Axtar

Il Papa, per vera conversione ecologica serve uno sguardo nuovo

Papa XIV Leo: Biz səsi olmayanların səsi olmalıyıq

Papa XIV Leo imanlılara xatırladır ki, Allah bizi, ehtiyacı olanlara kömək etmək və ətraf mühiti qorumaq üçün səsimizi verməyə çağırır.

ÜMUMİ AUDİENSİYA

Müqəddəs Peter Meydanı
Çərşənbə, 19 noyabr 2025

Yubiley 2025 – Katexizis silsiləsi. İsa Məsih bizim Ümidimizdir. IV. Məsihin Dirilməsi və Müasir Dünyanın Çağırışları 5. Pasxa ruhu və inteqral ekologiya

Əziz qardaşlar və bacılar, sabahınız xeyir və xoş gəlmisiniz!

Bu Ümid Yubileyi ilində biz İsa Məsihin Dirilməsinin müasir dünyanın – yəni bizim dünyamızın – çağırışları ilə əlaqəsini düşünürük. Bəzən Rəbb İsa, Var Olan, bizdən soruşmaq istəyir: “Niyə ağlayırsan? Kimi axtarırsan?”. Həqiqətən də, insan çağırışlarla təkbaşına mübarizə apara bilməz.  Göz yaşlarımız isə, əgər onlar gözlərimizi təmizləyir və baxışımızı azad edirsə -  həyatın bir hədiyyəsinə çevrilir.

Müjdəçi Yəhya, diqqətimizi digər İncillərdə olmayan bir məqama çəkir: boş məzarın yanında ağlarkən, Məcdəlli Məryəm dirilmiş İsanı dərhal tanımadı, onu bağban zənn etdi. Hətta İsanın cümə günü gün batımında dəfnini nəql edən mətn çox dəqiq yazır: “İsanın çarmıxa çəkildiyi yerdə bir bağça, bu bağçanın içində də hələ heç kəsin qoyulmadığı təzə bir qəbir var idi.  Qəbir yaxında olduğuna görə İsanın cəsədini oraya qoydular, çünki o gün Yəhudilərin Hazırlıq günü idi.” (Yəhya 19, 41-42).

Beləcə, Şabatın sükutu və bağın gözəlliyi içində, “dünyada Özünə məxsus olanları həmişə sevmiş və axıra qədər də sevmiş” (Yəhya 13, 1) Oğula xəyanətlə, Onun həbs, tərk, mühakimə edilməsi ilə, Onun alçaldılması və öldürülməsi ilə başlayan qaranlıqla işıq arasındakı dramatik mübarizə tamamlanır. Bağı becərmək və onu qorumaq insanın ilkin vəzifəsidir (Yar 2, 15) və İsa bu işi tamamladı. Onun çarmıxda dediyi son sözlər – “Tamam oldu” (Yəhya 19, 30) – hər birimizi həmin tapşırığı, bizim tapşırığımızı yenidən kəşf etməyə dəvət edir. O, məhz buna görə də, “başını əyib ruhunu tapşırdı” (Yəhya 19, 30).

Əziz qardaşlar və bacılar, Məcdəlli Məryəm o zaman bağbanla qarşılaşdığını düşündükdə tamamilə yanılmamışdı! Çünki o, öz adını bir daha eşitməli idi və öz vəzifəsini yenilənmiş Adamdan anlamalı idi – o Adamdan ki, Yəhyanın başqa bir yazısında belə deyilir: “Budur, Mən hər şeyi yenidən qururam” (Vəhy 21, 5). Papa Fransisk ‘Laudato si’ ensiklikası ilə bizə təfəkkürlü baxışın zəruri olduğunu göstərdi: insan bağın qoruyucusu olmazsa, onun dağıdıcısı olur. Buna görə də bugünkü insanlığın üzləşdiyi çağırışlara xristian ümidinin cavabı, Çarmıxa Çəkilmişin toxum kimi əkildiyi və dirilərək çox bəhrə verdiyi həmin bağda qalmaqla verilir.

Cənnət itirilməyib, o, yenidən tapılıb. Bu şəkildə, İsanın ölümü və dirilməsi inteqral ekoloji mənəviyyatının əsasını təşkil edir; bu mənəviyyat olmadan imanın sözləri reallığa təsir etmir, elmin sözləri isə qəlbə toxunmur. “Ekoloji mədəniyyət çirklənmə, ətraf mühitin dağılması və təbii ehtiyatların tükənməsi kimi aktual problemlərə yalnız təcili və qismən cavablarla məhdudlaşdırıla bilməz. Tam fərqli bir baxış tərzinə, düşüncə tərzinə, siyasətə, tərbiyəyə, həyat tərzinə və birlikdə müqavimət yaradan bir ruhaniyyətə ehtiyac var” (Laudato si’, 111).

Bu səbəbdən biz ekoloji dönüşümdən danışırıq və xristianlar bunu İsanın onlardan istədiyi dönüşdən ayıra bilməzlər. Bunun bir əlaməti həmin Pasxa səhərində Məryəmin arxaya dönməsidir: biz göz yaşları vadisindən yalnız çevrilmədən çevrilməyə keçərək yeni Yerusəlimə çatırıq. Qəlbdə başlayan və ruhani xarakter daşıyan bu keçid tarixi dəyişir, bizi ictimai fəaliyyətə cəlb edir və insanları və varlıqları canavarların tamahından, Qoyun-Çobanın adı və gücü ilə qoruyan həmrəylik yaradır.

Beləcə, Kilsənin oğulları və qızları bu gün milyonlarla gənclə və yaxşı niyyətli insanlarla görüşə bilərlər – o insanlarla ki, yoxsulların və yerin fəryadını eşidiblər və qəlblərinə toxunmasına izin veriblər. Eyni zamanda bir çox insan yaradılışla daha birbaşa münasibət qurmaq istəyir və onları bu gün mövcud olan bölünmələrdən kənara çıxaracaq yeni bir ahəng axtarır. Digər tərəfdən, hələ də “Göylər Allahın əzəmətini bəyan edir, Göy qübbəsi əllərinin işini elan edir. Hər gün ertəsi günə nəql edir, Hər gecə o biri gecəyə bilik verir. Onların nə nitqi, nə də sözləri var, Onların səsləri eşidilmir. Amma avazları bütün dünyaya yayılır” (Zəbur 18, 1-4).

Qoy Ruh bizə səsi olmayanların səsini eşitmək bacarığı versin. O zaman gözlərimizin hələ görmədiyini görəcəyik: o bağı, yəni Cənnəti – hansına ki, yalnız öz tapşırığımızı qəbul edərək və onu yerinə yetirərək çata bilərik.

20 noyabr 2025, 00:22

Ən son Audiensiyalar

Həmçinin oxuyun >