Papa XIV Leo: Dirilmiş Məsih həyatın pak, tükənməz mənbəyidir
ÜMUMİ AUDİENSİYA
Müqəddəs Peter Meydanı
Çərşənbə, 15 oktyabr 2025
Əziz bacılar və qardaşlar, sabahınız xeyir!
Yubiley ili katexizislərində biz, bu günə kimi, İncilləri izi ilə gedərək, İsanın mövludundan ölümünə və dirilməsinə qədər olan həyatına nəzər saldıq. Beləliklə, ümid zəvvarlığımız möhkəm bünövrəsini, düzgün yolunu tapdı. İndi isə, səyahətin son mərhələsində, biz Məsihin dirilmə ilə yekunlaşan Sirrinin, müasir bəşəri və tarixi reallığın bütün sualları və çağırışlarına toxunaraq, xilasedici işığını yaymasına baxacağıq.
Həyatımız saysız-hesabsız hadisələrlə, müxtəlif nüanslarla, təəssüratlarla doludur. Bəzən sevinc, bəzən kədər, bəzən məmnunluq, bəzən stress, ruh yüksəkliyi və ya, əksinə, ruh düşkünlüyü hiss edirik. Biz gərgin həyat yaşayırıq, diqqətimizi nəticələrə yönəldirik və hətta yüksək, ali məqsədlərə çatırıq. Və, əksinə, biz təxirə salınmış, etibarsız, gecikmiş və ya heç əldə olunmayan uğur və tanınma gözləyirik. Bir sözlə, vəziyyətimiz paradoksaldır: xoşbəxt olmaq istəyirik, amma heç bir “qaranlıq” olmadan davamlı xoşbəxt olmaq çox çətindir. Biz məhdudiyyətlərimizlə və eyni zamanda, onları aradan qaldırmağın qarşısıalınmaz istəyi ilə barışırıq. Qəlbimizin dərinliklərində daim nəyinsə çatışmadığını hiss edirik.
Əslində, biz əskiklik üçün deyil, dolğunluq üçün yaradılmışıq. Həyatdan və, İsanın Yəhyanın İncilində dediyi kimi, “bol həyatdan” həzz almaq üçün yaradılmışıq (Yəhya 10, 10).
Qəlbimizdəki bu dərin istək öz tam cavabını mövqelərdə, hakimkiyyətdə, var-dövlətdə deyil, insanlığımızın bu əsas impulsuna zəmanət verən birinin olduğuna əminlikdə, bu gözləntinin puça çıxmayacağının dərk edilməsində tapır. Bu əminlik ümidlə üst-üstə düşür. Bu, nikbinlik deyil: nikbinlik çox vaxt bizi aldadır, gözləntilərimizin puç olmasına səbəb olur, ümid isə vəd edir və yerinə yetirir.
Bacılar və qardaşlar, Dirilmiş İsa bu qurtuluşun qarantıdır! O, bizim susuzluğumuzu, Müqəddəs Ruhun qəlbimizdə yaşatdığı dolğunluğa olan sonsuz susuzluğu yatıran bulaqdır. Həqiqətən də, Məsihin dirilməsi sadəcə bəşər tarixinin bir hadisəsi deyil, onu daxildən dəyişdirən bir hadisədir.
Gəlin bir su bulağı haqqında düşünək. Onun xüsusiyyətləri hansılardır? O, susuzluğu yatırır və canlıları təravətləndirir, torpağı suvarır, onsuz barsız olanı bəhrəli və canlı edir. O, yorğun səyahətçini təravətləndirir, ona təravət vahəsinin sevincini bəxş edir. Bulaq təbiətə, heyvanlara və insanlara səxavətli bir hədiyyədir. Su olmadan həyat mümkün deyil.
Dirilmilş İsa heç vaxt qurumayan və dəyişməyən canlı bulaqdır. O, həmişə safdır və susuzları qəbul etməyə hazırdır. Və biz Allahın sirrini daddıqca, doymadan ona daha çox meyllənirik. Müqəddəs Avqustin “Etiraf” əsərinin onuncu kitabında qəlbimizin bu tükənməz həsrətini dəqiq çatdırır və bunu özünün məşhur “Gözəllik himnində” belə ifadə edir: “Sən bir ətir göndərdin, mən içimə çəkdim və Sənə həsrət qaldım. Mən daddım, acdım, susadım. Sən mənə toxundun, mən Sənin sülhün üçün alovlandım”.
İsa Öz dirilməsi ilə bizə daimi bir həyat mənbəyini təmin etdi: O, diridir (Vəhy 1, 18), həyata dəyər verən, ölümün bütün növləri üzərində qələbə çalan Zəfər Sahibidir. Buna görə də O, bu dünyadakı səfərimizdə bizə təravət və güc verir, əbədi həyatda isə bizə kamil sülh vəd edir. Yalnız ölüb dirilmiş İsa qəlbimizin ən dərin suallarına cavab verir: doğrudanmı bizim üçün bir son mənzil var? Varlığımızın bir mənası varmı? Bəs bu qədər günahsız insanların əzabı — bu necə ödənilə bilər?
Dirilmiş İsa bizə “yuxarıdan gələn” bir cavab vermir, əksinə, çox vaxt çətin, ağrılı və sirli olan bu səfərdə bizim yoldaşımız olur. Yalnız O, susuzluğumuz dözülməz hala gələndə, boş qabımıza su tökərək onu doldura bilər.
Və O həm də yolumuzun istiqamətidir. Onun məhəbbəti olmadan həyat səyahəti məqsədsiz bir dolaşmaya, nəticəsiz bir faciəyə çevrilərdi. Biz zəif varlıqlarıq. Səhvlər insan təbiətinin bir hissəsidir; bizi yıxan, təslim etdirən və ümidsizliyə sürükləyən günah yarasıdır. Amma yenidən qalxmaq — ayağa qalxmaq və möhkəm durmaq deməkdir. Dirilmiş Rəbb bizim mənzilə çatacağımıza zəmanət verir, bizi evə — bizi gözləyən, sevən və xilas edən Allaha doğru aparır. Onunla birlikdə yol getmək isə, bütün çətinliklərə baxmayaraq, dayağımızın olduğunu, susuzluğumuzun yatırıldığını hiss etmək, və ağır daşlar kimi həyat tariximizin qarşısını almaq və ya başqa istiqamətə yönəltmək təhlükəsi yaradan çətinliklər və mübarizələrdə təzələnməyi yaşamaq deməkdir.
Əziz dostlar, Məsihin Dirilməsindən o ümid doğur ki, bu ümid bizə həyatın yorğunluğu içində belə dərin və sevinc dolu bir sakitliyin dadını verir: yalnız Onun bizə bəxş etdiyi və sonsuz olan o sülhün dadını.
