə alışıb-yanan ürəklərlə qayıdırıq. Yaraları silməyən, lakin onları nurlandıran sadə bir sevinclə. Rəbbin yaşadığına, bizimlə birlikdə getdiyinə və bizə hər an yenidən başlamaq imkanı verdiyinə əminlikdən irəli gələn sevinclə.

08 oktyabr 2025, 22:32

Ən son Audiensiyalar

Həmçinin oxuyun >